Məcburi köçkünlər SOCAR-a görə Heydər Əliyev prospektini bağlamağa hazırlaşır - FOTOLAR
Laçından olan məcburi köçkünlər Heydər Əliyev Prospektini bağlamağa hazırlaşırlar.
Miq.az-a daxil olan məlumata görə, məcburi köçkünləri buna məcbur edən səbəb 1 ildən çoxdur qazın verilməməsidir.
Bakı şəhəri, Nərimanov rayonu Xəli Rza Ulutürk küçəsinin sakinlərindən redaksiyamıza ünvanlanan şikayət məktubunda bildirilir ki, 1 ildən çoxdur ki, qaz problemi həll olunmur.
"Müraciət etmədiyimiz yer qalmayıb. Hər dəfə bir bəhanə gətirirlər. Hər gün 104 və 185 qaynar xətlərinə zəng vururuq. 1 saatdan sonra cavab verirlər ki, qeydə aldıq. Lakin heç bir nəticə yoxdur. Evdə qocalar, körpə uşaqlar var. Bakının göbəyində hamı küçədə "qaz balonu” işlədir. Bu da hər an partlaya bilər”, - deyə şikayət məktubunda deyilir.
Qeyd edək ki, küçənin sakinlərinin əksəriyyəti Laçından olan məcburi köçkünlərdir. Onlar problem həll olunmayacağı təqdirdə Heydər Əliyev prospektini bağlayacaqlarını deyirlər.
Miq.Az