Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində nəğməkar şair, çağdaş Azərbaycan ədəbiyyatının mötəbər nümayəndələrindən sayılan hissli, duyğulu, axımlı, şeir və poemaları ilə, dramatik səhnə əsərləri ilə yaddaşlara köç edən İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr olunan ədəbi konfrans keçirilib. Vətəninfo.az-ın məlumatına görə, konfransda Muxtar Respublikada yaşayıb-yaradan şair və yazıçılarla yanaşı, ədəbiyyatşünaslar, ədəbi tənqidçilər də iştirak ediblər.
Ədəbi konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar ömür taleyi qısa, yaradıcılıq taleyi uzun məsafəli olan İslam Səfərlinin zəngin yaradıcılıq yolundan danışıb.
Qeyd edib ki, son illərdə ədəbiyyatımızda özünəməxsus yaradıcılıq dəsti-xətti olan şair və yazıçılarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər ədəbiyyatımızın inkişafına xidmət edir. Bu mənada bu il yanvar ayının 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən sərəncamın imzalanması bu istiqamətdə görülən işlərin davamı hesab edilə bilər.
Konfransda İslam Səfərlinin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənilib. Filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “İslam Səfərlinin həyat və yaradıcılığı”, Azərbaycan Respublikasının əməkdar müəllimi Dilsuz Dünyamalıyev “Nəğməkar şair”, AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Xalqa bağlı sənətkar”, Babək rayon Qoşadizə kənd məktəbinin direktoru Zeyqəm Vüqar “İslam Səfərlinin yaradıcılığında Naxçıvan” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd olunub ki, minillik poeziyamızın milli ruhlu, milli təfəkkürlü, milli əqidəli şairlərindən biri olan İslam Səfərli haradan yazırdısa yazsın, istər cəbhə mövzusundan, istər təbiəti tərənnüm edən mövzulardan, istər ana müqəddəsliyindən, Vətən təəssübündən, istərsə də saf, pak duğulardan, sözünün mayasında Azərbaycan dururdu. Azərbaycan ifadəsi onun zəngin poeziyasının şah damarıydı.
Dram əsərlərində də bu hiss aparıcı amilə çevirilirdi. Burada da milli ruhlu İslam Səfərli olaraq qalırdı. Məruzələr ətrafında filologiya üzrə fəlsəfə doktoru, şair Əbülfəz Muxtaroğlu, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktor müavini Röyal Məmiyev çıxış ediblər. Babək rayon uşaq kitabxanasının müdiri Təranə Arifqızı İslam Səfərliyə həsr etdiyi şeiri səsləndirib.
Vətəninfo.az