Məşədi Cəfər
Ötən şənbə türk demiş, çox sıcaq idi. Bu ay bizim məmləkət üçün elə də isti ay sayılmaz. Bizdə istilər iyuldan başlar, sentyabra qədər davam edər. Əcaba, bu nə sirrdi? İyunun ortasında 40 dərəcə isti? Fikir məni götürdü, qərara aldım ki, elmli adamlardan məsləhət alam. İstədim, coğrafiyaçı Ənvər Əliyevə telefon edəm. Sonra fikrimdən daşındım. Dedim, daha etibarlı mənbə tapım. Birdən yadıma düşdü ki, qonşuluqda yas var, onsuz da dəyməliyəm. Getdim, mağara girdim. Qonşu “Məşədi, ordan otur, məşədi burdan otur” təkidi ilə məni düz mollanın yanına apardı. Özümü naza qoysam da, ürəyimdən idi. Axı molla oturan yer prestij sayılır...
Əlqərəz, mənimlə “eyni rütbədən” olan molla Məşədi Amilin yanında yerimi rahatladım. Əslən ərdəbildən olan və şirin güney ləhcəsi ilə danışan molla bir fatihə verdi. Və məclisdə gap başladı. Gördüm ki, mollaya sual verən yoxdu, dini biliklərimi nümayiş etdirmək üçün (çox təvazöklar məşədiyəm. Bu məmləkətdə hər şeyi etiraf edən ikinci məşədi tapsanız, bu addan imtina edərəm-M.C) mollaya yavuqlaşdım, telefonda diktofonu açıb, mollanın qabağına qoydum. Məclisdəkilər yazı-pozu əhli olduğumu bilirdilər, ona görə də diktafon məsələsinə reaksiya verən olmadı. Dedim:-Molla, iyun ayında bizdə 40 dərəcə isti olmaz. Bu nə sirri-xudadı? Molla yüngülcə öskürdü, müştükdəki siqaretdən bir qüllab alıb, üzünə müdrik görkəm verdi və sözə başladı:-Məşədcəfər, iyunda 40 dərəcə isti faciə deyil. Vay odur ki, fələyin çərxi dönə, 40 dərəcə isti fevralda ola. İyulda qar yağa. Sən, get şükür et, məşədi. Dünya qopmayıb ki.
Mollanın bu lafı məni bir az sakitləşdirdi. O dəqiqə beynimə ikinci sual gəldi. Həmən ərz elədim: -Məşədi, bəs insan oğlu istəsə havanı dəyişə bilərmi?
Molla yenə müştüyü sümürdü, arxayınca (birinci cavabı məclisə xoş gəlmiş, mollada mutluluq yaratmışdı) dedi:- Məşədcəfər, sən onu bilirsən ki, bu xuda istəməsə, bu dünyada yarpaq tərpənməz, quş lələk salmaz?!
Yazıq-yazıq dilləndim ki, bilirəm.
Dedi:-Onda qulaq ver. Hər şey o gözəgörünməzin əlindədi. Əmma ki, insan oğlu da faili muxtardı. Əgər insan istəsə yağış yağdırar, buludu dağıdar. Məşədcəfər, insanın bulud dağıtmağını sən bilirsən. Fışfışanı (güneyli qardaşlarımız) fışfışa raketə, top mərmisinə deyir-M.C) topa qoyub atırlar səmayə, o da qara buludları dağıdır. Burda mollanın ağlına heyran qaldım. Gerçəkdən də, Ağdamda, Göytəpədə xaraba qalmış Sovetin vaxtında buluddağıdan toplar vardı. Bulud dağıtmaq üçün arada ondan guruldadırdılar.
Hə, Məşədcəfər, ikinci bir qabillyyəti də var insan övladının ki, o da yağış yağdırmaqdır. Qulaq ver, anladım. Deməli, məşədi, əgər bir kənddə istəsələr yağış yağsın, gərərk tapalar bir ağ eşşək. Başərti ki eşşək dişi ola. 7 oğlan, 7 qız da dəxi seçələr ki, onlar deyilən deməli icra edə. Eləki eşşək ortaya gətirildi, bu qızlardan biri, oğlanlardan da biri əllərində vedrə irəli çıxıb suya yaxınlaşırlar. Su gərək, Oğuz-Qəbələ suyundan ola, Məşədcəfər! Kür suyu, dəniz suyu işə yaramaz! Hə, sudan verdə ilə götürüb, eşşəyin təpəsi, aşağı buraxalar. Bu qayda ilə o biri qızlar və oğlanlar da eşşəyin başına su tökələr. Sonra eşşəyin qabağına yarımvedrə arpa qoyasan ki, halallıq olsun. İnan ki, məşədi, bu əməldən 7 saat, 7 dəqiqə, 7 saniyə keçməmiş göydə bulud görünər, şimşək çaxar, yağış yağar. Dedim, türk demiş, bunlar iyi də, bəs havanın necə olacağını nədən bilim? Molla qayıtdı ki, bu da kolay, məşədi. Mən deyim, sən yaz bir yerə. Əgər qoyunlar səhər saat 9-dan başlarını bir-birini paçasına soxub otlamaq istəmirsə, kölgənəcək axtarırsa, demək günorta adam bişirən isti olacaq. Və ya havadan baldırğan qoxusu gəlirsə, demək dolu yağacaq. Ağzımı doldurdum ki, bir suala dəxi verəm, molla üzümə tərs-tərs baxdı. Baxışlarından oxudum ki, deyir, Məşədcəfər, sən canın, çək diktafonunu məndən, qoy yasımı yola verim. Mollanın səssiz ismarıcını anlayıb, salavat çevirib, məclisdən çıxdım.