"Çinar qələm olsa, Xəzər mürəkkəb..." və yaxud ANI ÖMRƏ BƏRABƏR...
Aydın Canıyev
İlk yazını İlqar müəllimdən Vaqif Çəbrayılzadənin bir misrası ilə başlayaraq yazmışam: "Ədalət" qəzetində. Özü də İlqar Musa oğlu Həsənovdan yazmağa cəsarət ona görə yaranıb ki, hər il onun ad günündə ölkənin ən böyük lağlağıçısı sağ olmuş Ustad Məmməd Nazimoğlu yazırdı və... artıq hamının sevimlisi Məmməd bəy yaza bilmirdi - Jurnalistika(mız)dan, Söz(ümüz)dən, Dostluqdan, Dünya(mız)dan ayrılmışdı! Sadəcə... belə deyirəm: bizdən ayrıydı, bizdən xəbərsiz idi! Və... İlqar Musayeviç yeganə adam, dost, həmkar, dövlət qulluqçusu, ictimai-siyasi... persona idi ki, Məmməd Nazimoğlu təkcə ondan yazanda ciddi yazırdı! Çünki həyatda və həyatla ən gözəl zarafatları edən İlqar Musayeviç həyatda və həyatla həmişə ciddi olub! Çünki məhz İlqar Musayeviçdən eşitmişəm: "hər kəsi ömründə bir gözəl an yaşadır". Əziz şairimiz Vaqif Cəbrayılzadəni nə qədər diqqətlə oxusam da, sevsəm də, onunla görüşlərim, müsahibəm olsa da, hətta özü məndən razı qaldığını bildirsə də, Göylərin Yaşıl Köynəkli Oğlunun - bizim ruh şairimizin bu fikrini-poemasını tutmamışdım! Anladım ki, həyatın hər anını yaşamaqla yaşayan, bu qədər hər anı qiymətləndirib hər an üçün narahat olan gözəl insandan hər an yazmaq lazımdı: Çingiz Aytmatov İlqar Musayeviçi tanısaydı, ömrünü "An var əsrə bərabər" romanını yazmağa həsr edərdi - bizim talantımız çatmır Çingiz Aytmatov olmağa, odu ildə bir dəfə yazırıq bu ANI ÖMRƏ BƏRABƏR OĞULdan!
Çox az adamlar, hekayələr, şeirlər və başqa nəsnələr var ki, bir görüşüm, bir dəfə oxumağım, bir dəfə baxmağım bəs edib son nəfəsimə qədər ürəyimin içinin içində saxlayım, yaddaşım pozulsa belə, klişe kimi gözümün önündə olsun.
O misralardan biri də budu: "Çinar qələm olsa, Xəzər mürəkkəb..." - daha bir sevimli şairimiz İslam Türkayın şeiridir. 1985-ci ildə imzasıyla Türkə, Türklüyə sevdasına görə tanıdığım Bütöv Vətən Yanğılısının.
Hə, yaddaşıma əbədi həkk olan bu misranın İlqar Musayeviçə nə dəxli soruşmaq haqqınıza qısa və net cavab verirəm: birbaşa! - İlqar Musayevçdən yazmağa bəs eləməz Çinarın qələmliyi, Xəzərin mürəkkəbliyi!
İlqar müəllimin bu dəfə:
- xeyirxahlıqlarından;
- jurnalist kimi sənətkarlığından;
- dövlət qulluqçusu kimi el məhəbbəti qazanmasından;
- sinif, tələbə, iş yoldaşlarına, qohum-qardaşa diqqətindən, həssaslığından;
- özünün 15 cümləlik povestindən, ədəbi mühitin hər bir imzasına bələdliyindən, Azərbaycan, SSRİ xalqları və dünya ədəbiyyatına vaqifliyindən;
- üzdə olan hər kəs və ümumilikdə respublikada məşhur olan istənilən persona haqqında müfəssəl bilgilərə malikliyindən;
- ölkənin bütün rayonlarında olan ağsaqqalları tanımasından və onların ona rəğbəti olmasından;
- dövlət idarələrində və seçkili orqanlarda təmsil olunanların yanında nüfuzlu olmasından
yazmayacam!
Mən heç onu da deməyəcəm ki, İlqar Musayeviç çox az tanıdığım kişilərdəndi ki, cavanlığında cavan olduğuna, tələbə olanda tələbəliyinə, jurnalist olanda jurnalistliyinə, oğul-qardaş-ata olanda oğul-qardaş-ata olmağına gərəkən önəmi verib, cəmiyyət qarşısına ləyaqətlə çıxıb, cəmiyyət onun simasında bu statusların dəyərini, anlamını başa düşüb!
Bilirsiniz, demək istədiyim nədi? Adam 60-ı haqlayıb, 59-una "tamam" deyib. Bir nəfər görmədim ki, İlqar Musayeviçdən giley etsin, ondan incisin! Səmimi deyirəm: el arasında ayrı cür ifadəsi var, amma mən belə formasını səsləndirirəm ki, sanki məndə şeytan tükü var. Elə bir dost yoxdu ki, elə bir yazı qəhrəmanı yoxdu ki, ondan yazı yazım bəh-bəhlə, tanıyan da, tanımayan da xəlvətdə, daldeydə "çox ilginc bilgi"sini mənə eşitdirməsin! İsitsna yalnız İlqar Musayeviçdir! Azərbaycanda yaşayasan, çoxlu dostların ola, üstəlik də ədəbi mühitə və mediaya bağlı olasan, səni dəmbədəm təqdir edələr, bir kimsə çıxıb dodaq büzməyə!? Allah, Allah! Mümkünmü bu, yahu? Olsun və deməsinlər? Əsla və qətiyyən!
Bax, yaşam budu. Ki... onu da İlqar Musayeviç sərgiləyib! Sərasər 50 il! Niyə 50 il? Çünki İlqar Musayeviç həyata elə 9-10 yaşından atılıb, dolayısıyla jurnalistikaya! Və... mənə indi çatır rəhmətlik Məmməd Nazimoğlunun hər il bir dəfə İlqar Musayeviçdən yazmağı!
İlqar Musayeviç yeyib-içmək, xeyir-şər məclislərinin, yaxşılıqların və yardımların, yazıların və şeirlərin xatirəsi deyil, həyatın yaddaşıdır - kimliyindən asılı olmayaraq, həyatında olduqlarının yaddaşına çevrilib!
İlqar Musayeviç istənilən halda, hamımızda və həyatda böyüklü-kiçikli müqəddəs nə varsa, onun nüvəsini təşkil edən ən sağlam özəyidir - yaxşını təbliğ edir, tanıdır, pisə qarşı çıxır, qabağını alır, aradan qaldırır, pozitiv olanı göstərir, neqativdən yayındırır və... inanın, bəxş etdiyi xoşbəxt anların üstündə yaşayır, zövq alır!
İlqar Musayeviçə portret, hekayə, şeir də həsr olunub və deyim ki, bunu hamı özünün borcu bilib, ən azından ona görə ki, hamının həyatında görüb-gördüyü elə bircə İlqar Musayeviçdir!
İkincisini də görsəydilər, əlbəttə ki, yazardılar - sevinərdilər ki, dünyamızın daha bir İlqar Musayeviçi var!
Hamıya qardaş İlqar Musayeviç haqqında da demək olar: ondan yaxşı qardaş yox idi, yoxdur, amma... ola bilər! O da İlqar Musayeviçin oğludur: hal-hazırda Azərbaycan əsgəri olan oğlu!
Bax, bu yazı mənim İlqar Musayeviçin ad gününə yazdığım yox, Azərbaycan əsgərinə hədiyyəmdir!
Sözarası deyim ki, 30 il əvvəlki əsgərlik yoldaşlarımı tapıb topalamışam - İlqar Musayeviçin də müstəsna yardımı olub. İnandırım sizi ki, əziz dostumuzun, həmkarımızın oğlunu da 30 il sonra xidmət yoldaşları axtaracaq: verən Allah elə verib, böyüdən kişi elə böyüdüb!
Əslində, 50 il Azərbaycan üçün əsgərlik edən İlqar Musayeviçin öz oğlunu hərbi xidmətdən yayındırmaq, səhv etmirəmsə də tək oğlunu, çox asan bir məsələ - İlqar Musayeviçin malik olduğu imkanlarla nə çətin imiş ki, oğlunu əsgər göndərməmək!?
Bax, həm də belə bir özəlliyi var İlqar Musayeviçin: özü şəkər xəstəsi, tək oğul və 60 yaşın qənşərində! İlqar Musayeviçin oğlunun əsgər olması bilirsinizmi nə qədər əsgərin xoşbəxt olması deməkdi? Özünün olmayan oğullarına yardımçı olmaq üçün Murovacan gedib çıxan İlqar Musayeviçə bu gün etiraf borcumuz var: Azərbaycan Ordusuna ehtiramın üçün, Azərbaycan Ordusuna nümayiş etdirdiyin şərəf hissi üçün, Azərbaycan əsgərinə sevgin, rəğbətin üçün minnətdarıq! Tanıdığım bu illər ərzində hər bir Azərbaycan əsgəri üçün öz doğma balası qədər narahatlığına şahid olduğum İlqar Musayeviçin ürəyimdəki statusu, rütbəsi, ranqı bir boy da artdı: Əsgər Atası!
Bu... əlahiddə və alayı xoşbəxtlikdi!
60 yaşına bundan gözəl hədiyyəni heç kim edə bilməzdi! İlahidən olan hədiyyən mübarək olsun, İlqar Musayeviç!
Hər bir insanın həyatda qazana biləcəyi çox şeylər var, amma İlahinin də bəxş etdiyi mükafatlar olur!
Bizim üçün İlqar Musa oğlu Həsənov İlahi mükafatdı!
Arzulayaq ki, bu mərhəməti İlahi İlqar Musayeviçdən də əskik etməsin, necə ki, indiyə qədər etməyib!
Miq.Az