Pakistan xalqını ÖLÜMDƏN QURTARAN azərbaycanlı
200 milyonluq Pakistan xalqı bu azərbaycanlıdan danışır
Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılır. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur.
Bir daha xatırladaq ki, Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə 25 yanvar tarixində Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlmişdir. 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilmişdir.
H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.
Yaxşılıq itmir, indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir.
Miq.Az