“Macar mətbəxi” Azərbaycan mətbəxi haqqında

“Macar mətbəxi” Azərbaycan mətbəxi haqqında
Budapeştdə nəşr olunan populyar "Macar mətbəxi” jurnalı Azərbaycan mətbəxi haqqında xüsusi buraxılış hazırlayıb. Məqalədə Azərbaycanın tarixi və coğrafi mövqeyi ilə bağlı qısa məlumat verilib, milli mətbəx nümunələrinin zənginliyi, süfrə mədəniyyəti, xalqımızın qonaqpərvərliyi və digər məsələlər müfəssəl şəkildə işıqlandırılıb.
Müəllif tərəfindən ölkəmizin gözəl təbiətinin mədəni zənginliyə, mətbəx nümunələrinin çeşidliliyinə təsiri xüsusi vurğulanıb. Məqalədə, həmçinin Azərbaycanda çay mədəniyyəti, çayın xüsusi hazırlanması qaydaları və süfrəyə gətirilməsi prosesi barədə geniş məlumat verilib.
Hər buraxılışı maraqla qarşılanan jurnal oxucularını təkcə Macarıstanın deyil, həm də ayrı-ayrı ölkələrin kulinariya mədəniyyəti ilə yaxından tanış edir. Bu baxımdan jurnal özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair xüsusi buraxılışın hazırlanmasında maraqlı olub.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüşündə jurnalın redaktoru, Macarıstan Baş nazirinin xanımı Aniko Levai bildirib ki, son illər ölkələrimiz arasında əlaqələrin genişlənməsi, habelə Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm imkanları ilə tanışlıq istəyi onda bu səfərin baş tutmasına marağı daha da artırır.
Bu məqsədlə xanım Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olub, Naxçıvan, Gəncə və Qəbələyə gedərək ölkəmiz haqqında geniş və hərtərəfli məlumat əldə edib.
Xanım Levai səfərdən qayıtdıqdan sonra səfirliyimizə məktub ünvanlayıb, ölkəmizdə olduğu günlərdə böyük diqqət və qonaqpərvərliklə qarşılandığına, həmçinin səfərin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səmimi təşəkkürlərini çatdırıb.
AZƏRTAC


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az