Paşa Talıblı: "Hanı, çiçək açmış ağac?"
Lələk...
Dilini bilmədim dil öyrənməyin...
... hələ dil bilməmək "döz" deməkdimi?
...durna lələk salır, nə deməkdi bu?
Durnanın dilində söz deməkdimi?
...Tanrı öyrətmədi dil öyrənməyi!
İndi anlamamaq dərdi olardı?
Fərqi yox, ya durna ya da durnaçı
istəsə, hamıda bir dil olardı!
...durna lələk salır nə deməkdi bu?
Yoxsa, göyə sancır hər nə sözünü...
...durnanın dilini bilmirəm, hayıf!
Lələknən yazıram "durna" sözünü!..
Əlac...
...ac oluram, ac oluram-
...əllərim ac, dodağım ac!
...qoxudan, səsdən tutamam —
heç birində yoxmu bir uc?
...dünya niyə belə məhzun?
Hanı, əlahəzrət ovsun?
Hanı, dəniz, mavi yosun,
hanı, çiçək açmış ağac?
Amma bu sorğular hədər...
Ötməzlər də bir gün ötər!
...yox yenə yalnızlıq qədər
bu yalnız halıma əlac.
...möhlət
Vaxt üstdən bilinmir vaxt necə keçir...
Bir əski gedişdi vaxtın gedişi.
...möhlətnən verilir ömür də, gün də!
Bir gün vaxt qurtarır, möhlət yetişir...
...üzü vaxta sarı ürəyim gedir!
Durub baxmaq olmur qıraqdan elə...
...bir işi vaxtında görə bilmirik —
möhlət istəyirik Allahdan elə!
...Ömürdü...birinin möhləti uzun,
ömürdü...birinin möhləti qısa.
...vədə tamam olur, möhlət yetişir!
Eh, dönüb olmuşuq vaxtını pusan...
...qırxıncı otaq da, xırman yeli də,
qiyamçı payızdan müti yazacan
möhlətdi...əlimdə qələm də mənim.
Mən öz möhlətimi özüm yazacam!
Birisi...
...onda daşdım —daş dövründən
onda yarpaqdan iriydim.
...onda birindən irəli,
onda beşindən geriydim.
...bilgiləri bilməmişdim,
dünyaya da gəlməmişdim!
...gəlib hələ ölməmişdim,
onda hamıdan diriydim.
.. gümanı, yeyi yazırdım,
dost əlnən xeyir yazırdım.
...deyirdilər, şer yazırdım-
şer yazanın biriydim.
...göz yaşı
...min ildi necə var, elə də durur,
min ildi gördüyüm yer üzü həmən.
...ağlaya - ağlaya gəldim dünyaya-
göz yaşı gətirdim yer üzünə mən.
...gözlərim təzədi, yaşı köhnədi!
...göz yaşı içində gözüm göynədi!
...görən göz yaşından şirin şey nədi?
...göz yaşı gətirdim yer üzünə mən.
...dünya yuvalıdı baş daşlarıynan,
dünya havalıdı daş - qaşlarıynan.
...doldurub gözümü göz yaşlarıynan
göz yaşı gətirdim yer üzünə mən.
*
...nə xoş şair olmaq, Tanrım!
...dəli rüzgarda gül olmaq,
eşq uyğulu bülbül olmaq
...və yanıb-yanıb kül olmaq.
...səs kimi sükutun altda,
can kimi umudun altda.
...bir bəyaz buludun altda
şair olmaq nə xoş, Tanrım!
.. dərd çıxa yaza —qaşında!
...bir dərd də basa başından.
.. hər gün masa başında
nə xoş şair olmaq, Tanrım!
...böyləmiş, halı, böyləmiş-
dərd oynatmış, qəm teyləmiş!
.. mən şairəm kim söyləmiş?
Şair olmaq nə xoş, Tanrım!
.. hər xoşluqdan fərqli, fərqli
nə xoş şair olmaq, Tanrım!
Paşa Talıblı
Rusiya,
Volqoqrad şəhəri