Milli Məclisin qarşısında keçid tikilməsi təxirə salındı

Milli Məclisin qarşısında keçid tikilməsi təxirə salındı

ŞƏHİDLƏR XİYABANINDA VƏ ƏTRAFDA CİDDİ DƏYİŞİKLİK OLACAQ

Umud Rəhimoğlunun ofisi və 20 Yanvar Cəmiyyəti köçürülür, ərazidə hündürmərtəbəli bina tikiləcək

Bakıda keçiriləcək «Eurovision-2012» beynəlxalq musiqi yarışmasına hazırlıq işləri daha da sürətləndirilib və bu proses yaxın günlərdə başa çatdıralacaq. Lakin bəzi işlərin yekunlaşdırılması mümkün olmadığı üçün təxirə salınıb. Məsələn, Şəhidlər xiyabınının qarşısında tikilməsi planlaşdırılan yeraltı keçidin tikintisi dayandırılıb. Belə ki, 5 aydan artıqdır həmin ərazidə yeraltı keçidin tikiləcəyi barədə məlumat yayılıb. «Azəryolvervis» ASC də bunu təsdiqləyib və bildirilib ki, üç çıxışı olan yeraltı keçidin həmin ərazidə tikintisi planlaşdırılır. Keçidlərdən biri Milli Məclisin binası qarşısında olmalı idi. Lakin ərazini çəpərləyib bir-iki yerdə qazıntı işləri aparılsa da, dünən əldə etdiyimiz məlumata görə, Şəhidlər xiyabanının qarşısında keçid tikintisi təxirə salınıb. Belə ki, həmin keçidin tikintisi özəl şirkətlərdən birinə həvalə olunubmuş. Şirkətin əməkdaşları cəmi bir neçə yerdə qazıntı işi aparıb, lakin 4 ay ərzində heç bir köklü iş görülməyib. Bu vaxta kimi yalnız həmin ərazidən keçən su-kanalizasiya və elektrik xətlərinin yeri dəyişdirilib. «Eurovision-2012» yarışması ərəfəsində işlərin yarımçıq qalacağını görən Nəqliyyat Nazirliyi Şəhidlər xiyabanı və Milli Məclisin binası qarşısında keçidin tikilməsini müvəqqəti təxirə salıb. Özəl şirkət isə yarıtmaz iş tutduğu üçün oradan uzaqlaşdırılıb. Yeraltı keçidin may ayından sonra «Azərtunel» ASC tərəfindən tikiləcəyi gözlənilir. Hazırda sözügedən ərazidə hasarlanan yerlər sökülüb, qazılan ərazilər isə asfaltlanıb.
Əldə etdiyimiz digər məlumatlara görə, Şəhidlər xiyabanının qarşısında keçid tikilməsi təxirə salınsı da, xiyabanın başqa hissələrində ciddi dəyişikliklər nəzərdə tutulur. Artıq bu işlərə start da verilib. Belə ki, Dağüstü park kimi tanıdığımız əraziyə giriş tamam bağlanıb, orada təmir işləri gedir, parkın ən hündür nöqtəsindəki tikililər təmir olunur. Burada restoran və kafelər fəaliyyət göstərəcək. Bundan başqa, «Eurovision-2012» mahnı yarışması keçirilən günlərdə dağüstü parkda müxtəlif işıq effektlərindən istifadə olunacağı planlaşdırılır. Dağüstü parkdakı pilləkənlər də hazırda sökülüb. Bu ərazidə pilləkənlərlə yanaşı, yolların da təmiri gözlənilir. Funikulyor və onun ətrafında da ciddi dəyişikliklər müşahidə olunur. Hazırda bu istiqamətdə işlər davam edir, funikulyora giriş tam yenilənir. Şəhidlər xiyabanının giriş hissəsinin sol tərəfində yerləşən «20 Yanvar» cəmiyyətinin ofisi artıq bağlanıb, bu tikilinin söküləcəyi planlaşdırılıb. Həmin tikiliyə bitişik olan və fəhlələr üçün nəzərdə tutulan otaqların da sökülməsi nəzərdə tutulub. Fəhlələrin dediyinə görə, həmin hissənin genişləndirilib park edilməsi, burada hovuz tikilməsi planlaşdırılır. Bu məqsədlə hətta xiyabanın girişindəki məscidə bitişik bir otaq da sökülüb. Şəhidlər xiyabanının girişindən və Dağüstü parka qədər olan ərazidə geniş yaşıllıq zolağı salınacaq və bura böyük park olacaq. Hazırda ərazinin Bayıl yamacı tərəfdən yaşıllaşdırılması sürətlə davam edir. Eyni zamanda, Dağüstü parka başqa girişlərin yerə müəyyənləşir. Məlumata görə, Dağüstü parka Bayıl tərəfdən də pilləkənlə qalxmaq mümkün olacaq.
Şəhidlər xiyabanının AzTV-yə bitişik hissəsində Umud Rəhimoğlunun başçılıq etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu yerləşir. Ona bitişik ərazidə isə Şəhidlər xiyabanında işləyən işçilərin yardımçı təsərrüfat otağı var. Artıq həmin ərazi hasara alınıb. Fəhlələrin bildirdiyinə görə, burada da söküntü işləri nəzərdə tutulur. Ərazi Milli Məclisə də yaxın olduğu üçün bu hissədə ciddi dəyişikliyə, təmir-bərpa işlərinə ehtiyac var. Bu məqsədlə də iş icraçıları BAMF-ın ofisini, fəhlələrin otağını və digər köhnə tikililəri söküb yerində hündürmərtəbəli bina tikmək, sonradan onlara da həmin binadan yerə vermək qərarına gəlib. Lakin BAMF-dan bildirdilər ki, belə bir söz-söhbət olsa da, hələlik real bir nəticə yoxdur. Görünən isə odur ki, «Eurovision» yarışması ərəfəsində Şəhidlər xiyabanı da abadlaşır…

Emin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az