“Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.
Vətəninfo.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi təsdiq edib. Nazirliyin yaydığı məlumata görə, Azərbaycanda dəniz platformasında partlayış baş verib. Nəticəsində 10-dan artıq insan suya düşüb. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar. Yanğın söndürülüb və suya düşənlər xilas edilib. Hazırda bir nəfərin xilas edilməsi istiqamətində işlər gedir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, axtarışlara FHN-nin bir helikopteri də cəlb olunub.
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə hadisə nəticəsində 5 nəfərin xəsarət alması barədə məlumat daxil olduğunu bildiriblər. Hadisə yerinə həkim briqadası göndərilib.
ARDNŞ-nın rəsmi məlumatında isə bildirilir ki, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunmuşlar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcək.
Məlumatda həmçinin suya düşən 12 nəfərin hamısının xilas olunduğu bildirilir.