Paşinyan Putinə ZƏNG ETMƏKLƏ KİMƏ MESAJ VERİB?
"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Avstriya paytaxtında danışılanlar haqqında iki nəfəri telefonla məlumatlandırmağı lazım bilib. Paşinyan görüşdən sonra birinci Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyana zəng edib. Bunun səbəbi məlumdur. Paşinyan separatçıları rahatladır ki, narahatlığa əsas yoxdur, Vyanada onların istəyi əleyhinə heç nəyi müzakirə etməyib. Bəs Paşinyan ikinci zəngi Rusiyanın prezidenti Vladimir Putinə niyə edib?"
Bu barədə açıqlamanı politoloq Elxan Şahinoğlu bildirib.
"Birincisi, Paşinyan bununla göstərir ki, Qarabağ problemini separatçılarla yanaşı Rusiyanın icazəsi olmadan da həll etməyəcək. Yəni Paşinyan Putinə zəng etməklə Rusiyadan asılı olduğunu göstərir. Halbuki, Paşinyan hakimiyyətə gələndə Qərblə Rusiya arasında balans saxlamağa çalışırdı. Balans alınmadı. Paşinyan özündən əvəlkilər kimi Rusiyanın vassallığını seçdi.
İkincisi, Putin telefonda Paşinyana deyib ki, Rusiya bundan sonra da münaqişənin həlli prosesinə dəstək verməyə hazırdır. Bu cümləni belə də oxumaq olar: Danışıqlar prosesi Kremlin nəzarəti altında olmalıdır! Belə çıxır ki, Azərbaycan həm Ermənistan, həm də Ermənistan üzərindən Rusiya və separatçılarla da danışıqlar aparır. Paşinyan sadəcə vasitəçidir."-deyə Elxan Şahinoğlu bildirib.
Miq.Az