Macar və Azərbaycan ziyalıları “dəyirmi masa”da bir araya gəldi
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Vəqfinin nümayəndələri, tanınmış macar aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə, təşkilatçı qurumların rəhbərləri ilə yanaşı Azərbaycan millət vəkilləri, QHT rəhbərləri və s. iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ABAİ İB sədri, MM üzvü Qənirə Paşayeva, tədbirin məqsəd-məramı, ümumən macarıstanlı qonaqların respublikamıza səfəri ilə bağlı məlumat verib. Belə səfərlərin qarşılıqlı maraq doğuran məsələlərin ictimai müzakirəsi, fikir alış-verişi, bir-birimizi daha yaxından tanımağımız baxımından böyük önəm daşıdığını vurğulayıb:
“Biz macar qardaşlarımızın bu dəyərli səfəri münasibətilə, zəngin proqram əsasında, Bakı, Quba, Tovuz və başqa bölgələrimizdə, ayrı-ayrı auditoriyalarda maraqlı görüşlər keçirdik. Çox şadam ki, Azərbaycan insanı macarları özlərinə qardaş bilir – eyni soydan gəldiyimizi ifadə edir və macar dostlarımız da eyni düşüncə və fikirləri bölüşürlər. Biz eyni kökdən gəlirik. Bu günlər ulu Attilanın ruhunun şad olan günüdür”. Millət vəkili Macar-Turan qurumu haqqında məlumat verdi və bildirdi ki, Macarıstanın ən böyük təşkilatlarından biridir. Onun sözlərinə görə, təşkilatın ən önəmli işlərindən biri türk xalqlarının birliyi uğrunda fəaliyyət göstərməkdir. Millət vəkili adı keçən fondun Azərbaycanı Macarıstanda daha yaxından tanıtmasından danışıb: “Bizim məqsədimiz Azərbaycan və macar təşkilatlarını bir araya gətirməklə birgə fəaliyyət sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir”.
Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Z. Biro Macarıstan-Azərbaycan münasibətlərinin dünəni, bügünü və gələcəyi mövzusunda fikirlərini bölüşdü. Bildirdi ki, Azərbaycan və macar gəncləri birlikdə daha yaxşı gələcək quracaqlar: “Biz daha çox əlaqələr qurmağa səy göstərməliyik. Macarıstanı Azərbaycanda, Azərbaycanı Macarıstanda tanıdacaq təşkilatlara ehtiyacımız var. Birlikdə bayramlar təşkil edək. Biz təşkil etdiyimiz bayram tədbirlərində Azərbaycandan nümayəndə olmasa da, bayrağını qoyuruq. Bir neçə yüzillikdən sonra bir-birimizin əllərindən tutmuşuq və bundan sonra buraxmayaq, çünki birlikdə daha güclüyük”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, Avropanın mərkəzində yerləşən Macarıstan dövlətinin turançılıq ideyalarını yayması türkçülüyə böyük töhvədir.
Tədbirdə çıxış edən macar nümayəndə heyətinin digər üzvləri də bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan həqiqətlərinin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar. Onlar Qarabağ mövzusunda da azərbaycanlı qardaşlarının yanında olduqlarını və bunun məhz ədalətin yanında olmaq olduğunu düşündüklərini bildirdilər.
Tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və başqaları da çıxış etdilər.
Tədbirin sonunda qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və hədiyyələr təqdim olunub. Macar-Turan təşkilatının rəhbərinə mükafat təqdim olundu.
“Olaylar”