V'ətəninfo.az xəbər verir ki, Ailem.az-ın “Bizim ailə” rubrikasının növbəti qonağı əməkdar artist Gülyanaq Məmmədova olub.. Üç uşaq anası, müəllimə, xanəndə Gülyanaq xanım bu vəzifələrin öhdəsindən necə gəlir? Söhbətə elə buradan başladıq.
- Çətindir, bacılarım olmasa, tək başına heç nəyi çatdıra, öhdəsindən gələ bilmərəm. Kimliyindən asılı olmayaraq, bir qadının üç uşaqla həm ailəyə, həm də sənətə vaxt çatdırması mümkün deyil. Demək olar ki, evdə bütün işlərimə iki bacım kömək edir. Onların da öz ailələri, uşaqları, hətta bir bacımın gəlini, nəvəsi var, amma sağ olsunlar ki, mənə də kömək edirlər. Onlar bizə gəlməsə, mən heç bir yerə gedə bilmərəm. Amma axşamlar bacılarım evlərinə gedəndən sonra üç uşaqla özüm məşğul oluram. Uşaqlarla vaxt keçirmək çox gözəldir, ancaq bu, mənə yaradıcılıqla məşğul olmağa xeyli dərəcədə mane olur. İstəyirəm, axşamlar bir qəzəl seçim, nəsə bir iş görüm, lakin bu mümkün olmur.
Axşam tədbirlər olanda bacılarımdan hansısa bizdə, uşaqların yanında qalır. Başqa günlər isə axşamdan səhərədək uşaqların qayğısını yalnız özüm çəkirəm. Səhərlər tezdən durub, qızımı məktəbə yola salıram.
- Qızınız neçənci sinifdə oxuyur?
- Qızım Səidə 1-ci sinifdə oxuyur. Oğlum Miryaqubun 6 yaşı olacaq. O da bu il məktəbə getməyə hazırlaşır. Balaca oğlumun isə bu ayın 11-də 2 yaşı tamam oldu.
- Həyat yoldaşınız sizə hansı işlərdə yardım edir?
- Onun mənə köməyi daha çoxdur. Mən səhərlər uşağı geyindirib, yedirdib məktəbə hazırlayıram. O isə aparıb məktəbə qoyur. Ümümiyyətlə, həyat yoldaşım hər daim köməyimdə olub. Məni işə, tədbirlərə də özü aparıb gətirir, ev üçün vacib olan bütün işlərinin arxasınca da o gedir. Həyat yoldaşım çox ailəcanlıdır, həm mənim, həm uşaqların qayğısını çəkməyi, vaxt ayırmağı xoşlayır. O da mənim kimi ailəvi istirahətləri, gəzintiləri sevir. Bir xanım olaraq mən də onun qulluğunda durmalıyam. Amma sənətimlə bağlı o, mənim vaxtımın azlığını çox gözəl anlayır və hər zaman məni başa düşür.
- Ailəvi gəzintilərə vaxt ayıra bilirsiniz?
- Hərdən olur. Boş günlərdə harasa dincəlməyə gedirik. Əsasən də yay aylarında. Qızımın məktəb tətilləri zamanı qışda da buna vaxt ayırırıq. Mən bəzi işlərimi təxirə salıram, çünki uşaqların da istirahətinə vaxt ayırmaq, onları sevindirmək lazımdır. Amma desəm ki, onlara yetərincə vaxt ayıra bilirəm, yalan olar.
- Gülyanaq xanım, həyat yoldaşınız nə işlə məşğuldur?
- Yoldaşım hazırda bizneslə məşğuldur. Əvvəllər idmançı olub. Ayağından aldığı zədəyə görə, davam etdirə bilməyib.
- Evin bazarlığını kim edir?
- Mən nə qədər subay idim, ailənin, evin bütün bazarlığını özüm edirdim. Ailə qurandan sonra isə özümü xanım kimi hiss etməyə başlamışam. Gərçəkdən həyat yoldaşı qadının arxa-dayağıdır. Bütün işlərdə yadımçı olmaqla yanaşı, həm də qadının xanımlığını özünə hiss etirir, qədrini-qiymətini bilir.
Bu gün bazar və mağazalarda heç nəyin qiymətindən xəbərim yoxdur. Deyirlər, benzin bahalaşandan sonra bəzi ərzaqların qiyməti qalxıb. Amma, mənim nə nə əvvəlki, nə də indiki qiymətlərdən xəbərim var. Yalnız uşaqlar üçün geyimlər lazım olanda, birgə gedib seçirik. Amma çox vaxt buna da ehtiyac olmur. Çünki, uşaqların geyimlərini ədatən, qaynanam Türkiyədən alıb göndərir.
- Belə çıxır ki, ailə büdcənizi həyat yoldaşınız idarə edir. Bədxərc deyil ki?
- Yox, bədxərc deyil. Bir şey də deyim sizə, biz ailə quranda bir-birimizə söz vermişik ki, heç vaxt yalan danışmayacağıq. O cümlədən maliyyə məsələlərində. Çünki yalan ailənin təməlini məhv edən bir şeydir. Bir-iki yalandan sonra ər-arvad arasında inam itir. Ona görə də gərək doğru-düzgün olasan.
- Yemək bişirirməyə vaxtınız çatırmı?
- Elə vaxtlar olur ki, səhərlər uşaqların və həyat yoldaşımın yeməyini özüm hazırlayıram. Amma elə də olur, səhər televiziya çəkilişləri, yaxud da institutda dərsim olur, o zaman bacılarım köməyimə çatır və səhər yeməyini də onlar hazırlayırlar. Bir-iki dəfə özüm yemək bişirmişəm, qızım deyib, ay ana, sən də yemək bişirə bilirsən? Bacılarım da, mən də uşağa başa salırıq ki, sadəcə vaxt olmadığından bu işləri görə bilmirəm. Hərdən həyat yoldaşım da deyir ki, qoy qızımız səni yemək bişirəndə və qab yuyanda görsün ki, o da bunları öyrənsin. Qızım da öyrənmək istəyir. O da gələcəyin xanımı, anası olacaq, bunları bilməsi vacibdir.
- Danışıqlarınızdan sezilir ki, həyat yoldaşınızı çox sevirsiniz.
- Ailədə sevgi ilə yanaşı, qarşılıqlı anlaşma və hörmət olmalıdır. Ər də öz qadınından sevgi, məhəbbət, qayğı gözləyir. Söz-söhbətsiz ailə yoxdur. Amma hər sözü şişirtmək, evdə səs-küy yaratmaq lazım deyil. Qadın hər şeyi yoluna qoymalı, necə deyərlər, malalamağı bacarmalıdır.
- Sizcə əsl qadın xoşbəxtlyi nədədir? Xoşbəxtsinizmi?
- Sağlam ailəm var, mənə dəyər verən həyat yoldaşım, övladlarım var. Anamın, atamın, bacı-qardaşımın canı salamatdırsa, səsim, görən gözüm, sağlam əl-ayağım varsa, Allahım ruzi-bərəkət veribsə, deməli xoşbəxtəm. Vacib deyil ki, var-dövlətim başımdan aşsın, evlərim, mülklərim olsun. Bu üç otaqlı evim mənə bəsdir. Şad-firavan yaşamağım xoşbəxtliyimdir. Bütün bunlardan sonra necə deyə bilərəm ki, xoşbəxt deyiləm? Bu, naşükürlük olar. Qalanı xırda problemlərdir və hamıda olduğu kimi bizdə də var. Bacılarımın ailəsində də, məndə də. Amma bunlar ötəridir və düzələn işlərdir. Bu çatışmazlıqlar insanın xoşbəxtliyinə mane olmur. Bir qadın kimi mən özümü xoşbəxt sayıram.
- Yəqin, qaynananız da sizin kimi gəlini olduğuna görə özünü şanslı sayır.
- Deyim ki, mən qaynanamın həm qızıyam, həm gəlini. Baldızım yoxdu. Həyat yoldaşımgil iki qardaşdırlar. Qaynım çox təcrübəli rəssamdır. Qaynanam da həkimdir. Mən onlardan çox razıyam. Hərdən tanışlarım mənə deyir ki, adam da qaynanasını bu qədər tərifləyər? Gərçəkdən mənim qaynanam çox sevilməli anadır. Anamı sevirəmsə, qaynanamı da sevməliyəm. Hər dəfə mən Türkiyəyə gedəndə, ya da o bura gələndə, ayrılan vaxt ağlayırıq. Mən o qadını bu qədər sevirəm. O, bu sevgini özü qazanıb.
- Gülyanaq xanım, övladlarınızdan sizin sənətinizi davam etdirən olacaqmı?
- Çox istəyərəm ki, onlardan hansısa yaxşı sənətkar, müğənni olsun. Səsləri olsa, arxalarında durub kömək edərəm. Bu yaxınlarda qızımın səsini yoxlamışam. Hiss etdim ki, musiqi duyumu var. Bir də qızım baletə çox maraq göstərir. Bütün günü evdə balet oynayır, bacardı, bacarmadı. Atasının icazəsi olsa, balet məktəbinə qoya bilərik. Amma gərək ilk növbədə buna həyat yoldaşımın razılığı olsun.
Sənətin pisi yoxdur. Mən bir kənddə böyüyüb, bu sənətimlə hər şeyə nail olmuşamsa, xalqın sevgisini qazanmışamsa, bu sənət nəyə görə pis olmalıdır? Mən səsimlə çörək qazanıram, hara gedirəm hörmət görürəm. Hesab edirəm ki, həyatda düz yol tutan hər kəs istənilən sənətdə uğur qazana bilər.