Oqtay Gülalıyev süni nəfəs aparatına qoşuldu
Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Hazırda reanimasiyadadır.
Bu barədə dünən yolu keçən zaman taksi xidməti göstərən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin dostları məlumat verib.
Bildiriblər ki, hüquq müdafiəçisinin vəziyyəti bu gün daha da ağırlaşıb. Beyinə qansızma daha da genişlənib:
"Sol tərəfi işləmir. Özü nəfəs ala bilmir. Süni nəfəs verirlər”.
Xatırladaq ki, dünən axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb.
O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.
Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, "Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb./Axar.az/
****
Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yayıb.
Açıqlamada bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib.
"Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır", - nazirlikdən bildirib.
Miq.Az