Professor İlham Rəhimova-Məcburən açıq məktub

 Professor İlham Rəhimova-Məcburən açıq məktub

Hüquq elmləri doktoru, professor İlham Rəhimov cənablarına
 
Hörmətli cənab Professor!

Sizə məni bu formada, yəni ictimaiyyətə istəyimi açıqlamaqla məktub yazmağa mətbuatla iş üzrə yetkiliniz Xanoğlan Əhmədov və köməkçiniz Azad Məsiyev vadar etdi. Mən onlara verdiyiniz səlahiyyətlərə görə əllərində girinc qalmışam. Sizinlə şəxsən görüşmək istəyimə hər ikisinin bir cavabı var: "Nə sözün varsa, bizə de”. Onların nə zənn etdiklərini deyə bilmərəm, amma ən azından mən onların nəinki ikisini bir yerdə mənsub olduqları şəcərə ilə, hətta doğulduqları rayonların ağsaqqalları ilə birgə mənim sözümü eşidib Sizə çatdıracaq qədər böyük, etimad yiyəsi saya bilmirəm. Çünki sözü sözün sahibinə deyərlər. Nəzərinizə çatdırım ki, bu mənim Sizə ikinci müraciətimdir. Gileyə və qeybətə yozmadan istəyirəm ki, məni dinləyəsiniz. Məni şəxsən dinləmək istəyində əlçim boyda da olsa haqqım var.  Belə ki, mən – Bəhruz Əfruzoğlu istər Sizin adınız mətbuatda gündəmə gələndə, istərsə də ailə içində ehtiyac olanda həmişə cəsur əsgər misalı yanınızda olmuşam. Mən hər zaman atanız Məmmədhəsən kişinin qulluğunda olmuşam. Özünəməxsus ədası olan Məmmədhəsən kişini - özü maşınımda qabaq, panaması isə arxa oturacaqda, - istədiyi yerə istədiyi vaxt, gündə üç dəfə də olsa, ruhu belə incimədən mənzil başına çatdırmışam. Yeri gəlmişkən deyim də ki, elə bir ağsaqqalla tanışlığımdan, dostluğumdan qürur duymuşam. Mənim Sizə olan sözümü Sizinlə görüşə bilmədiyim halda yalnız ona deyə bilərdim. Fəqət, bu iddiaya Azad Məsiyevlə Xanoğlan Əhmədov düşəndə, üşənirəm. Həm də ona görə ki, Sizə deyəcəyim sözün sanbalı, məsuliyyəti o qədər incə ki, onlar o sözü eşitdikləri yerdən otağınızacan çatdırmaq heyində və statusunda deyillər.

Yadınıza salmaq istərdim ki, seçkilərə qoşulduğunuz dönəmlərdə əlim çatan hər yerdə sizə dəstək olmuşam - ən populyar qəzet və saytlardan ta ən "Radikal” və radikal mətbu orqanlaracan. Əleyhinizə kampaniyalar aparılarkən "no-xoroşo” bilməyən "Monitor” jurnalına etirazımı da istəsəniz, yəqin ki, yadınıza sala bilərsiniz. Və bütün bunların fonunda onu da bildirmək istəyirəm ki, mən bilirəm Siz Sizə müraciət edənlərə qarşı çox həssassınız, amma mənə növbə çatanda hər bir azərbaycanlıya göstərdiyiniz o boyda doğmalığın içində niyə mən "ögey qrafası”na düşürəm, bax bunu anlamıram.
Bəri başdan bəyan edim ki, şəxsən görüşmək istəyimin arxasında tam səmimi bir niyyət durur. Bu görüş alındığı təqdirdə ən azından daha bir neçə azərbaycanlı Sizi özünün ən əziz adamı olaraq son nəfəsinəcən xatırlayacaq.

Bir kimsə bundan da daha artıq xoş niyyətlə Sizinlə görüşübmü?
Məni məhz bu xoş niyyətə görə qəbul edib dinləyəcəyinizə əminliklə məktubumu tamamlayıram və... bununla da hətta Azad Məsiyevlə Xanoğlan Əhmədovun istəklərini də yerinə yetirmiş oluram eyni zamanda – rəsmi sözümü Sizə çatdıracaqlar. Bilirəm ki, nəyi gizlətsələr də, mətbuatda haqqınızda gedən hər bir sözü Sizin nəzərinizə çatdırırlar!
 
Görüşmək ümidiylə
Bəhruz Əfruzoğlu


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az