ANS televiziyasının efirində yayımlanan “İncə maraqlar” verilişi geniş tamaşaçı rəğbəti qazanıb. Verilişin aparıcısı peşəkarlığı ilə seçilən Elnarə Təhməzova verilişi özünəməxsus tərzdə aparır. Aparıcıda müsbət cəhət ondan ibarətdir ki, o, heç bir aparıcını təkrarlamır. Aparıcı olaraq öz üslubu, dəsti-xətti var. Tanınmış rejissor, ziyalılığı və şəxsiyyəti ilə seçilən Azər Əhmədzadənin aparıcı haqqında söylədiyi bir fikir məni çox düşündürdü: “Elnarə xanım efirə yaraşan, efirin ehtiyacı olan, dəbdə və tələbdə olan teleaparıcıdı. Özünə və xarici görkəminə həmişə fikir verib. Efir mədəniyyətini qoruyub saxlayan, ona riayət edən teleaparıcıdı. Elnarə xanıma tamaşaçı həmişə baxır və onu efirdə görmək istəyir. Bu, hər aparıcıya nəsib olmur. Elnarə xanım məhz belə aparıcılardandır”.
Onu da qeyd edək ki, Azərbaycan teleməkanında Elnarə xanımın püxtələşməsində rejissor Azər Əhmədzadənin xidmətləri böyükdür. Onun bir aparıcı kimi kəşfində rejissorun xidmətləri danılmazdır.
“İncə maraqlar” verilişində qoyulan mövzular, qaldırılan problemlər öz aktuallığı ilə seçilir. Verilişdə müzakirə olunan mövzular əhatə dairəsinə görə zəngindir. Həmin zənginliyə peşəkar aparıcı öz təcrübəsini qataraq onu daha da zənginləşdirir. Mənən zəngin olan aparıcı çalışır ki, efirdə idarə etdiyi veriliş də zəngin olsun. Sonda teleaparıcı peşəkarcasına istədiyinə nail olur. “İncə maraqlar” verilişində mövzularla bərabər dəbə də yer ayrılır. Maraqlı podiumlar, yeni dəbdə olan geyimlər, saç düzümləri nümayiş etdirilir. Xanımlar və bəylər bu veriliş vasitəsilə öz gözəlliklərinə rəng qata bilirlər. Elnarə xanım hər verilişində çalışır ki, tamaşaçı auditoriyasını maraqlandıran bütün mövzuları işıqlandıra bilsin. Bundan əlavə, teleaparıcı çox mütaliə etdiyindən, geniş söz ehtiyatına malikdir və söz qarşısında aciz qalmır. Efirdə Azərbaycan əbədi dilinin normalarına riayət edir, rus söz və ifadələrindən istifadə etmir. Milli-mənəvi dəyərlərimizə yüksək qiymət verir, tamaşaçının sevdiyi sənət adamlarını verilişinə dəvət edir. Ən əsası odur ki, aparıcı tamaşaçını yormur, tamaşaçı intizarla öz sevdiyi televiziya aparıcısını hər şənbə ANS-in efirində səbirsizliklə gözləyir. Müntəzəm olaraq saç düzümündə dəyişiklik edən aparıcı demokratik düşüncəli bir xanımdır, həyata baxışı müasirdir. Ona görə də müasir geyimlərlə efirə çıxır, tamaşaçıya xüsusi zövq verir.
Biz də Elnarə xanıma uğurlar arzulayırıq. Həmişə səsiniz obyektiv, qərəzsiz ANS-in efirindən gəlsin. Siz efirə, efir sizə yaraşır. Efirimiz Sizsiz olmasın.
Alim Nəbioğlu
Tofiq Azər oğlu Əhmədov
Vətəninfo.az