“Meşədə mühasirəyə düşdük, 5 gün nəvələrimə qar yedirtdim, Allahverdi Bağırov bizi xilas etdi”

“Meşədə mühasirəyə düşdük, 5 gün nəvələrimə qar yedirtdim, Allahverdi Bağırov bizi xilas etdi”

"Fevral ayı gələndə o illəri, dəhşətləri yenidən yaşayıram. Yuxularımda da Xocalıda oluram. İtirdiyim övladım gözümün qabağına gəlir. Fikirləşirəm ki, görəsən Cavan haradadır? Onu nə vaxtsa görə biləcəyəm? Həqiqətən də mənim üçün o günləri xatırlamaq çox ağırdır! Bütün bədənim əsir, özümdən asılı deyil, həyəcanlanıram. Çox müsibətlər görmüşəm, balalarımla, nəvələrimlə birgə əzablar yaşamışam”.
 
Bunu Moderator.az-a Xocalı sakini, əsirlikdə qalan Gülayə Orucova bildirib.

O daha sonra əlavə edib.
 
"Xocalıda çox gözəl yaşayırdıq, 4 övladım var idi. Əvvəl Xankəndində ipək fabrikində işləyirdim, ara qarışandan sonra Xocalıya gəldim və orada tikiş fabrikində işləməyə başladım. Geniş həyətimiz var idi, mal, heyvan saxlayırdım, bağ-bağçamız var idi, yaxşı qazanırdıq. Bağımızda elə meyvə ağacları var idi ki, 30 ildir mən o meyvələrdən heç yerdə dada bilmirəm. 1968-ci ildən Xocalıda yaşayırdıq. Yerli əhali özünümüdafiə bölüyü yaratmışdı, gecələr, gündüzlər keşik çəkirdilər ki, ermənilər bizlərə hücum etməsinlər. Hətta mən özüm də, 15 yaşlı oğlum Cavan da keçik çəkirdik. Oğlum idmançı idi, ona heç 15 yaş vermək olmazdı. Həyat yoldaşım deyirdi ki, bu uşaq torpaq payıdır, Allah Cavanı bizdən tez alacaq. Hər gecə atışma idi, ermənilər artıq Xocalını mühasirəyə almışdılar. Kimin əlində silah var idisə döyüşürdü, biz isə zirzəmiyə girirdik. Güllə yağış kimi yağırdı. Xocalı işğal olunmazdan əvvəl yoldaşım deyirdi ki, götür uşaqları da get Bakıya. Deyirdim ki, erməni kimdir mən ondan qorxum? Son günə qədər mən də, qızlarım da Xocalıda qaldıq. Daha sonra atışma başladı, gördük ki, Xocalıda qalmaq mümkün deyil. 2 yaşlı əkiz nəvələrimi, qızımı da götürüb qaynımın zirzəmisinə qaçdım. Evə girib təkcə ədyal götürdüm, əsir düşəndə məni və nəvələrimi o ədyal qorudu” deyə Gülayə Orucova bildirib.
 
Gülayə Orucova əsir düşdüyü anı heç vaxt unuda bilmədiyini bildirib.

"Qarqar çayından keçib 2 gün meşədə qaldıq. Meşədən çıxa bilmirdik, çünki ermənilər bizi mühasirəyə almışdılar. Məcbur olub 3 gün də əlavə meşədə qaldıq. Bu günlər ərzində nəvələrimə qar yedirdib saxladım. Uşaqların ağlamaq səsini eşidib ermənilər bizi mühasirəyə aldı. Yoldaşım, oğlum, kürəkənim, iki qızım və əkiz nəvələrim ermənilərə əsir düşdük. Yoldaşım oğlum Cavana dedi ki, sən qaç canını qurtar. Cavan özünü qayadan atdı. Sonra öyrəndik ki, oğlumu sağ tutub, başını kəsiblər. Bir ana üçün bundan dəhşətli nə ola bilərdi? Milli Qəhrəman Allahverdi Bağırovun sayəsində mən də, nəvələrim də, qızlarım da, yoldaşım da sağ qaldıq. O bizi əsirlikdən qurtardı. Amma oğlumdan bu günə qədər xəbər yoxdur” deyə Gülayə Orucova deyib.
 
Gülayə Orucova doğma yurduna qayıdacağı günü səbirsizliklə gözləyir.
 
"Şükür bu günümüzə, 44 günlük müharibədə şəhidlərimizin və Xocalının qisası alındı. Yenə də ümidlə yaşayıram ki, nə vaxtsa Xocalıya ayaq basacağam, oğlumun gəzdiyi yerləri öpüb qucaqlayacağam. Bundan sonra ölsəm də dərdim olmaz. Şuşa alınan günü o qədər həyəcanlanıb, sevindim ki. Prezidentimiz həmin xəbəri elan edəndə televizoru qucaqlayıb öpdüm. 500 manat aparıb, orduya müjdə verdim. Necə sevinirdimsə gecə ilə şəhidlər xiyabanına üz tutdum, onlara dedim ki, ruhunuz şad olsun, rahat uyuyun” deyə Gülayə Orucova bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az