Nəsir Əhmədlidən ədəbi dil normalarının pozulması ilə bağlı TƏKLİF
Son vaxtlar KİV-də ədəbi dil normalarının pozulması ilə bağlı narazılıqlara münasibət bildirən BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli vəziyyətdən çıxış yolları barədə şəxsi feysbuk səhifəsində maraqlı status paylaşıb.
Miq.Az statusu olduğu kimi təqdim edir:
"Son vaxtlar KİV-də ədəbi dil normalarının pozulması ilə bağlı haqlı narazılıqlar eşidilir, vəziyyətdən çıxış yolları axtarılır.
Mənim təkliflərim:
1) Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilsin.
2) Yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar;
3) Redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin;
4) Hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın;
5) Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara və saytlara paylanılsın;
6) BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılsın;
7) Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "Dəyirmi masa”lar, treninqlər keçirilsin;
8) Televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılsın, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunsun;
9) Ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunsunlar;
10) Redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələri genişləndirilsin."
Miq.Az