I Avropa oyunları:Azərbaycan özünü necə təqdim edəcək?

I Avropa oyunları:Azərbaycan özünü necə təqdim edəcək?

Bu oyunları keçirməklə, Azərbaycan özünü həm də müvafiq texniki, mühəndis, kadr, menecment potensialına malik ölkə kimi təqdim edir

Minilliklər ərzində olimpiya oyunları, qitə miqyasında keçirilən idman yarışları xalqlar arasında dialoq, sadə insanlar arasında insani əlaqələrin möhkəmlənməsi, milli mədəniyyətlərin bəşəri dəyərlər müstəvisində çuğlaşmasının ən effektiv vasitələrindən biri kimi nəzərdən keçirilib. Olimpiya oyunları, qitə miqyaslı idman yarışları eyni zamanda ölkələrə, xalqlara nüfuz, hakimiyyət, hegemonluq uğrunda cəbhələrdə deyil,  insanın hansı hünərə qadir olmasını sərgiləmək naminə, idman arenalarında mübarizə aparmağa imkan verir.  Məhz ən ibrətamiz Olimpiya, idman  ənənələrindən biri də bu yarışlar zamanı müharibələrin, hərbi əməliyyatların dayandırılmasıdır. Bu baxımdan, idmanın siyasi məqsədlər üçün istifadə olunmasına kiçicik cəhd belə, onun imicinə, sülh və dinc birgəyaşayış amallarına ağır zərbə vurur. Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək  I Avropa Oyunlarına münasibətdə də məhz yuxarıda qeyd olunan yanaşma prioritet olmalıdır. Ən azı, idman və idmanın hər birimizə, müasir həyatımıza gətirdiyi sevinc, dəyərlər, harmoniyaya görə...

Zamanla yarışan Azərbaycan... Avropa oyunlarının kapitalı

I Avropa Oyunlarının keçirilməsinin təşkili ilə bağlı Azərbaycanın üzərinə necə böyük məsuliyyət götürdüyünü söyləmək artıqdı. Bununla belə, bir neçə məqamın xüsusi vurğulanmasında fayda var. Azərbaycan təşkilatçı tərəf kimi, zamanla yarışdı və çox qısa zaman kəsiyində böyük həcmli işlər gördü. Azərbaycan bununla qitə miqyaslı tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi kimi çox mürəkkəb texniki bacarıqlar, kadr potensialı, koordinasiya tələb edən tədbirləri həyata keçirməyə qadir olacaq səviyyədə potensiala malik olduğunu sərgilədi. Bu işlərin həyata keçirilməsi yalnız maliyyə resurslarının olması ilə şərtlənmir. Bu miqyasda və çox məhdud zaman kəsiyində belə mürəkkəb təşkilatı-texniki işlərin görülməsi müvafiq potensial tələb edir. Azərbaycan, ilk növbədə, bütün dünyaya və Avropaya nümayiş etdirdi ki, belə bir potensiala sahibdir.

Reklam, ölkənin tanıdılması, siyasi dividentləri bir kənara qoysaq belə (bu aspektlər haqqında  bir az sonra), I Avropa Oyunlarının keçirilməsi ilə bağlı əldə edilən bilik, bacarıq və təcrübə, şübhəsiz ki, Azərbaycan üçün misilsiz kapitaldır. Bu kapital,  yerli mütəxəssislərin təcrübə qazanması, meqalayihələrin icrasının zəruri şərti olan beynəlxalq əməkdaşlıq praktikası ölkənin inkişafı  üçün çox mühüm amildir. I Avropa Oyunlarına hazırlıq və onun keçirilməsindən danışarkən, bu məqamları da mütləq nəzərə almaq lazımdır.  Bu oyunları keçirməklə Azərbaycan özünü həm də, müvafiq texniki, mühəndis, kadr, menecment  potensialına malik ölkə kimi təqdim edir.

Irimiqyasli idman yarışlarının keçirilməsinin digər effekti də təşkilatçı ölkənin dünya arenasında mövqeyinin güclənməsidir. Bu cür yarışlara ev sahibliyi etməklə, ölkələr qlobal rəqabət və mübarizənin getdikcə amansız xarakter aldığı dünyada öz brendini yaratmaqla üstün mövqe qazanmağa çalışırlar. Bunun uğurlu nümunələri çoxdur və bu cür yarışların effektini yalnız merkantil yanaşmadan çıxış edərək quru rəqəmlərlə, statistika ilə ölçmək qeyri-mümkündür. Məsələn, ev sahibi kimi Azərbaycan haqqında bütün dünyada ətraflı məlumat verilməsinin, torpaqlarının 20 faizinin  işğal  olunmasının vurğulanmasının xalqımız, tariximiz üçün hansı böyük əhəmiyyətə malik olduğunu necə ölçmək olar? Azərbaycanın Şərq və Qərb dəyərlərini özündə birləşdirən, modern, dünyəvi, çox zəngin mədəniyyət və tarixə malik ölkə kimi tanınmasının dəyərini necə statistikada əks etdirmək olar? Yaxud bu cür statistka yaratmağa cəhd etsək belə, bu, nə dərəcədə bütün mənzərəni dolğun əks etdirməyə imkan verəcək? Rusiyada “Bolşoy Teatr”, yaxud “Puşkin Muzeyi”nin dəyərini necə ölçmək olar? Yaxud bu dəyəri iqtisadi göstəricilərlə izah etməyə çalışsaq, nə dərəcədə obyektiv mənzərə əldə edəcəyik?

Diqqətçəkən idman oyunlarıının dolaysı iqtisadi təsirlərini kəməyyət göstəriciləri baxımından ölçmək də çox çətindir. Bu cür iqtisadi təsirlərdən biri də reklam effektidir. İdman yarışlarının KİV-də geniş işıqlandırılması, istər-istəməz, ev sahibi ölkənin də reklamına çevrilir və reputasiyasını yaxşılaşdırır.

Azərbaycanın idman brendinqi

İrimiqyaslı idman yarışları həmçinin,  ölkənin idman brendinqini yaratmağa imkan verir. İdman brendinqi ölkənin imicinin əsas atributlarından birinə çevrilir və ölkənin qlobal miqyasda tanıtımın ən səmərəli vasitələrindəndir. I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın məhz bu cür idman brendinqini yaradacaq. Azərbaycan uzun müddət idman brendinqinin yaradılması üçün çalışırdı və I Avropa Oyunlarının keçirilməsi  bu səylərin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi  ilə ölkədə və kənarda səslənən tənqidləri də diqqətdən kənarda qoymaq olmaz.  Bu cür qitəmiqyaslı idman yarışlarına hazırlıq, şübhəsiz ki, geniş müzakirələrsiz ötüşmür və müxtəlif fikirlərin səslənməsini təbii qarşılamaq lazımdır.  Obyektiv tənqid və iradlar, əlbəttə ki, ümumi işin xeyrinədir. Lakin ölkə olaraq Azərbaycanın hədəf götürülməsi, xalqımıza qarşı qərəzli və kinayəli münasibət qəbuledilməzdir. Idman yarışlarından danışanlar elə özləri idman prinsiplərini bir kənara qoyaraq, qurşaqdan aşağı zərbə vurmağa,  Azərbaycanı aşağılamağa səy göstərilər.  I Avropa Oyunları kimi qlobal idman yarışları fonunda çox kiçicik olan məqamların xüsusilə qabardılması məhz bu məqsədə xidmət edir. Obyektiv təhlil göstərir ki, I Avropa Oyunlarının çox yüksək səviyyədə keçirilməsinə əngəl olacaq heç bir ciddi hadisə baş verməyib.

Digər tərəfdən, hansı ölkə rəhbərlərinin, liderlərin gəlib-gəlməməsi də bir çoxlarının qabartmaq istədiyi kimi, xüsusi əhəmiyyətə malik deyil. ƏN VACİB, AZƏRBAYCAN ÜÇÜN ƏN ƏHƏMİYYƏTLİSİ I AVROPA OYUNLARININ KEÇİRİLMƏSİ FAKTIDIR. AZƏRBAYCANIN BİR ÖLKƏ OLARAQ BUNU ETMƏK İQTİDARINDA VƏ YETƏRLİ POTENSİALA MALİK OLDUĞUNU BÜTÜN DÜNYAYA SƏRGİLƏMƏSİ BÜTÜN AMİLLƏRDƏN VACİBDİR.

Zaur İbrahimli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az