Professorlar TQDK ilə razılaşmır

Professorlar TQDK ilə razılaşmır

Qeyd edək ki, IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın şagird müvəffəq qiymət alıb. XI sinif üzrə ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz, ingilis dili fənindən isə 93,5 faiz məzunun qiyməti yaxşı olub.

Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı məsələ ilə bağlı təhsil üzrə ekspertlərin fikirlərini öyrənib.

Professor Şahlar Əsgərov deyir ki, buraxılış imtahanlarının nəticələrinin neqativ fonda göstərilməsi doğru deyil: “Birincisi, həmin nəticələrdə göstərilən “2” və “3” qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. “3” alan şagirdlər kafi bilik səviyyəsinə malikdir və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də sagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Amma Bakı şəhərində tam orta təhsil səviyyəsini ana dili  fənni üzrə hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır. Uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır”.
Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilimir.

Professor Əsgərov deyir ki, bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır: “Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam yekunlaşmasını gözləməyi düzgün hesab edir. Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”.

Professor Əjdər Ağayev isə hesab edir ki,  TQDK-nın imtahanlarının ötən günkü nəticələrinə əsasən 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər. Belə ki, ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi “5” aldığı halda ingilis dili fənni üzrə 28,2 faiz məzun “əla” qiymət alıb. Ümumilkdə, ana dili fənni üzrə “2” alanların sayı ingilis dili üzrə “2” alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır.
Professorun fikrincə, belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanların çətinlik səviyyəsinin müxtəlif olmasıdır: “Subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik  səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. XI sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür. Bu halda buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az