Prezident İlham Əliyev GENERALLARA vəzifə verəcəkmi?
Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb. Struktur dəyişikliklərindən sonra postunu itirən şəxslərdən biri də Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevdir.
General-leytenant Məhərrəm Əliyev hakimiyyətə ən sadiq adamlardan biri kimi hakim komandada həmişə rəğbətlə qarşılanıb. İllər öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyən və bu vəzifədən çıxarılaraq xarici dövlətlərin birində səfir kimi xidmət edən generalın yenidən Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəisfəsinə gətirilməsi o demək idi ki, ölkə rəhbərliyi heç də münsibətlərini birdəfəlik Əliyevlə kəsməyib.
Bu gün bəzi KİV-lərin Məhərrəm Əliyevin hansisa ölkələrin birinə səfir göndərilməsi xəbərinə gəldikdə isə, bu bir o qədər də inandırıcı görünmür. Əksinə, Azərbaycana xarici güclərin bu gün nə qədər təsir göstərməsi heç kimə sirr deyil.
Miq.Az oxuculara xatırladır ki, bir həftə əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verərkən bildirmişdi ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var.
Məhərrəm Əliyev kimi hakimiyyətə yaxın olmuş general-leytenantın hansısa xarici ölkəyə səfir göndərilməsi inandırıcı görünmür. Ola bilsin ki, onun bu yaxınlarda daha yüksək bir vəzfəyə təyinat alması ilə bağlı prezident sərəncamı ilə də tanış ola bilərik.
Polis general-leytenantı M.Əliyevin bir neçə il diplomatik fəaliyyətdən sonra bu vəzifəyə təyin olunduğunu nəzərə alıb deyə bilərik ki, sözügedən adamın yaxınlarda yenı təyinatını gözləməyə dəyər.
General-leytenant Vahid Əliyev niyə kənarda qaldı?
Dünən Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub, onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. Bundan sonra F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi vəzifəsini icra edəcək.
Məhərrəm Əliyevin birbaşa tabeçiliyində çalışdığı Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin də kənarda qalması çoxlarını təəccübləndirib.
Bəzi saytların yazdığına görə onun "vurulmasının” Ordudakı son proseslərlə bağlılığı var.
Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin "Casus işi”nin rolu olduğu versiyası inandırıcı görünmür.
Vahid Əliyevin yararsız kadr kimi İlham Əliyev tərəfindən "vurulması" da inandırıcı görünmür. Çünkı general-leytenant Vahid Əliyev ordu quruculuğunda xüsusi xidmətləri olan general kimi xarakterizə olunub. Səfər Əbiyev Müdafiə Naziri postundan uzaqlaşdırılandan sonra kadrların yerləşdirilməsində Vahid Əliyevin bir müddət akktivliyi hiss olunsa da, sonda fəaliyyətsizliyi də müşahidə olundu. Bunun nə ilə bağlı olduğunu isə şaiyələrə əsaslanıb demək mümkün deyil.
Miq.Az olaraq sonda qeyd etmək istəyirik ki, bütün sonluqlar, habelə kimin hara təyinat alması və kimin işdən çıxarılması cənab Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin səlahiyyətindədir. O ki qaldı yazılanlara, bunlar qeyri-rəsmi məlumatlar və versiyalardır...
Miq.Az