Mayın 29-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Polisə Dəstək İB-yi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizə” mövzusuna dair seminar-mühazirə keçirib. Seminarda institutun tələbə heyəti iştirak edib.
Seminarı giriş sozü ilə AMİ-nin tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov açaraq seminar iştirakçılarını salamlayıb və sözü “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevə verib. Ş.Əliyev çıxışında bilidirib ki. Azərbaycan Respublikasında İnsan Alveri ilə Milli Fəaliyyət Planının tələbləri çərçivəsində DİN-in Baş İnsan Alverinə qarşı Mübarizə İdarəsi, Nazirlər Kabinetinə daxil olan qurumların, QHT-lərin, beynəlxalq təşkilatların və digər orqanların iştirakı ilə həyata keçirilən seminarlarda bu orqanlar arasında sıx əlaqənin olması insan alveri ilə əlaqədar daxil olan məlumatların realizə olunmasına şərait yaradır.
Savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir. Zənnimcə belə faktorları cəmiyyətin sosial faciəsi kimi də qəbul etmək olar.
Əfqanıstan talibanları və Pakistandakı savadsız destruktiv qüvvələr, İŞİD məhz səviyyələrinə görə asan idarə olunur, ələ alınır və törədilən transmilli cinayətlər beynəlxalq aləmdə sülh üşün təhlükə yaradır. Bu baxımdan maarifləndirmə işi, təhsil səviyyəsi ilə sıx bağlı olduğundan tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmalıdır.
İnsan alverində qırmızı xətt kimi keçən qul əməyindən istifadə əsasən ağır bədən xəsarətləri, döymə, azadlığın məhdudlaşdırılması, hədələr, rişxənd, lağa qoyma və təhqirlə müşayət edilir.
Qurbanlarla səriştəli ekspertlərin, hüquq-mühafizə orqanları və digər dövlət təşkilatlarının, QHT-lərin və KİV əməkdaşlarının birgə müsahibələrin aparılması daha çox səmərə verə bilər.
İnsan alverinə təsir edən səbəblərdən biri də işsizlikdir. Gənclərin təxminən 65%-i yüksək əmək haqqı olan işlərə getməyə üstünlük verirlər. Bu mənada yeniyetmələrin əksər qrupu təklif edilən “yüksək əmək haqqı” vədini fikirləşmədən qəbul edir və belə şəxslərin qeyri-nikbin ovqatla yaşaması, gələcəyə və özünə inanmaması köləliyə məruz qalmağa imkan yaradır.
Azərbaycanda isə işsizlərin sayı 5% təşkil edir. Regionların sosial- iqtisadi inkişafı üzrə dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində işsizliyin səviyyəsi hər il aşağı düşür. 100 mindən çox iş yerləri açılmış, onun 80 mini daimi iş yerləridir.
Bütün bunlar Azərbaycanda insan alveri ilə bağlı riskli formaların aradan qaldırılmasına imkan verir.
İnsan alveri cinayətlərində qadın qurbanlarının olması narahatlıq doğursa da, son dövrlərin müqayisəli təhlili statistik rəqəmlərdə azalma ilə müşahidə edilir.
İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.
Ona görə də, həm əhali və onun riskli təbəqəsi, həm də miqrantlarla maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ictimaiyyət üçün faydalı olar.
Nəticədə ölkədə insan alverinin vahiməsinə məruz qala biləcək qurbanlar – vətəndaşlar və ictimaiyyət faydalanacaqlar.
Mətbuat və informasiya şöbəsi