Ölkəmizdə turizmin inkişafında, bu sahənin beynəlxalq səviyyədə irəliləyişində ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.
Məhz onun təşəbbüsü və rəhbərliyi altında paytaxtımızda, eləcə də respublikamızın digər rayonlarında, turizm bölgələrində daha geniş quruculuq və abadlıq işləri görülmüşdür. Bu gün digər sahələrdə olduğu turizm sahəsində də ulu öndərin qazandığı nailiyyətləri onun ləyaqətli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şərəflə davam etdirir. Cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlərə imza atılmışdır. Bu mənada respublikamızın gözəl guşələrindən olan qədim Quba rayonunda tikilib istifadəyə verilmiş "Rixos Quba Azerbaijan" hotel kompleksi İlham Əliyevin turizm sahəsinə verdiyi qiymətli töhfələrdəndir. Qeyd edək ki, bu cür turizm məkanları nə qədər çox olarsa, respublikamız üçün bir o qədər səmərəli olar. Çünki bu komplekslər Azərbaycanın təkcə iqtisadi potensialını nümayiş etdirmir, həm də bura gələn turistlərin sayının artmasına zəmin yaradır.
HAŞİYƏ: Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2011-ci il "Turizm ili" elan olunmuş, 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"ı təsdiq edilmişdir.
Respublikamızın müstəqillik qazanması turizmin beynəlxalq standartlar əsasında qurulmasında da az rol oynamamışdır. Bu sahədə çatışmazlıqlar, nöqsanlar olsa da, etiraf etməliyik ki, hərtərəfli, genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün təkmilləşmə işləri daha geniş və sürətli vüsət almışdır.
Turizm tariximiz qədimdir
Gözəl təbiəti, flora və faunası ilə seçilən Azərbaycan ta qədimdən, həm də ticari, mədəni baxımdan əcnəbi, eləcə də yerli turistlərin həmişə diqqətini cəlb etmişdir. Belə ki, qədim və orta əsrlərin məşhur səyyahları müxtəlif məqsədlər üçün Azərbaycana səyahətlər etmiş, buranın mənzərəli, istirahət üçün əlverişli yerlərini gəzib dolaşmışlar. Məlumat üçün bildirək ki, vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu Xızı rayonunda yerləşən Altıağac qoruğundan keçmişdir. Yəni təkcə bu fakt özü bir daha sübut edir ki, Azərbaycanda turizmin tarixi daha qədimdir.
Bakıda fabrik-zavod, neft mədənlərində çalışan fəhlələrin digər istehsal sahələri ilə tanış olmaları, yay aylarında isə Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Pirallahı adası və Şıx zolağına istirahət məqsədilə ekskursiyalar təşkil olunurdu.
Problemlər aradan qaldırılsa...
Turizm elə bir sahədir ki, bu işlə məşğul olanlar həmişə qeyri-adi nəsə axtarırlar, yəni onlar daim yeniliyə can atır, müxtəlif yerlərə səyahət etməklə gəzdiklərindən, gördüklərindən zövq almağa, məlumatlanmağa çalışırlar. Bu mənada məncə, Bakımızla yanaşı, bölgələrə daha çox yer ayırmaq səmərəli olardı. Bunun üçün isə turistlərin bölgələrə daha çox cəlb olunmasına çalışmaq lazımdır. Məsələn, onları bölgələrimizin özünəxas mətbəxi ilə yaxından tanış etməklə məmləkətimizin dünya ölkələri sırasında daha çox tanınmasına şərait yaratmış olarıq. Axı nəyə görə, Qarabağımızın ən azından 60-70 növdə bişirilən plovundan, noxudlu bozbaşından, Şəkinin pitisindən, Lənkəran ləvəngisindən... əcnəbi turistlər xəbərdar olmasın? Onlar bölgə mətbəximiz barədə maarifləndirilməsin? Məncə, "bu, filan xörəkdir" demək azdır, turistlər arasında həmin xörəyin reseptini və Azərbaycana aid olduğunu qeyd etməklə müxtəlif dillərdə broşür, açıqca şəklində nəşr edib yaymaq xalqımızın təbliğatına xidmət edər. Onlara bənzərsiz mətbəximizin spesifik xüsusiyyətlərini, xörəklərimizin sağlamlıq baxımından necə faydalı olduğunu çatdırmaq lazımdır. Çünki çeşidli, zəngin milli mətbəximizi dünya miqyasında lazımi səviyyədə tanıda bilmədiyimiz üçün ermənilər xörəklərimizin əksəriyyətini öz adlarına çıxırlar, özününküləşdirirlər. Mənə elə gəlir ki, adıçəkilən sahədə ciddi dönüş yaratmaqla Azərbaycanımızın xeyrinə çox şeyə nail olarıq. Bunun üçün də, ilk növbədə, hotellərdə xidmət səviyyəsi yüksəldilməli, mətbəx mədəniyyətinə ciddi diqqət ayrılmalıdır.
Ekoturizmlə də bağlı çox işlər görülməlidir. Məlumdur ki, turizmin bu sahəsi daha çox yerli camaatla ünsiyyətdə olmağı tələb edir. Onlar sakinlərdən gəzib-dolaşdıqları məkanın təbiəti, yaşayış tərzi, mədəniyyəti, nadir canlıları, yüzillik, minillik tarixə malik ağacları barədə məlumat əldə etməyə daha çox ehtiyac duyurlar. Məlumat üçün deyək ki, uzunömürlü ağaclardan biri də dəmirağacdır. Respublikamızın cənub bölgəsində bitən, məişətdə və texnikada geniş istifadə olunan bu qiymətli ağac toxumunu özündən 15 metr məsafəyə tullamaqla artıb-çoxalır. Dediyim odur ki, belə nadir ağaclar haqqında turistlərə geniş və hərtərəfli məlumat verməklə, onları təbiətimizlə yaxından tanış etməklə respublikamız üçün çox şey qazanarıq. Qısası, bu işlə məşğul olan turistlərə şərait yaratmaq lazımdır ki, onlar yerli camaatla daha çox təmasda olsunlar, evlər kirayələyib məskunlaşdığı yerin təbiəti ilə yaxından tanış olsunlar. Bu, həm evini kirayə verən sakinlərin maddi durumunun bir qədər yaxşılaşmasına, həm də burada dincələn, müxtəlif tapıntılarla məşğul olan turistlərin marağına səbəb olardı.
Bir faktı da unutmayaq ki, iqtisadiyyatımızın güclənməsində turizm sahəsi az rol oynamır. Bu baxımdan adıçəkilən sahəyə daha çox diqqət ayırmaq lazımdır.
Mikayıl Müşfiq və Cabir Novruz kimi şairlər yetişdirmiş Xızı rayonu indi səyyahları, turistləri, bura gələnləri "Cənnət bağı" adlı gözəl istirahət zonası ilə qarşılayır. Dəvəçidə, Qubada, Şamaxıda, Qəbələdə, ümumiyyətlə, respublikamızın müxtəlif guşələrində yerləşən istirahət zonaları bu gün həm yerli, həm də əcnəbi turistlərə açıqdır. Lakin respublikamızın bəzi guşələrində mehmanxana, hotellərin olmaması, yaxud sayının azlıq təşkil etməsi turistlərin axınına da mənfi təsirini göstərir. Yaxşı olardı ki, əcnəbilərin ölkəmizə cəlb olunması, onların yurdumuzu daha yaxından tanımaları və öz ölkələrində Azərbaycanımızı kifayət qədər təbliğ etmələri üçün daha geniş işlər görülsün, problemlər aradan qaldırılsın. Çünki torpaqlarının 20 faizdən çoxu düşmən işğalında olan bir məmləkətin dünya ölkələrində haqq səsinin eşidilməsinə böyük ehtiyac var və bu səpkidə turistlərin köməyilə çox işlər görmək olar. Turizmin inkişafına əngəl olan maneələr, bu sahədəki problemlərin tez bir zamanda aradan qaldırılması qarşıda duran vacib məsələlərdəndir.
Bir məqamı da vurğulamaq istəyirəm: məktəblilərimizin respublikamızın gözəl, qədim guşələrinə ekskursiyalarının tez-tez təşkil olunması tariximizi, ulu keçmişimizi daha dərindən bilmələrinə, öyrənmələrinə, onların dünyagörüşlərinin formalaşmasına əhəmiyyətli dərəcədə böyük təkan olardı.
Müəllifdən: Nədənsə turizm sahəsindən söz düşəndə görkəmli ədibimiz M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəri əsasında çəkilmiş və Azərbaycan kinosunun inciləri sırasında yer alan "Dərviş Parisi partladır" filmini xatırlayıram və yəqin ki, bu xatırlamam da əsassız deyil. Axı adıkeçən filmin kadrları Dağlıq Qarabağın gözəl guşəsində - Şuşada, Topxana meşəsində çəkilib. Hər dəfə də baxanda o yerlərin canlı şahidi olmadığım, cənnətməkan torpaqlarımızı qarış-qarış gəzmədiyim üçün özümü qınayır, təəssüf hissi keçirirəm. Düşünürəm ki, görəsən bir gün o yerləri, görəcəyəmmi, bulaqlarının məsum körpənin göz yaşıtək şəffaf sularından ovuc dolusu içəcəyəmmi, yamaclarına qalxa, dağları ilə qol-boyun ola biləcəyəmmi görəsən? Axı artıq illərdir Qarabağ, Şuşa Topxana, Cıdır düzü erməni işğalçılarının tapdağına, məkrli düşmən oylağına çevrilib. Bəli, nə qədər çətin və ağır olsa da, bir zamanlar məktəblilərin ekskursiya, gəzinti yeri olan bu gözəl guşələrimiz haqqında artıq keçmiş zamanda danışırıq, çünki çoxdandır əlimizdən gedib gözəllik məskənlərimiz, qiymətli ağac və kol bitkilərimiz yandırılıb, məhv edilib. Bir sözlə, təbiətimiz də insanlarımız kimi erməni işğalçıları tərəfindən soyqırımına məruz qalıb.
Yollara baxmaqdan gözümüz yorulub, "Qarabağım, Laçınım" deməkdən dilimiz qabar, ürəyimiz qübar bağlayıb. Bilmirəm, bizmi vəfasız olduq, yoxsa o yerlər? Amma bircə bildiyim odur ki, çox çəkməyəcək bu ayrılığın yanğısı, inşallah, ürəyimizin bir parçası - Qarabağ həsrəti vüsalla bitəcək. İgid, ölməz vətən övladlarımız onlarla, yüzlərlə, minlərlədir, qaytaracaqlar torpaqlarımızı, yenə gəzəcəyik, görəcəyik, Cıdırımızı, İsa bulağımızı. Yenə Qarabağımızın qucağına sığınacağıq, isinəcək, rahatlıq tapacağıq bu qucağın hənirindən. Bəli, biz yenə birlikdə, həmişəlik bir yerdə olacağıq, Qarabağım, darıxma, ulu torpağım, gələcəyik, inan, görüşəcəyik, görüşəcəyik tezliklə...
Yazımı bir qədər bədbin və bəlkə də mövzudan uzaq notlara caladım. Ona görə bağışlayın məni, əziz oxucularım, çünki bu sətirlər içimdən, ürəyimdən gəldi, qəhərimi birtəhər boğsam da, qələmimlə bacarmadım, göz yaşlarım kağıza hopub, sözə, sətrə döndü...
Yeganə Məmmədova