
Daha sonra Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlərə toxunan L.Şirinyan tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya-Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb: "Bu, Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gerçəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, qondarma DQR-in ”rəhbəri” Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi deməkdir”.
Erməni politoloq Ermənistanda ictimai-siyasi vəziyyətdən də söz açıb: "Ermənistanda elə bir vəziyyət yaranıb ki, guya parlament və baş nazirlik sistemi qurulub. Əslində isə Serj Sərkisyan hakimiyyətini yenidən qurub, sahmana salır. Parlament hakimiyyəti qurulsa da, parlamentin hakimiyyətindən yox, ancaq baş nazirin hakimiyyətindən danışırlar”.
*****
Düşmən ölkənin politoloqunun Qarabağ məsələsində Türkiyə amilini vurğulaması boşuna deyil. Ən azı, ona görə ki, qardaş ölkənin rəsmiləri dəfələrlə "Qarabağ problemi – bizim problemimizdir” bəyanatını veriblər. İşğalçı ölkə ilə sərhədləri bu gün də bağlı saxlayan qardaş ölkə əməldə də öz sözünü daim tutub və tutur. İki qardaş ölkə arasında hərbi sahədə ildən-ilə genişlənən əməkdaşlıq, vaxtaşırı keçirilən birgə təlimlər buna parlaq sübutdur. Bu da Azərbaycandan ötrü nə qədər mühüm, xoş bir gerçəklikdisə, düşməndən ötrü bir o qədər ağır və üzücü reallıqdır – üstəlik, Ankara-Moskva əlaqələrinin inkişaf eləməsi fonunda.
"Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda keçirilən IV Qlobal Forum çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşdə söyləyib. "Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, – deyə o qeyd edib.

Buna şübhə eləmirik. Söhbət həm də Türkiyənin ölkəmizə hərbi və hərbi-texniki dəstəyi ilə yanaşı, siyasi-təbliğati və lobbi dəstəyindən gedir.
Forumdakı çıxışında isə baş nazir bir daha Dağlıq Qarabağ ixtilafına toxunaraq bildirib ki, məsələyə yanaşmada ikili standartlara son qoyulmalıdır. Binəli Yıdldırım deyib: "Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.
*****
Qardaş ölkə baş nazirinin bu açıqlaması Azərbaycan üçün olduqca mühümdür və bir daha işğalçı Ermənistana aydın bir mesajdır ki, Qarabağ məsələsində konstruktiv mövqe tutmayınca, Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddialarından və millitarist siyasətdən əl götürməyincə, nə ona qarşı tətbiq olunan blokada rejimi götürüləcək, nə də Ermənistan bundan sonra hansısa iri regional layihəyə qoşula biləcək. Demək, təcavüzkar ölkənin və onun olan-qalan əhalisinin durumu bundan da ağır olacaq.

Bu, əlbəttə ki, bizim problem deyil. Düşmən ölkənin, işğalçı tərəfin problemi, onun seçimidir. Eyni zamanda hərb, yoxsa sülh dilemmasının bütün ciddiliyi ilə İrəvanın önündə qoyulması deməkdir. Erməni xalqı indiki kriminal rəhbərliyinə dözüm göstərib müharibə variantını seçəcəksə, onu da alacaq. Əksi, yəni sülh yolu isə həmişə açıqdır...