Mədəniyyətimizin peyğəmbəri

Mədəniyyətimizin peyğəmbəri
İlham TUMAS 

Bu gün Azərbaycan mədəniyyətində iki toxunulmazdan birinin doğum günüdür!


Dostlardan birinin "onsuz da xalq özü bu günü musiqi bayramı eləyəcək" sözlərindən sonra bu dahi şəxsiyyətin doğum gününü qutlamağa Azərbaycanın necə hazırlaşdığını daha diqqətlə izləməyə başladım. Dostum haqlı idi. Üzeyir bəyə olan sevgi, həqiqətən onun doğum gününün Azərbaycanda bir Musiqi Gününün yaranmasına gətirib çıxardı. Ancaq bizlər Üzeyir bəyi yalnız bir bəstəkar, Azərbaycan musiqi məktəbinin banisi, ictimai xadim, sözün həqiqi mənasında ziyalı kimi deyil, həm də pir kimi sevməliyik. Çünki bu nəhəng insanı, hətta yaratdığı ölməz musiqiləriylə musiqiyə, yazdığı ədəbi əsərləriylə ədəbiyyata, qoyduğu məktəbə görə pedoqogikaya, tarixdə tutduğu yerə görə ictimai mövqeyə vermək günahdır, o, tam olaraq Azərbaycan mədəniyyətinin peyğəmbəridir.
Bütün bunlarla belə, 124 illiyin astanasında istərdim ikicə məqamı yaddan çıxarmayaq. Birincisi, mədəniyyətimizin peyğəmbərinin yaşadığı dövrü nəzərə alaraq, onun həm də necə faciəli bir insan olduğunu xatırlayaq: canından artıq sevdiyi qardaşı Parisdə, özü isə vaxtilə Müsavat hökumətində önəmli mövqe tutmuş, hətta I Cümhuriyyətin himnini yazmışdı.
İkincisi, onu da xatırlayaq ki, sadalanan və sadalanmayan bir sürü məqamlara görə, rahatlıqla «qırmızı terror»un qurbanına çevrilə biləcəyinə baxmayaraq, o, Azərbaycanı tərk eləmədi, qaldı və repressiyaya məruz qalan Cavid Əfəndinin nakam getmiş Ərtoğrulundan tutmuş, əli yetən ayrı-ayrı repressiya olunanlara kömək əlini uzatdı, maddi və mənəvi yardım etdi. Bu günün özündə belə, xəstə Ərtoğrulun "Əziz Üzeyir əmi, göndərdiyiniz pulu aldım, bilmirəm, sizə necə təşəkkür edim" cümləsini gözlərin yaşarmadan oxuya bilmirsən. Və düşünürsən ki, kaş Üzeyir bəyin dərya böyüklüyünün və müqəddəsliyinin heç olmasa, bircə damlası bugünkülərdə olaydı...

... Adətən belə günlərdə yubiley tədbirlərinin səviyyəsi barədə mübahisələr olur. Ancaq bu mübahisələrin Hacıbəylinin yubileyinə qətiyyən dəxli yoxdur. Şəxsən mən inanıram ki, kimliyindən asılı olmayaraq hər bir insan bu müqəddəs ruh qarşısında təmizlənir, pak olur, minnətsiz-filansız əlindən gələni yapır ki, onun adını layiqlə yad edək. Üzeyir bəy Hacıbəyli da müqəddəslərdəndir. Həmişə dostlara yarızarafat deyirəm ki, doğmaca dədəm haqqında pis danışanları bağışlayaram, ancaq Üzeyir bəy barədə nalayiq söz söyləyənin dədəsini dalına şəlləyərəm. Şəxsən mənim üçün Azərbaycan mədəniyyətində heç bir halda müzakirə olunmayacaq dərəcədə böyük olan iki toxunulmaz şəxs var: Hüseyn Cavid, bir də Üzeyir bəy…

Ona görə də, 124 illiyin astanasında Üzeyir bəyə olan diqqətdən, maraqdan, sevgidən qətiyyən şikayətim yoxdur. Təbii ki, yalnız bircə məqamdan - Üzeyir bəyin sevimli Qarabağını darda qoymağımızdan savayı...

 
news.lent.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az