İsrail-Fələstin müharibəsi Azərbaycana necə təsir edir? - Bu məhsul 5 faiz bahalaşdı - AÇIQLAMA
"Təbii ki, dünyanın istənilən bölgəsindəki gərginliyin Yaxın Şərqdə də gərginlik ocağının genişlənməsinə müəyyən təsirləri olur və bu, artıq baş verir. Nə qədər qəribə səslənsə də, hələlik İsrail-Fələstin arasındakı gərginlikdən Azərbaycan udur. Belə ki, gərginlik fonunda neftin qiyməti, təxminən, 5% qalxıb, çünki baş verən münaqişə və onun yayılma arealı neftlə zəngin olan ölkədir. İsraillə Fələstin arasında münaqişə ocağı genişlənərsə və bu, daha böyük toqquşmalara səbəb olarsa, Azərbaycanda neftin qiymətində növbəti artımlar mümkündür. Bu nöqteyi-nəzərdən, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin artması və Azərbaycana daxil olan valyutanın həcminin də artması gözləniləndir. İsrail-Fələstin münaqişəsinin Azərbaycana bu tərəfdən müsbət təsirləri var”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, İsrail-Fələstin müharibəsi digər region ölkələrinə də təsirsiz ötüşmür: "İsraillə Fələstin arasındakı münaqişə getdikcə dərinləşsə, ərəb dövlətləri, ümumilikdə müsəlman dünyası ilə İsrail arasında gərginliyin artması və münaqişənin başqa bölgələrə sıçraması ehtimalları güclənəcək. Bu isə region ölkələrinə heç də xoş təsir göstərməyəcək. Onların logistikası zəifləyə, yük dövriyyəsi azala, təhlükələr arta bilər. Bir sözlə, İsrail-Fələstin müharibəsinin region ölkələrinə mənfi təsirləri getdikcə artacaq”.