Mənə qalan xatirəndi, unudulsun, talan olsun...

Mənə qalan xatirəndi, unudulsun, talan olsun...

Zeynəb Dostəliyeva... Uzun illərdir ki, məlahətli səsi ilə tamaşaçı və dinləyicilərin rəğbətini qazanıb, onu qoruyub saxlaya bilib. Sənətə gəlişi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edən xanım sənətçi o illərin tərbiyəsini aldığından yalnız sənəti ilə məşğuldur. Hələ sovetlər dövründə Azərbaycanın uğurlarından bəhs edən, sözləri Hafiz Baxışa, musiqisi Tamilla Məmmədzadəyə məxsus “Həyat eşqi” mahnısı ilə Azərbaycana olan sevgisini musiqinin dili ilə tamaşaçılara çatdırıb və bu mahnıya görə Ümumittifaq Gənclər Festivalının laureatı olub.


Adil Bağırovun rəhbərlik etdiyi “Xatirə” xalq çalğı alətləri ansamblı ilə silsilə mahnılar yazdıraraq təsnif, xalq mahnılarından ibarət çələng toxuyaraq musiqi ictimaiyyətinə təqdim edib. Müəyyən səbəblər üzündən bir müddət sənətdən ayrılan Zeynəb xanımın sənətə ikinci dönüşü daha uğurlu oldu. Bəstəkar Teymur Namənin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Dünya fırlanır” mahnısı Zeynəb xanıma böyük uğur gətirdi. Mahnıdan zövq alan, mahnının təsirindən çıxa bilməyən Bəxtiyar Vahabzadə Zeynəb xanımı qəbul edərək təşəkkürünü də bildirmişdi. Zivər Ağayeva, Ramiz Abdullayev, Şamil Körpülü, Bəxtiyar Vahabzadə, Telli Pənahqızı və s. şairlərin sözlərinə Teymur Namənin bəstələdiyi mahnılardan ibarət kompakt diskin təqdimatı eyni zamanda Zeynəb xanımın sənətə qayıdışı kimi qiymətləndirildi.

Vüsal dolu bu yuxular yalan olsun,

Mənə qalan xatirəndir, unudulsun,

Talan olsun...


Müğənninin ifa etdiyi “Sevgi gileyi”, “Bir gecə”, “Qaragilə”və s. mahnılar tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Onu da qeyd edək ki, “Maştağa” mahnısına müğənninin klipi uğurlu alınıb. “Nişanlı qızlar” mahnısı da müğənniyə şöhrət gətirib və el şənliklərinin bəzəyinə çevrilib bu mahnı.

Atası “Şərəf” ordenli el aşığı Əhmədəli Dostəliyev olduğundan, aşıq mahnılarına da xüsusi yer ayırır. Müğənninin repertuarında muğamlarımız da öz yerini tutur. İctimai işlərdə fəal iştirak edən müğənni yorulmadan öz üzərində çalışır. Tezliklə müstəqil, çiçəklənən Azərbaycanı vəsf edən yeni bir “Azərbaycan” mahnısı ilə heyranlarını sevindirəcək. Müntəzəm hərbi hissələrdə əsgərlər qarşısında çıxış edən müğənni Vətəninfo.az-a bunları söylədi: “Azərbaycanı varlığım qədər sevirəm. Azərbaycanlı olduğumla qürur duyuram. Çiçəklənən Azərbaycan mənə ilham verir ki, sənətimi daha da zənginləşdirim. Azərbaycanıma bərabər ikinci bir dövlət tanımıram”.

Biz də Vətəninfo.az olaraq Zeynəb xanıma uğurlar arzulayırıq. İnanırıq ki, xanım müğənni daha maraqlı repertuarla pərəstişkarlarını sevindirəcək.

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az