Hafiz Təmirov
Düz 24 il bundan öncə, bax elə təbiətin bu vaxtında, bu vədəsində, qışın qapının ağzını kəsdirdiyi bu gündə bizləri erməni millətçiləri öz dədə-baba torpaqlarımızdan zorla didərgin saldılar. 24 il bundan öncə sınmış bir könül aynasında ötənləri görmək mümkün olmasa da yaxşı ki, köməyə kövrək, üzülüb, amma sınmayan xatirələr gəlir. Yurd itirənlər, yuva qoyub gələnlər nələri xatırlamaz ki...
Ancaq xatirələr selində itməyən, ruhumuzun hər zaman ehtiyac duyduğu bir şey var: Torpaq. Adına keçmiş, tarix dediyimiz yaddaşımız qaldı o torpaqlarda. Bircə ona təsəlli tapırıq ki, torpağın yaddaşı itmir, o, əzəli, əbədi sahiblərini min il də keçsə tanıyır, qoynuna alır, ona sahib çıxacaqları günü gözləyir.
Yarım milyona yaxın soydaşımız pələsəng olub Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdılar. Bu başımıza gətirilən birinci belə hadisə deyildi. Bu gün Kür-Araz ovalığında "Burda Dərələyəzdən, Ağbabadan, İravandan, Zəngibasardan, İlməzlidən, Vedibasardan adını çəkmədiyim tarixi torpaqlarımızdan olan varmı", desəm vətən söyləməkdən dili ağzında kösöv olan ağsaqqallar, ağbirçəklər səsimə-səs verib dərdlərini bayatı şəklində göz yaşlarına bükərlər. Tarixin boğçasında qalmış 1813-dən bu yana millətimizə beləcə zülm etdi "yanlar".
Yurd itirməklə, yursuz qalmaqla yurdda ölmək arasında böyük fərq var. Bəlkə də elə o qaçaqaçda, qovhaqovda dünyasını dəyişənlər içimizin ən xoşbəxti idi. Çünki ölüsü də doğulduğu torpağa qovuşacaqdı...
Bu gün o yurdlarda ruhlar intizardadır. Həsrətdən, kimsəsizlikdən üşüyürlər. Hər adna axşamı (cümə axşamı) paslı bir qıfıla tapşırıb gəldiyimiz ata ocaqlarımıza baş çəkər, bizləri görməyəndə isə küsüb üzü göylərə doğru gedərlər.
24 ildə qoca dünya çox dəyişdi. Dəyişən təkcə gördüklərimiz olmadı. Həm də görmədiklərimiz, bu gün halından xəbər tuta bilmədiyimiz insan şəklində yuxumuza girib imdad diləyən yurd yerlərimizin, tarixi abidələrimizn adı dəyişdirildi, haylaşdırıldı.
...Yarpaqlar ölümü sarı rəngdə əyinlərinə geyinirlər. Biz həsrətlilərin isə ölümünün rəngi belə yoxdur. Amma nə yaxşı ki, həsrətimizə boy verən ağ kəfən var və Vətənsiz, doğulduğu torpağa qovuşmadan ölməyi Allah heç kimə nəsib eləməsin.