Müxalifət Paşinyanı devirməyin yollarını axtarır - "72 saat ərzində nəticə əldə etmək mümkün olarsa..."
"Biz baş nazirliyə namizəd kimi hansısa şəxsi müzakirə etməmişik, prinsiplərdən danışmışıq. Baş nazir postuna namizəd birbaşa xalqın iştirakı ilə müəyyən edilməlidir, biz bu mexanizmləri təklif etməliyik".
"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bu barədə sentyabrın 12-də jurnalistlərə müsahibəsində "Ermənistan” blokunun deputatı, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
Onun sözlərinə görə, namizəd müqavimət hərəkatına yeni təkan verməlidir: "Hər şey mümkün qədər tez, lakin vaxtında baş verməlidir. İstefaya nail olmağın yeganə yolu geniş ictimai təzyiq və məcburiyyətdir. Elə bir mühüm məsələ qalmayacaq ki, müxalifət onun ətrafında müzakirələr aparmasın, təkliflə çıxış etməsin. Bundan başqa, əhali ilə işimizi davam etdirəcəyik, diasporla görüşlər keçiriləcək, hakimiyyət dəyişikliyindən sonra planlarımızı təqdim edəcəyik, yəni müqavimət gücünün formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Eyni zamanda, küçə etirazlarından da əl çəkməyəcəyik. İstefaya nail olmaq üçün addımlar da davam edəcək, doğru zamanda mühüm qərarlar olacaq. Bizim siyasi qüvvəmiz daxilində sərbəst müzakirələr gedir. Heç kim heç kimə nəyisə məcbur etmir. Hazırlıq işlərinin on minlərlə insanın səyi ilə 72 saat ərzində nəticə əldə etmək mümkün olacağı səviyyəyə çatdırıldığını anlayan kimi biz prosesə başlayacağıq”.