Neft sürətlə bahalaşır, 100 dollara çata bilər - Azərbaycanda bu yüksəlişdən nə gözləyirlər?

Neft sürətlə bahalaşır, 100 dollara çata bilər - Azərbaycanda bu yüksəlişdən nə gözləyirlər?

Dünya bazarında neftin qiyməti artmağa davam edir. Həm «Brent» markalı, həm də Azərbaycan neftinin bir barelə görə qiyməti 70 dolları keçib və qiymətin artmaqda davam edəcəyi proqnozlaşdırılır.

«Bank of America Corporation» transmilli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda, 2022-ci ildə neftin 1 barelinin qiymətinin 100 dollara çatacağını mümkün sayır.

Bankın hesabatında bildirilir ki, COVID-19 pandemiyasından sonra gözlənilən iqtisadi bərpa yanacaq sərfiyyatını artıracağına, yeni istehsala yatırılan sərmayələrinsə ətraf mühit problemləri ilə əlaqədar azalacağına görə qlobal neft istehlakı 2022-ci ildə də tədarükü üstələməyə davam edəcək.

Bu proqnozlar özünü doğruldacaqmı? Neft qiymətlərinin artması Azərbaycana nə vəd edir? Neft qiymətlərin artması ilə paralel qeyri-neft sektoru inkişaf edəcəkmi?
 

SOCAR-dan bildirirlər ki, yaxın vaxtlarda neft qiymətlərinin yüksək həddə qalxması gözlənilmir. «Bu da onunla əlaqəlidir ki, dünyanın ən böyük neft tələbatçısı olan Amerika Birləşmiş Ştatlarının indiki hökuməti daha çox «yaşıl enerji» və bərpa olunan enerjini təşviq edir. Həm də inkişaf etmiş ölkələr, indi isə həm də Asiya ölkələri tədricən bərpa olunmayan enerji mənbələrindən imtina etməyə başlayıblar».

Qurumdan deyiblər ki, bu da neft sənayesinə qoyulan sərmayələrin azalacağı deməkdir. «Bu, həmçinin o deməkdir ki, neft və qaz kimi bərpa olunmayan enerjidaşıyıcılardan tədricən daha az istifadə olunacaq. Azərbaycan da bu proqnozları nəzərə alır».

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində hesab edirlər ki, neftin qiymətinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini artırır.

«Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb. Bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 dollara bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, Dövlət Neft Fondu və SOCAR-ın gəlirlərini artırır» - Mərkəzdən "Turan”-a belə deyiblər.

Qurumdan bildirilir ki, dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az