Ötən həftə dövlət başçısı maraqlı bir sərəncam imzaladı. Həmin sənədə əsasən, indiyə kimi Təhsil Nazirliyinin səlahiyyətlərində olan bir məsələ, bundan sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) öhdəsinə verilir. Yəni, qısaca da olsa deyək ki, bundan sonra orta məktəbləri bitirəcək şəxslərin bilik səviyyəsini, onlara attestatların verilməsi məsələlərinə, imtahanların keçirilməsinə Məleykə xanım Abbaszadənin rəhbərlik etdiyi qurum cavabdehlik daşıyacaq. İndi bu sərəncamdan sonra cəmiyyətimizdə bu haqda müxtəlif fikir və mülahizələr yürüdülür. Bir qrup insanlar bu addımı dəstəkləyir, digər bir qisim insanlar isə hələ tərəddüd içindədirlər. Bu sətirlərin müəllifi kimi isə, mən düşünürəm ki, bu yaxşı addımdır və bundan sonra orta ümumtəhsil məktəblərində keçirilən dərslərin keyfiyyətinə də təsir göstərəcək. İndiyə kimi, isə, acı həqiqət də olsa deməliyik ki, bəzən elə olurdu ki, bütün il boyu heç bir uğuru olmayan hansısa şagird sonda əlinə attestat alırdı ki, guya bu elə yaxşı oxuyan olub ki, adam az qalır bunun bilik və bacarığına heyran qalsın. Halbuki, onunla qonşu partada oturan, həqiqətən də yaxşı oxuyan digər birisinə isə ya attestat verilmirdi, ya da ki, veriləndə isə oradakı qiymətlər reallığı əks etdirmirdi. Deməli, burda, aydın məsələ idi ki, hansı isə sehrli əl, müəyyən maraqlar müqabilində belə özbaşınalığa əl atmışdır. Yəqin ki, söylədiklərimin bizim məmləkətdə qeyri-adi hal olmadığını çoxları yaxşı anlayır. Amma, bu gün sizə nəql etmək istədiyim məsələ isə birbaşa bu sahəyə aid olmasa da, qeydlərimlə tanış olandan sonra özünüz da görəcəksiniz ki, yox, aidiyyatı var, öz də necə lazımdır. Beləliklə, məsələyə hərbçi gözü ilə bir problem ətrafında göz gəzdirmək istəyirəm.
Bildiyiniz kimi, bu həftə Azərbaycanda ali məktəblərə qəbul olmaq istəyənlərin ərizələrinin qeydiyyatına başlanılıb. Dünənin abituriyentləri, bu günün isə tələbələri olmaga hazırlaşan gənclərimiz tezliklə yaxşı bilik əldə etmək üçün apardığı mübarizədə, çəkdikləri əziyyətdə əldə etdikləri nəticələrinin səviyyəsini öyrənəcəklər. Bəri başdan onu da qeyd edim ki, bu ilki imtahanlar da bir qrup gənclər üçün uğurlu, kimlər üçünsə uğursuz olacaq. Həmişə olduğu kimi. Uğur qazanacaq bütün gənc dostlarımızı bəri başdan səmimi qəlbdən təbrik edir, imtahanlarda uğursuzluğa düçar olmuş gənclərimizə isə səbr və dözüm nümayiş etdirməyi arzulayıram. Çünki, Ulu yaradan da bizlərə məsləhət görüb ki, əgər biz hər bir işdə səbr və dəyanət nümayiş etdirsək, sonda onun xeyrini görmüş olarıq. Necə ki, orta məktəbdə qazanılan bilikləri, həmçinin, imtahana hazırlıq dövründə bütün gücünü toplayan səbrli cavanlarımız sonda tələbə adını qazanmış olacaqlar. Ancaq bu ümidverici nəticələr fonunda məni, həyatının 25 ilinə yaxın müddətini hərbçi peşəsinə sərf etmiş bir insan kimi məyus edən xeyli məqamlar da olur. Elə onlar haqqında da sizlərlə bəzi fikirlərimi bölüşmək istərdim.TQDK sədri Məleykə Abbaszadə dəfələrlə ötən illərdə ali məktəblərə keçirilmiş imtahanların nəticələrinə həsr olunmuş mətbuat konfranslarında ardıcıl olaraq bəyan edib ki, ölkənin ali hərbi məktəblərinə qəbul planı tam dolmur. Yəni, sadə dillə desək, bu məktəblərə imtahan verən oğlanlar tələb olunan nəticəni əldə edə bilməyiblər. Məlumat üçün onu da qeyd edim ki, son üç ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Təyyarəçilik və Hərbi Dənizçilik Məktəbinə qəbul ballarının göstəriciləri təqribən 200 bal civarında olmuşdur. Nəzərə alsaq ki, mülki ali məktəblərə keçid balı ayrı-ayrı qruplar üzrə ən azından 250 bal olmuşdusa, onda gələcəyin zabiti olmaq üçün qoyulan şərtlər o qədər də çətin olmamalı idi. Amma, bir qədər əvvəl də qeyd etdiyim kimi, TQDK sədri Məleykə Abbaszadə bu məsələ ətrafında dərin məlumat verməsə də, bu sahəni yaxından izləyən bir şəxs kimi şəxsən mənə bəlli olanı o oldu ki, son 4-5 ildə olduğu kimi, yenə mülki ali məktəblərə daxil ola bilməyən, bu işə qətiyyən nə mənəvi, nə də fiziki cəhətdən hazır olmayan yüzlərlə cavan oğlanlar bu hərbi məktəblərə “can atacaqlar”. Özü də, bu məcburi müdavimliyin, yəni tələbəliyi baş tutmayan cavanlarımızın bir anın içində müdavim, ya da kursant olmalarının ən əsas səbəbi, tam məsuliyyətimlə deyirəm ki, məcburi əsgəri xidmətdən yaxa qurtarmaq üçün valideynlərinin təkidi ilə atdığı addım olub desəm, yanılmaram. Son bir neçə ilin müşahidələri onu deməyə əsas verir ki, bu məcburi zabit olma qərarları bir çox cavan oğlanlar üçün çox böyük problemlər yaradır. Belə ki, onlar ali hərbi məktəblərdə heç bir ay oxumadan və ya ən yaxşı halda bir neçə ay təhsil aldıqdan sonra, zorən, bir çox hallarda valideynlərinin təkidi ilə seçdikləri peşəsindən imtina etməli olurlar. Ondan sonra da, bəzi valideynlər imtahan kampaniyasını enınə-uzununa “yıxıb sürüyürlər”. Ancaq, ədalət naminə onu qeyd edək ki, Ali məktəblərə qəbul kampaniyasının əsas yeniliyi açıq formalı test nümunələrinin tətbiq olunması olur. Qeyd edim ki, TQDK ilk dəfə olaraq ötən il magistratura imtahanlarında açıq testlərdən istifadə etmişdi. Qəbul imtahanlarında Azərbaycan və rus bölməsi üzrə bütün qruplarda riyaziyyat fənnindən 25 sualdan 5-i açıq tipli olur. Bütün açıq və gizli etirazlara baxmayaraq açıq testlərin TQDK-nın atdığı ən uğurlu addımlardan biri hesab etmək olar. Açıq testlər abituriyentləri əzbərçilikdən, birtərəfli düşünmə meyllərindən yayındırmaq üçün düşünülmüş metod idi. Abituriyent cavabda həll variantı üzərində daha geniş düşünməyə məcbur olurdu. Açıq testlər abituriyentlərin məntiqi təfəkkürlərini inkişaf etdirməyə xidmət edən variantlardan biri idi. Dostlarımız sual edə bilərlər ki, bunun zabit peşəsini seçmiş insan üçün önəmi nədən ibarətdir? Təsəvvür edin ki, zabit peşəsini seçmiş şəxs üçün tez bir zamanda düşünüb qərar qəbul etmək necə də vacib amillərdən biridir. Çünki, zabit olan şəxs təkcə özünə deyil, eyni zamanda onun tabeçiliyində olan onlarla-bəzən yüzlərlə, bir neçə min insanın taleyinə cavabdehlik daşımalı olur. Bir anlığa təsəvvür edək ki, vurma ilə çıxmanın neçə aparılmasını düz-əməlli bilməyən bir insan hansı düzgün qərarlar verə bilər? Və onun düşmənlə üz-üzə olduğu zaman xeyli fikirləşməsi neçə-neçə insanın həyatı bahasına baş verə bilər...
Müdafiə Nazirliyi artıq neçənci dəfədir ki, qəbul imtahanlarından sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edir ki, onlar boş qalan yerləri doldurmaq üçün əlavə müsabiqə elan etsinlər. Maraqlı cəhətlərdən biri də odur ki, nə Fövqəladə Hallar Nazirliyinin (FHN), nə Dövlət Sərhəd Xidmətinin (DSX), nə Milli Təhlükəsizlik Nazirliyinin MTN), nə də Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ali və orta ixtisas məktəblərinin qəbul planlarında belə problemlər yaşanmır. Niyə və necəsini xırdalamağa başlasaq, ən azından bir xeyli vaxtınızı buna sərf etməli olacaqsınız. Bu haqda bizim sizlərlə inşallah bir başqa mövzunun söhbəti zamanı fikirlərimizi bölüşəcəyik.
Yəqin ki, tez-tez öz aramızda söylədiyimiz bir fikri nəhayət ki ictimailəşdirməyə böyük ehtiyac bar. Belə ki, dünyanın hər yerində insanlar pul-para ödəyirlər ki, yaxşı bilik, savad yiyəsi olsunlar. Amma, təəssüflər olsun ki, bizdə bunun az qala tam əksini müşahidə edirik. Təki oxumasın deyə, cavanlarımız valideynlərindən aldıqları pulları ona sərf edirlər ki, təki bilik almadan hansısa formal müvəffəqiyyətlərini sənədləşdirsinlər. Bir faktı xatırladım ki, TQDK-nın araşdırmalarına əsasən, 2010-cu ildə abituriyentlərin 38 faizə yaxını qəbul imtahanlarında 100 baldan aşağı nəticə göstərib, başqa sözlə, orta məktəb proqramını mənimsəməyib.(seçdirmə mənimdir-Ü.C) Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin isə 17%-i attestat almağa müvəffəq olmayıb. Qeyri-rəsmi məlumatlara əsasən isə Azərbaycanda abituriyentlərin 70 faizi repetitor yanına gedir.
Deyirlər ki, bir xalqı-milləti bədbəxt etmək istəyirsənsə, onun savadını əlindən almaq yetər. Doğurdan da çox acınacaqlı bir haldır. İlbəil gənclərimizin bilik və bacarıqlarının səviyyəsi aşağı düşməkdə davam edir. Nədənsə övladlarımız daha çox humanitar sahələrə üstünlük verməyə meyilli görünürlər. Elə Vətənin müdafiəsi üçün ən vacib sahələrdən biri olan zabitlik peşəsinin də ildən ilə aşağı düşən nüfuzu də onu deməyə əsas verir ki, həyəcan təbilinin çalınmasının vaxtı çoxdan çatıb. Bu gün buraxılan xırda səhvlər belə, bir neçə ildən sonra özünü daha qabarıq şəkildə göstərməyə başlayacaq. Nə qədər ki, Azərbaycan dövləti müstəqildir, nə qədər ki, xain qüvvələr tərəfindən bizə qarşı torpaq iddiası var, zabitlik peşəsinə hər zaman ehtiyac və tələbat olacaqdır. İndi bəzi məmurlarımız bunun mahiyyətinə bilərəkdənmi, ya da bilməyərəkdən varmırlarsa, bunun əziyyətini bizlər biz müddətdən sonra çox kəskin hiss etməyə başlayacağıq.
Təki sonrakı peşmançılığımız bizləri dərindən üzməsin. Bu məsələ ümummilli məsələ olduğuna görə onun barəsində narahatçılığımızı dilə gətirməyi vacib saydım.
Üzeyir Cəfərov, hərbi jurnalist