Pakistan prezidenti: Qarabağ münaqişəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyirik
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin prezidenti Arif Alvi qəbul edib.
Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, qəbul üçün təşəkkür edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını cənab Arif Alviyə çatdırıb. Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən Müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti Arif Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.
Miq.Az