Heydər Əliyev Eldar Həsənovu niyə danlamışdı?
Azərbaycanın Serbiyada səfiri olan Eldar Həsənovla baglı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Miq.az-ın redaksiyasına daxil olan məlumartlarda qeyd olunur ki, hazırda Azərbaycanın Serbiyada səfiri olan Eldar Həsənov texniki təhsilli olsa da, rüşvət və himayə yolu ilə müxtəlif dövrlərdə Azərbaycanda Gəncə şəhər polis idarəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun birinci müavini, baş prokuror və Azərbaycanın Rumıniyadakı səfiri vəzifələrini tutub.
Sənədlər, şahid söhbətləri və mətbuat materiallarına əsasən Eıdar Həsənov həmin vəzifələrdə olduğu vaxt səlahiyyətlərindən sui-istifadə edərək qətl cinayətinin ört-basdır edilməsi, dövlət vəsaitinin mənimsənilməsi, çirkili pulların yuyulması, siyasi partiyalara təzyiq göstərilməsi və digər bu kimi qanunsuz əməllər törətmişdir.
Eldar Həsənovun ittiham olunduğu iddia olunan bir çox cinayət xarakterli hərəkətlər barədə məlumatlar:
1998-ci ildə E.Həsənov müxalifət partiyalarının rəhbərlərini həbs etməklə hədələmişdir.
Azərbaycanın keçmiş dövlət başçısı Heydər Əliyev 2000-ci ilin aprelində prokurorluq orqanları əməkdaşları ilə görüşündə çıxışı zamanı bir gün əvvəl baş prokuror vəzifəsindən azad etdiyi E.Həsənovu prokurorluq sisteminin demokratikləşməsinə müqavimət göstərməkdə və bu orqan daxilində intriqaların, qeyri-sağlam atmosfer yaranmasına səbəb olmaqla yanaşı, faktiki, cinayətdə ittiham etmişdi. Prezident artıq keçmiş baş prokuroru saxta ittihamla həbs edilən bir şəxsin prokurorluq işçiləri tərəfindən döyülərək öldürülməsində ittiham olunan yüksək rütbəli əməkdaşın əməlini vəzifəsindən sui-istifadə yolu ilə ört-basdır etməkdə günahlandırmışdı.
Hazırda Azərbaycan Konstitisiya məhkməsinin hakimi, keçmiş baş prokurorun birinci müavini İsa Nəcəfov Eldar Həsənovu yüksək dövləti cinayətlər törətməkdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın Kəlbəcər rayonunun erməni separatçıları tərəfindən işğal olunmasına səbəbkarlıqda ittiham edib.
Keçmiş MTN əməkdaşı, hazırda Fransada siyasi mühacirətdə olan Ramin Nağıyev "Azadlıq" qəzetinə Eldar Həsənovun vaxtilə Bakı metrosunda partlayış törətmiş separatçı "Sadval" təşkilatının üzvlərinin rüşvət müqbilində həbsdən çıxmalarna şərait yaratdığını bildirib. O, bunun həyata keçirilməsində Eldar Həsənovla qohumluğu olan bir kriminal avtoritetin vasitəçiliyindən istifadə olunduğunu deyib.
Həmin dövrdə mətbuatda verilən digər məlumatda Eldar Həsənovun baş prokuror olduğu vaxtlarda Azərbacanda fəaliyyət göstərən türk firmalarından xərac yığılması üçün reket dəstəsi saxladığı bildirilib.
Azərbaycanın keçmiş daxili işlər naziri Vaqif Novruzov "Yeni Müsavat” qəzetinə müsahibəsində o vaxt daxili işlər nazirinin müavini olan Eldar Həsənovun ondan iş adamlarından rüşvət tələb edərək yuxarılara çatdırmasını istəməsindən sonra həmin vaxt DİN-in iqtisadi cinayətkarlıqla mübarizə idarəsindən istefa verdiyini bildirib.
Hökumətdə yüksək vəzifə tutan şəxsin söhbət zamanı dediyinə görə baş prokuror olduğu vaxtlar Eldar Həsənov uydurma ittihamlarla həbs etdirdiyi adamlara evlərini satdırmağa məcbur edərək istədiyi məbləğdə rüşvəti aldıqdan sonra buraxırmış.
Azərbaycanda yerli jam.az və yenlik.az saytlarında dərc olunmuş məqalədə 1995-ci ildə Eldar Həsənovun bir azərbaycanlı siyasətçi və iş adamından dəyəri milyonlarla dollar olan qiymətli antik əşyaların müsadirə olunmasını əmr verdiyi bildirilir. Daha sonra həmin əşyaların Eldar Həsənovla bağlı şəxslər tərəfindən satılmaq üçün Dubaya apardıqlarının üstü açılır. Məqalədə onların son nəticədə sahibinə qaytarılımadığı da göstərilir.
Azərbaycan hökumətindəki digər bir mənbənin məlumatına əsasən Eldar Həsənov Rumıniyada səfir olduğu vaxtlarda bəzi rumın jurnalistlərinə rüşvət verərək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Buxarestdəki təmsilçiliyi əleyhinə məqalələr yazdırıb. Bildirilir ki, Eldar Həsənov SOCAR-a qarşı fəaliyyəti dostluq əlaqələrində olduğu Rusiyanın LukOil şirkətinin Rumıniyadakı nümayəndəliyinin rəhbəri ilə birlikdə aparıb. Hökumət nümayəndəsi hesab edir ki, E.Həsənovun başqa bir dövlətin qurumu ilə əlaqəyə girərək öz ölkəsinin şirkətinə qarşı çıxmasını təkcə rüşvət müqabilində deyil, yüksək vəzifəli Rusiya rəsmiləri ilə bağlılığına görədir.
Haqqin.az saytının verdiyi məumatlara görə Eldar Həsənovun Rumıniyada fəaliyyət göstərən yerli və moldovan mafiyaları ilə sıx əlaqələri var. Sayt bildirir ki, o, Buxarestdə Azərbaycan səfirliyi üçün bina tikilməsi məqsədilə nəzərdə tutulmuş torpaq sahəsini də şəhərdəki kazino biznesi ilə məşğul olan şəxslərdən birindən alıb. Məlumatlarda həmçinin göstərilir ki, özü də qumar həvəskarı olan Eldar Həsənov səfir kimi imtiyazlarından sui-istifadə edərək hətta Buxarestdə kazino biznesi ilə məşğul olan şəxslərin avtomobillərinə diplomatik nömrələr alınıb verilməsinə kimi gedib. Sayt hesab edir ki, Eldar Həsənov 2013-cü ilin martında Serbiyaya səfir göndərilməsinə nail olmaqla əslində Rumıniyadan qaçıb, çünki həmin vaxtlar onun şübhəli əməlləri artıq üzə çıxmağa başlayıb. Bundan başqa məlumatlarda Eldar Həsənovun öz sürücüsü və səfirliyin katibələrindən istifadə etməklə Azərbaycanın vəzifəli şəxsləri ilə bağlı gizli informasiyalar alması da göstərilir.
Digər xəbər saytları Eldar Həsənovun Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalı ilə bağlılığı haqqında məlumat yaymışlar. Bildirilir ki, məsələnin araşdırılması üçün Vyanada keçirilən məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardıqları göstərilir. Həmin vaxt isə Rumıniyada səfir Eldar Həsənov olub.
Müstəqil jurnalistlərin beynəlxalq şəbəkəsi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin apardığı araşdırmada Eldar Həsənovun Rumıniyada çirkli pulların yuyulması və vergidən yayınmaq məqsədilə yalnız kağız üzərində olan biznes qurumlarının yaradılması və bir çox fırıldaqşı şəxslərin xidmətindən istifadə etməsi ilə məşğul olduğu üzə çıxarılıb.
Araşdırmada göstərilir ki, Eldar Həsənov öz qeyri-qanuni gəlirlərini gizlətmək, həmçinin Rumıniyada mülklər almaq üçün müxtəlif qaranlıq üsullardan istifadə edib. Bundan başqa təşkilatın hesabatında Rumıniya polisinin Eldar Həsənovun təşəbbüsü ilə yaradılmış şirkətin ofisinə qarşı qanunsuz sövdələşmələr və çirkli pulların yuyulması əməllərinin istintaqı məqsədilə reyd keçirdiyi haqda məlumat verilir. Nəticədə Eldar Həsənovun əlaltı kimi istifadə etdiyi Ruslan Vələdov adlı şəxs vergi ödəmələrindən yayınma cəzası olaraq yarım milyon dollar məbləğində cərimə edilib. Eldar Həsənov özü isə polis reydindən düz bir ay əvvəl, 2013-cü ilin martında özünün Azərbaycanın Serbiyada səfiri təyin edilməsinə nail olub. Beləliklə, onun korrupsiya əməllərinin üstü açıldığına görə əslində Rumıniyadan qaçması ilə bağlı haqqin.az saytının iddiasının reallığı artıb.
Son məlumatlara əsasən Eldar Həsənov öz gizli biznes əməliyyatlarının azı bir hissəsini hazırda səfir olduğu Balkan ölkələri – Serbiya, Bosnioya və Herseqovina və Monteneqroya köçürmüşdür. Onun məsələn, Heydər Əliyevin heykəlini ucaltmaq üçün dövlət büdcəsindən ayrılmış vəsaitdən də mənimsədiyi ehtimal olunur. Həmçinin Eldar Həsənovun dövlət büdcəsindən öz şəxsi məqsədlərindən istifadə etməyi asanlaşdırmaq üçün Serbiya, Bosniya və Montenqroda da biznes, qeyri-hökumət təşkilatı və ya fond yaratdığı bildirilir. Başqa bir məlumata əsasən isə onun Monteneqroda restoran işlətdiyi iddia olunur. Eldar Həsənovun Azərbaycan hökumətinin sifarişi ilə fəaliyyət göstərən yerli tikinti şirkətlərinin korrupsiyalaşmış rəsmiləri ilə əməkdaşlıq etməsi də iddialar sırasındadır.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Miq.az