Zahid Oruc
Pambıq başı qılıncdan iti kəsir!
Ünlü yazarların siyasətə qarışması tarixi bir ənənədir.Əslində onlardan müxtəlif ideoloji sistemlərin maraqları kontekstində bacarıqla istifadə ediblər.
Hitler nasizminin zülmündən qaçanları, yaxud Stalin diktaturasının qələm düşmənlərini barrikadanın o biri tərəfindəkilər əldən buraxa bilməzdilər.Soyuq müharibə illərində yüzlərlə belə misalları göstərərək sübut etmək mümkündür ki, geniş miqyasda tanınmadan sonra aydınlar və nüfuz sahibləri üzərində sanki əcinnə ovu başlayır.Məşhur Soljenitsının qovulmadan sonra beynəlxalq propaqanda maşınında necə artilleriya silahına çevrildiyini indi də çoxları xatırlayır.Əfsanəvi yazıçı müstəqillikdən sonra Rusiyaya dönərkən bir sıra keçmiş addımlarından peşmançılıq çəkdiyini açıq dilə gətirmişdi.
Nazim Hikmətinsə kommunist təmayülü və Türkiyəni tərk etməsi fonunda sovetlərin ən yaxşı simvolu qatında təbliğ edilməsi də yaddaşlardan silinməyib.Son qabarıq hadisə Zimbabvenin qanlı rəhbəri Müqabenin zülmündən qaçan bir neçə qələm əhli xarici ictimai fikri öz ölkəsinə daha böyük qəzəb və şiddətlə yönəldə bilmişdi.
Orhan Pamuk və daha 6 həmkarı Bəşər Əsədə müraciət edərək ona faydalı məsləhətlər vermiş,gələcəyinə “işıq salmağa” çalışmışlar.İlk baxışda adama elə gəlir ki, bəlli mərkəzlərin siyasi tələbləri sadəcə ədəbi dilə çevrilərək dünyaya yayılmışdır.
Onlar Əsədə “istefa et və get” çağırışında bulunaraq proseslərin buna doğru apardığını, qanlı qarşıdurmanın onun hakimiyyəti tərk etməsi ilə kəsiləcəyini söyləyiblər. Üstəlik,Rusiya və Çinin son anda onu meydanda tək qoyacağını,hətta sığınacaq belə verməkdən imtina edəcəklərini dilə gətiriblər.
Yazıçılar tarixi də yaxşı bildiklərini nümayiş etdirərək Əsədə Əlcazairə getməyi məsləhət görürlər.
Sən demə vaxtilə əlcazairli qəhrəman Əbdülkadir Fransaya məğlub olanda tərəfdarları ilə birgə imperator 3-cü Napoleonun icazəsi ilə Suriyaya sığınmışlar. Buna görə indi həmin keçmiş yaxşılığın əvəzini qaytarmağın vaxtı çatıb.
Yazıçıların məsləhətini dinləməyən Əsədi nə gözləyir? Orhan Pamuk keçmiş İrak lideri Səddamın və Liviya Cümhuruyyətinin başçısı Qəzzafinin taleyi ilə oxşar bir sonluğu vəd edir.
Məktubun siyasi stili sübut edir ki,soyu savaş dövrünün dəst-xətti hələ ölməyib. Bütün dünyanın nifrət etdiyi Əsədi asmaq üçün hökmü yazıçıların əli ilə yazdırırlar.
Pamuk Nobel ödülünün haqqını artıqlaması ilə qaytarır.Hər halda Bəşərin başı Nobelin mükafat fondundan daha qiymətlidir!