1993-cü ilin 3 oktyabrında Azərbaycan Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilərdən 22 il ötür.
4
iyun Gəncə qiyamından sonra Prezident Əbülfəz Elçibəy Bakını tərk
edərək Ordubadın Kələki kəndinə getdi və nəticədə faktiki olaraq
hakimiyyətdən uzaqlaşdı.
Oktyabrın 3-ə təyin olunan prezident
seçkisi Heydər Əliyevin tam üstünlüyü ilə başa çatdı və o, səsvermədə
seçicilərin 98,8% səsini qazandı.
3 oktyabrda keçirilən
seçkilər zamanı Heydər Əliyev ANS kanalında yayımlanan "Dərs”
verilişində Mir Şahin Ağayevə müsahibə vermişdi. O, müsahibəsi zamanı
bir çox maraqlı məqamlara toxunmuşdu:
"Mən heç vaxt vəzifə üçün
mübarizə aparmamışam. Gənc yaşlarımdan işləmişəm və qəflətən çağırıblar
ki, sənə vəzifə veririk. 1952-ci ildə məni KQB-nin əks-kəşfiyyatının
rəisi vəzifəsinə çağırdılar. O vaxt 29 yaşında belə bir vəzifədə oturmaq
dəhşətli şey idi. Həqiqəti demək lazımdır. Onda mənim heç kimim yox
idi. Mən gedib orda-burda, zirzəmilərdə yaşayırdım. Evim də yox idi.
Məni çağırdılar ki, səni əks-kəşfiyyat rəisi qoyacağıq. Mən onlara yox
dedim. Evə gəldim və bütün gecə fikirləşdim. Mən qurdların içində necə
işləyə bilərəm? Lakin məni bu vəzifəyə təyin etdilər. Demək istəyirəm
ki, heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam. İndi də başıma bu iş
gəldi, partiyadan çıxıb Naxçıvana getdim. Çox ədalətsizlik gördüm, hər
şeydən incidim. Kommunist Partiyasına bu qədər xidmət etmişdim, mənə
hörmətsizlik etdilər. Lakin həyat məni bura (Bakıya) gətirdi və onlarla
yenidən rastlaşdım. Mənim onların qarşısında üzüm açıqdır. Çünki heç
birinə pislik etməmişəm. Hamısına kömək eləmişəm, vəzifə vermişəm,
şərait yaratmışam. Birindən bir qəpik pul görməmişəm, götürmək də
istəməmişəm, xasiyyətim buna ziddir. Bunu deyəndə bəzi adamlar
təəccüblənir. Bakıdakı evlərin yarıdan çoxu mənim vaxtımda tikilib,
lakin mənim burada yaşamağa evim yoxdur”.
Heydər Əliyev müsahibə zamanı xatirələrini yazmaq istədiyini də bildirir: "Gərək
ömrüm uzun olsun ki, bu siyasət işindən qurtarandan sonra memuar yaza
bilim. Çünki siyasət həmişə mənim vaxtımı alıb, indi də alır. Mən kənara
çəkilmişdim və artıq Naxçıvanda ilk memuarlarımı yazırdım. Ancaq həyat
və tale memuarlarımı yazmağa qoymadı. Lakin hesab edirəm ki, onlar çox
lazımdır. Mənim üçün yox, Azərbaycan xalqı, tarix və gələcək nəsillər
üçün. Mən 1940-cı ildən Azərbaycan siyasi tarixinin içində olmuşam.
Mənim gördüyüm və müşahidə etdiklərimi heç kəs görməyib. Ona görə də bu
memuarlar lazımdır”.
Heydər Əliyev müsahibə zamanı Azərbaycanda senzuranın olmadığını və həmişə azadlıq tərəfdarı olduğunu deyir:"Azərbaycanda
senzura yoxdur. Kim nə deyir, yayımlayırlar. Mən də bunun tərəfdarıyam.
Çünki həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə daha
da hörmətə minir. Mən senzuranın əleyhinəyəm. Mən azadlıq, hürriyyət
tərəfdarıyam. İnsan bütün sahələrdə azad olmalıdır. İnsan nə qədər azad
olarsa, cəmiyyət o qədər sağlam olar”/axar.az/.