Namərdi qova-qova mərd edirlər. – Yazıçı Anar

Namərdi qova-qova mərd edirlər. – Yazıçı Anar

Fransada yaşayan jurnalist Elnur Məcidlinin şəxsi blokunda yazdığı "Rəsulun oğlu" adlı məqaləsini olduğu kimi təqdim edirik:

Yazıçı Anar yuxarıdakı fikri iki il əvvəl Azadlıq radiosunun efirindən səsləndirmişdi.

Həmin verilişdə ona bir çox sual verilmişdi və Anar özü də bir çox məqama toxunmuşdu.

Ancaq ifadə etdiyi bir cümlə onun həm bu verilişdə, həm də bu günə qədərki fəaliyyətini, dünyaya və hadisələrə baxışının müxtəsər formasıydı və Anarın bioqrafiyasının nədən ibarət olduğunu ortaya qoyurdu:

“Mən elə söz demirəm ki, məni türməyə bassınlar.”

Bu cümlə ilə Anar istəmədən özünü ələ vermişdi.

Bu cümlə onun indiyə qədərki ədəbi fəaliyyətinin mahiyyətini ortaya qoyurdu.

Bəli, Anar heç bir zaman axına qarşı gedən yazıçı olmadı, axının yazıçısı oldu.

Anar hər zaman küləyin əsdiyi yönə öz bayrağını qaldırdı.

Xalq yazıçısı ünvanlı Anar, hər zaman xalqın deyil, hakimiyyətin, siyasi sistemin yazarı oldu.

Anar həm SSRİ dövründə, həm də müstəqillikdən sonra sistemin diqtə etdiyi çərçivələrdən çıxmağı bacarmadı, məmur yazıçı kimi tarixə düşdü.

Başqa bir məqam isə Anarın öz ədəbi yaradıcılığı və fəaliyyəti boyunca, əsla atası Rəsul Rzanın kölgəsindən çıxmağı bacarmadı.

Rəsulun oğlu

Anarın SSRİ kimi sərt qanunlarla idarə edilən bir imperiyada öz yaradıcılığını geniş şəkildə təqdim və çap etmə imkanı tapmasını, Rəsul Rzanın oğlu olmasına borcluydu.

O Rəsul Rza ki, yaşıdları, həmkarları SSRİ repressiyasının qurbanına çevrilərkən, sürgün edilərkən, həbsxanada çürüyərkən, o şəxsi karyerası naminə SSRİ başbilənlərinə təriflər yağdırırdı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ən ağır ifadələrlə təhqir edirdi.

O Rəsul Rza ki, 1955-ci ildə Yazıçılar İttifaqında  Hüseyn Cavidə bəraət verilməsi üçün 28 nəfərdən ibarət prezidium çağrılanda 20 nəfər lə birlikdə açıq şəkildə bu bəraətin verilməsinə qarşı olmuşdu.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, Rəsul Rzanın ədəbi yaradıcılığı oğlu Anarın yaradıcılığından keyfiyyətcə fərqlənir, daha üstün göstəricilərə malikdir.

Anarın ədəbiyyatdakı məşhurluğu isə yazdıqlarından daha çox atasının adıyla bağlı olub.

SSRİ hakimiyyətinin Azərbaycan ədəbiyyatındakı təbliğat maşınlarından biri olan Rəsul Rzanın oğlu olması,  o dövrdə bir çox qapını asanlıqla Anarın üzünə açıb.

Qısaca Anar, Rəsul Rza adının kölgəsində öz ədəbi fəaliyyətinə başlayıb və hər zaman atasının adından faydalanıb.

Rəsul Rzanın ölümündən sonra oxucular, onu atasının yaradıcılığından ayrı dəyərləndirməyə başlasalar da 74 yaşlı Anar hələ də özünü atasının kölgəsindən çıxara bilməyib.

Bu günkü Anar

Bəzən mənə elə gəlir ki, Anar öz atasının fəaliyyətindəki qüsurlu nüanslara görə özünü məsuliyyətli hiss edir, hər vəchlə bunun qarşısını almağa çalışır.

Ola bilsin ki, Anar hələ də özünü müstəqil Azərbaycanın deyil, atası kimi ömrünün böyük hissəsini keçirdiyi SSRİ-nin yazıçısı olaraq hiss edir.

Hər bir halda, hansı yollarla da olursa-olsun həm Anar, həm də Rəsul Rza  milli ədəbiyyatımızda özlərinə məxsus şəkildə yer etməyi bacarıblar.

Ancaq SSRİ dövründə əsərləri yüzminlik tirajlarla çap olunan Anarın əsərləri bu gün heç min tiraj satılmırsa, gənc yazarların əsərləri qarşısında duruş gətirə bilmirsə, Anar qəlyanını ağzından çıxarıb,  şapkasını qarşısına  qoyub yaxşı-yaxşı düşünməlidir.

Pensiya yaşını çoxdan keçən Anar 21 ildir oturduğu Azərbaycan Yazıçılar Birliyinin sədri postunu bir mənalı olaraq tərk etməlidir.

Yazıçı Anar əmin ola bilər ki, o artıq Azərbaycanın ədəbiyyat tarixinə düşüb.

Anar qəbul etməlidir ki, o bu günün yazıçısı deyil və onun ədəbi fəaliyyət dövrü artıq sonlanıb.

Anar Azərbaycan ədəbiyyatının yaxın keçmişində özünə məxsus iz buraxıb və özünə hörmət edirsə elə o keçmişdə də qalmalıdır.

http://www.bloglovin.com/m/2246985/445123454/fb



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az