Parisdə “Azərbaycan şəhərciyi”

Parisdə “Azərbaycan şəhərciyi”

Vətəninfo.az  xəbər verir ki, sentyabrın 19-28 tarixlərində Parisin San Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunacaq. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan şəhərciyi”ndə  ölkəmizin tarixi və mədəniyyətinin, turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər keçiriləcək.  “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgilərdə Azərbaycan tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri, xalçalar təqdim olunacaq.

Şəhərçikdə həmçinin Azərbaycanın şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər sərgilənəcək.

“Azərbaycan şəhərciyi” milli mətbəximizin nümayiş olunacağı köşklərdə  şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək. Burada həmçinin “Bakı-2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq imkanı yaradılacaq. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.

Sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları da konsert proqramları ilə çıxış edəcək. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək, kəndirbazların və pəhləvanların çıxışları olacaq. Qeyd edək ki, tədbirlər ərəfəsində Parisin küçələri Azərbaycana aid afişalarla bəzədilib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az