Sevindirici haldır ki, hər bir sahədə istedadlı uşaqlar öz potensial imkanlarını üzə çıxartmağı bacarırlar. Kimisi həkim, kimisi hakim, kimisi müğənni, kimisi şair olmaq arzusu ilə yaşayır. Böyük tarixə malik Azərbaycan poeziyasına layiqli töhfələr bəxş etmək üçün öz ilhamlarını misralara köçürərək poetik bir duyumda oxuculara çatdırmaq üçün şeirlər yazırlar. Yasamal rayonu Paşa Nəzərov adına 60 saylı tam orta məktəbin 7-i sinif şagirdi Həzrət Anar oğlu Baxşiyev poeziya vurğunudur. Nizami Gəncəvi, Füzuli, Natəvan, müasirlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Süleyman Rüstəm, Fikrət Qoca və s. şairlərin qələm məhsullarını sevə-sevə izləyən Həzrət özünə ideal saydığı şairlərin şeirlərindən bəhrələnərək silsilə şeirlər yazaraq öz oxucularına təqdim etmək qərarına gəlib. Məktəbli olsa da, geniş dünya görüşünə malikdir. Müxtəlif mövzulara müraciət edərək gördüklərini sətirlərin yaddaşına köçürüb.
Ey bu tarix, dərin tarix
Sirlərlə dolu tarix...
Anlamaq olmur nə demək istəyir
Bölünən, sirli tarix...
Hər daşın altında
Gizli bir tarix...
Hər qəlbin odunda
Qələbə əzmi...
Əsgərlər döyüşdə,
Hər gün səngərdə
Güçlənir ordumuz,
Sərhədlərimiz
Zəfər eşqiylə...
Qələbə çalacaq,
Bayram edəcək
Vətən sevgisiylə,
Vətən eşqiylə...
Ey bu tarix,
ulu tarix
Sirlərlə dolu tarix...
Əsasən sərbəst vəznə üstünlük verən Həzrət yəqin ki, gələcəkdə heca vəzninə də müraciər edəcək. Onun qələmə aldığı şeirləri, sətirləri professional bir şəkildə analiz etmək fikrində deyilik. Sadəcə olaraq ona stimul vermək, bacarığını üzə çıxartmaq üçün imkan yaratdıq. İnanırıq ki, gənc qələm sahibi öz üzərində daha çox işləyəcək, mütaliə edəcək və daha dolğun şeirləri ilə özünü və ilhamından doğan şeirləri ilə oxucu kütləsi qazanacaq.
Vətəninfo.az