“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general

“Lazım gəlsə, Paşinyanı güllələyərəm!..”- Erməni general
"Azərbaycan dövləti və ordusu belə məqamlardan yararlanmaqla Ermənistan ordusunu çox da çətinlik çəkmədən diz üstə çökdürərək torpaqlarımızı işğaldan azad edə bilər...”

Xəbər verildiyi kimi,  bu gündlərdə Ermənistan Müdafiə Nazirliyində istefalar olub. Baş nazir Nikol Paşinyanın təklifi ilə hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan, həmçinin, mənəvi-psixoloji təminat idarəsinin rəisi Aleksan Aleksanyan istefaya göndəriliblər. İstefaların Ermənistan ordusunda ilin əvvəlindən qeydə alınan 13 ölüm faktı ilə bağlı olduğu bildirilib.

Mütəmadi olaraq erməni dilində Ermənistan mediasını və telekanallarını izləyən sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşına açıqlamasında bəhs edilən istefaların digər köklü səbəblərinin də olduğunu dilə gətirib.

"Ermənistan ordusunda müəmmalı əsgər ölümlərindən savayı özbaşınalıq, talançılıq, çoxtirəlik də baş alıb gedir. Generallar və zabitlər arasında hələ də keçmiş prezidentlər Robeert Köçəryan və Serjik Sərkisyana sadiq qüvvələr var. Fevralın 19-da  Ermənistan hərbi polisinin keçmiş rəisi general-mayor Artur Baqdasaryanın istefaya göndərilməsinin səbəbi əslində onun Nikol Paşinyana qarşı sonradan üzə çıxan münasibətidir.  Bunu hərbi polisinin keçmiş rəis müavini polkovnik Aşot Vanyanın bu günlərdə Ermənistanın "1-ci kanal”ına verdiyi müsahibəsi də təsdiqləyir.  

A.Vanyan bildirir ki, 2018-ci ilin aprelin 20-də - Ermənistanda Paşinyan inqilabının qızğın vaxtında general A.Bağdasaryan keçirdiyi müşavirədə hərbi polis əməkdaşlarına nümayişçilərin yolları kəsdiyi təqdirdə onlara atəş açmağı əmr edib. O deyib ki, eybi yoxdu, 2010-cu il martın 1-dəki etirazlar zamanı 10 erməni öldü, indi də 7-8-i ölər.

"Müşavirədən sonra o vaxt polkovnik olan Baqdasaryanın yanına gəldim və dedim: "Cənab polkovnik, mən sizin əmrinizi yerinə yetirməkdən imtina etməyim barədə bir raport yazdım. Cavab olaraq soruşdu: "Qorxursan?" Mən kimi və ya nəyi nəzərdə tutduğunu soruşdum. Generalın başının üstündən Serjik Sərkisyanın portreti asılmışdı. O dedi: "Məni diqqətlə dinlə. Prezident əmr verərsə, lazım gələrsə, bu Nikol Paşinyanı güllələyərəm... " 
Ona cavab verdim ki, mən erməniləri öldürməyə öyrəşməmişəm. Müharibədən keçmişəm və döyüş meydanında düşməni məhv etmişəm. Rəisin masasına raportumu qoyub çıxdım”-deyib həmin Aşot Vanyan.

Bax, general A.Baqdasaryanın istefaya göndərilməsinin əsas səbəbi budur. Sözümün canı ondadır ki, Ermənistan ordusu bəzilərinin təsəvvür etdiyi kimi, nizamlı, intizamlı, döyüşkən bir struktur deyil. Erməni mediasında, telekanallarda oxuduğum, dinlədiyim  çoxsaylı faktlar göstərir ki, həm Ermənistanda, həm də işğal altındakı Azərbaycan torpaqlarındakı işğalçı hərbi birləşmələrin komandirləri, vəzifəli zabitləri, texniki işçiləri və s. əsasən ayrı-ayrı hakimiyyət və oliqarx klanlarının maraqlarını, yaxud sadəcə, öz maraqlarını güdməklə,  rüşvətxorluq, korrupsiya, oğurluq, talançılıq və özbaşınalıqla məşğuldurlar. Azərbaycan dövləti və ordusu bu məqamlardan yararlanaraq Ermənistan ordusunu çox da çətinlik çəkmədən diz üstə çökdürərək torpaqlarımızı işğaldan azad edə bilər...”- deyə M.Musayev söhbətini tamamlayıb.

Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az