Hərbçimizin inanılmaz qəhrəmanlığı
Üç gün öncə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış Anar Məmmədovun səhhəti normaldır.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun cəsur zabitlərindən olan Anar Məmmədovun ağır yaralanması onu tanıyanların təəssüfünə səbəb olub. A.Məmmədov ən məsuliyyətli hərbi vəzifələrin öhdəsindən layiqincə gələn zabit olaraq tanınır.
A.Məmmədovun dostlarının "modern.az”a verdiyi məlumata görə, üç gün öncə əməliyyat-kəşfiyyat zamanı Anar dabanını minanın üstünə basdığı üçün güclü partlayış baş verib. Partlayışın dalğası Anarı bir neçə metr kənara atıb. Bu zaman sol biləyi başqa bir minanın üstünə düşüb və ikinci partlayış baş verib. Partlayışın şoku və sol qolunun üzülməsidən özünü itirməyən cəsur komandir əsgərlərinin başqa minalardan zərər görməməsi üçün onlara tərpənməmək əmri verib. Özünə ilk tibbi yardım edib və cibindən çıxardığı iynələri bədəninin üç yerindən vuraraq, huşunun itməməsi üçün təcili tədbir görüb. Düşdüyü yerdə iki ayağının arasında başqa bir partlamayan mina olduğu üçün özü çətinliklə tərpənib və ordan kənara çəkilib.
Sonra əsgərlərin çiynində digər ağır yaralı əsgərlə birlikdə ərazidən çıxarılıb və operativ tibbi nəzarətə götürülüb.
Sol qolunu itirsə də, Anar Məmmədov bu dəhşətdən sağ-salamat qurtarıb. Dostları, yaxınları onun əhval-ruhiyyəsisinin normal olduğunu deyirlər. "Bir əlim olmasa da, döyüşdən vaz keçmərəm” deyən cəsur zabit əsil döyüşçü olduğunu bu davranışı ilə bir daha sübut edib.