İlham Əliyevdən dünyaya - QARABAĞ MESAJI
Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məqamlara toxunub.
"Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”
Dövlət başçısının sözlərinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür.
İlham Əliyev bildirib ki, Dağlıq Qarabaq əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür.
"Bundan artıq kompromisə gedə bilmərik”
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.
"Con Kerrinin son açıqlaması diplomatik insidentdir”
İlham Əliyevin sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir.
"Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”, - Azərbaycan prezidenti söyləyib.
Azərbaycan Prezidenti Rusiya silahının ən ciddi alıcılarından biri olduğunu bildirib.Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.
Prezident qeyd edib ki, Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz. "Biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.
Prezident ən böyük güzəşti dilə gətirdi - Qarabağ ismarışı
Cənubi Qafqazda davamlı müharibə Rusiyanın da maraqlarına cavab vermir.
Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Ekspert Prezident İlham Əliyevin Rusiyanın "Sputnik” agentliyinə müsahibəsini şərh edib:
"Dövlət başçısı bildirdi ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”. Bu, rəsmi Bakının böyük güzəştidir. Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət” ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: "Muxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və s. atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, "muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. "Muxtar Respublika” ilə bağlı konkret sənəd, yəni təkliflər paketi hazırlanmalı və müzakirə üçün həmsədrlərə təqdim edilməlidir”.
Politoloq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəflərini də açıqlayıb:
"Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın da maraqlarına cavab vermir”.
Qeyd edək ki, prezident İlham Əliyev dünən "Sputnik”ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkünlüyünü dilə gətirib və bunun muxtar respublika formasında ola biləcəyini açıqlayıb.
Miq.az