Penitensiar Xidmətin 142 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2015-ci ilin birinci
yarısı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə
keçirilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müşavirədə Penitensiar Xidmətin
rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin
Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə
müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.
Ədliyyə
nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə
general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, 03.02.2015-ci il
tarixdə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş
Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına həsr
olunan geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki,
penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir
penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və
nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə
nəzarətin artırılması üzrə tədbirlər gücləndirilib.
Penitensiar
Xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa
Hümbətov 2015-ci ilin ilk altı ayı ərzindəki fəaliyyət barədə hesabat
məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində
əməliyyat-axtarış tədbirləri nəticəsində 231 müxtəlif, o cümlədən bir
neçə il əvvəl törədilən və uzun müddət bağlı qalan bir sıra cinayətlərin
üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının
alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
mübarizəyə xüsusi diqqət yetirilib.
Müşavirədə cəzaçəkmə
müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki,
aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103
litr spirtli içki, 180 mobil telefon, 142 qram çəkidə müxtəlif narkotik
maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış
materiallar tədbir görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.
Eyni
zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan
qaldırılmasına yönələn konkret tədbirlər görülüb, 6 ay ərzində xidmətin
kobud qanun pozuntularına yol verən 142 əməkdaşı intizam məsuliyyətinə
cəlb olunub, 4 əməkdaş ədliyyə orqanlarından xaric edilib.
Müşavirəyə
yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi,
ədliyyə general-leytenantı Mədət Quliyev mövcud nöqsan və pozuntulara
toxunaraq, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir
xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və
səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi
tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Avropa.info