Hitlerin Sudeti Putinin Donbası - “Z” qələbəsi olmaycaq...

Hitlerin Sudeti Putinin Donbası - “Z” qələbəsi olmaycaq...

Albert Eynşteyn deyirdi: "İnsanların özləri müharibədən imtina etmədikcə, heç nə müharibəni dayandıra bilməz”.

Dünən-18 martda Putinin də iştirak etdiyi Moskvanın Lujniki stadionunda Krımın işğal edilməsinin 8-ci ili on minlərlə insanın iştirakı ilə təntənəli şəkildə qeyd edildi. Əslində, Krımın ələ keçirilməsi bəhanə idi. Səkkiz yubiley rəqəmi deyil, amma Rusiyanın Ukraynada apardığı müharibə, onu yubiley təntənəsinə, daha doğrusu təbliğatına çevirdi. Rusiya Ukraynaya hücumunu milli birliyin təntənəsi kimi təqdim etdi. Müharibə başlayanda Rusiya cəmiyyəti içərisində çox zəif eşidilən etirazlar getdikcə artmaq əvəzinə azalır və bu yalnız qorxu amili, həbs olunmaq təlaşı ilə bağlı deyil, bu, Rusiya cəmiyyətinin tarixən imperiya ambisiyalarından doğan və formalaşan, başqa millətlərə aşağılayıcı yanaşma təfəkkürünün təkəbbürlü nümayişidir. Bu cəmiyyətin müharibəni başlayan rəhbəri dəstəkləməsi, onun "indiyədək belə birlik olmamışdır” deməsinə və bundan fərəhlənməsinə gətirib çıxarıb. Bu dəstək, zamanında dövrünün çox inkişaf etmiş alman millətinin Hitlerin arxasınca getməsini xatırladır. Milyonlarla alman əllərini irəli uzadıb füreri salamlayaraq Avropanı işğal etdi.., hər ölkə işğal edildikcə sevindilər, füreri alqışladılar.., sonu məlumdur. 
 
Hitler də eynilə bu günkü Ukraynanın "denatsifikasiyası”, Donbasın "genosidi”nə son qoyma bəhanəsi kimi, Sudet almanlarını xilas etmək üçün Çexoslavakiyaya hücum etmişdi. Hücumdan əvvəl Hitlerin dedikləri:
 
"Çexiya dövləti onları məhv etməyə çalışır. Mən Qərb demokratiyalarının nümayəndələrinə müraciət edirəm: biz Sudet almanlarının vəziyyətindən narahatıq. Əgər bu insanlara ədalət və yardım göstərilməsə, hər ikisini bizdən alacaqlar. Sudetdə almanları qoruyacaq biri var! Mən sülh tərəfdarıyam, lakin bu vəziyyətdə tərəddüd etməyəcəyəm”. Kreml liderinin 22 fevral 2022-ci ildə Ukraynaya Rusiyanın hücumundan əvvəl, hücumdan sonra, müharibə günlərində dedikləri 83 il əvvəl Hitlerin nitqi ilə tam üst-üstə düşür.  
 
Qərbə nifrət edən Putin Lujniki meydanına həmin Qərbin "Loro Piana” brendinin kurtkası ilə çıxmışdı. Ümumiyyətlə, Putinin əynində Rusiya istehsalı heç nə yoxdu. Yalnız başında aqressiv və isterik rus millətçisinin təfəkkürü var. Lujnikidə Putin ətrafında birləşən on minlərlə dəstəkçinin çoxu gənclər və yeniyetmələr idi. Onlar SSRİ-də anadan olmayıblar, amma Qazmanovun " Mən Sovet İttifaqında doğuldum, mən SSRİ-də istehsal olunmuşam” mahnısını xorla oxuyurdular, çünki postsovet torpaqlarını geri qaytarmaq haqqında Putinin qəzəbli nostalji çıxışlarını tez-tez eşidirlər. Onlar hələ ki, dördü general, yeddisi polkovnik olan on mindən çox Rusiya hərbiçinin müharibədə öldüyünü dərk edirlərmi? Üç milyondan yuxarı Ukrayna vətəndaşının Avropanın çöllərində sığınacaq axtardıqlarının səbəbkarının onların alqışladığı rəhbərin olduğunu da bilirlərmi? Ukraynalıların da provaslav slavyanlar olduğunu bilirlərmi?Təəssüf ki, bilir, amma baş verənlərlə qürur duyurlar. Bu, vətənpərvərlik deyil, bu qul təfəkkürünün, aşınmaya məruz qalmış bir toplumun faciəsidir. Görünür, Mixail Lermontov: 
"Əlvida, kirli Rusiya,
Qullar, ağalar ölkəsi, 
Və siz, mavi mundirlilər
Və sən, ona sadiq xalq”,
yazanda faciəni görməyən xalqı uyarmaq istəyib, amma təəssüf ki, öz taleyi də o cəmiyyətdə faciə ilə bitib. Marina Ovsyannikova da zamanının fərdi üsyankarıdır, amma Marinalar milyonlarla çevrilməsə, etiraz etməsə.., Rusiya dövlət və millət olaraq bəşəriyyəti uzun müddət təhdid edib təhlükə ocağı kimi mövcud olacaq. Artıq Solovyovlara, Skobeyevalara Rusiyanın tanınmış incəsənət xadimləri, idmançıları, yazıçıları da qoşulub və "Ukraynada nasizmi” məhv etməyə çağırışlar edirlər. Onlar da bu müharibədə "nasist” ukraynalı körpələrin öldüyünü yaxşı bilirlər. Vaxtilə bu ölkədə milyonlarla insanları Sibirin konslagerlərinə göndərəndə də ziyalı adlandırılanlar "imperializmin agentlərinə ölüm” qışqırırdılar. 37-ci ilin həqiqətləri açıldığı kimi Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin həqiqətləri rus cəmiyyəti üçün də aydın olacaq. Bu gün sosial şəbəkələri, internet kanallarını qadağa edib həqiqəti geniş kütlədən bir müddət gizlədə bilərlər, amma əbədi məxvi saxlamaq mümkün deyil. 
 
Bu təntənəli "Z”  müharibə bayramı qələbə paradı deyildi, çünki qələbə yoxdu, amma Rusiya cəmiyyətinin bütün təbəqələrinin birliyini dünyaya göstərmək istəyirdilər. Bilirlər ki, az da olsa bəzi insanlar bu müharibəyə qarşıdırlar, bəzi yazıçı və şairlər, akademiklər narazıdırlar, ona görə də Lujnikidə səslənən "Puşkin, Qoqol, Dostoyevski də bu gün bizimlə olardı” şüarı əslində narahatçılığın ifadəsi hesab oluna bilər. 
 
Lujnikidən başlanan təntənə Qırmızı meydanda Ukrayna üzərində qələbə paradı ilə yekunlaşacaqmı? Putinin planında 9 may paradı ilə "Zelenski Ukraynası” üzərində qələbə paradını bir gündə keçirmək var. Amma, Putin artıq uduzub, ”A-dan Z-yə” bilirlər ki, "Z” qələbəsi olmaycaq!  
 
İlham İsmayıl
Moderator.az

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az