İlham Əliyev Dubayda səfərdədir

İlham Əliyev Dubayda səfərdədir

Miq.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib.

Prezident İlham Əliyev Dubaydakı məşhur "Bürc-Xəlifə" binası ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, dünyanın ən böyük göydələni olan "Bürc-Xəlifə"nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər "Bürc-Dubay" adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da "Bürc-Xəlifə" dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan "Bürc-Xəlifə"nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. "Bürc-Xəlifə"nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq "Bürc-Xəlifə" üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. "Bürc-Xəlifə" öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az