Cari il dekabr ayının 3-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən Böyük Vətən Müharibəsi Mərkəzi muzeyində M.Liepa və Birləşmiş metallurgiya kompaniyasının təşkilatçılığı və MDB ölkələrinin İkinci Dünya Müharibəsi veteranlarının iştirakı ilə "Qaliblərin Balı” adlanan geniş tədbir keçirilmişdir.
Moskva uğrunda döyüşlərin 75 illik yubileyinə həsr olunmuş Qaliblərin sayca 11-ci "Balı”ında Azərbaycanı İkinci Dünya Müharibəsi veteranları Bəkir Məmmədov, Seyfulla Baxışov, Leninqrad mühasirəsi (blokada) iştirakçıları İrina Qədimova, Yekaterina Sadıxova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, baş mütəxəssisləri Nəbi Hacıyev və Azər İsmayılov təmsil etmişlər.
Qaliblərin 11-ci Balı İkinci Dünya Müharibəsinin gedişi və keçmiş SSRİ-nin bu müharibədə iştirakına həsr olunmuş geniş kompozisiyanın nümayişi ilə başlanmışdır. Alman faşizmi üzərində qələbəyə aparan yolun bütün mühüm mərhələlərinin, eləcə də arxa cəbhənin həmin qələbənin əldə olunmasında iştirakının əksini tapdığı kompozisiya müharibənin od-alovundan çıxmış, bu gün yaşı 100-ü haqlamaqda olan insanlar tərəfindən böyük maraqla qarşılanmışdır. Sonra Rusiya TV-lərinin canlı yayımladığı bayram tədbiri - "Qaliblərin Balı” başlanmışdır. Müharibənin canlı şahidləri, RF-nin rasmi dövlət və ictimai təşkilatlarının nümayəndələrinin çıxışlarının yer aldığı, rəsmi təbriklərin oxunduğu tədbirdə Rusiya və digər ölkələrin tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvərlik, o cümlədən, torpaq, ana, müharibə, qələbə haqqında mahnılar, şerlər səsləndirilmiş, rəqs nömrələri nümayiş etdirilmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri, veteranlar Bəkir Məmmədov və İrina Qədimova Rusiya TV-lərinə müsahibə vermişlər. Həmin müsahibələrdə ölkəmizin İkinci Dünya Müharibəsində yaxından iştirakı, azərbaycanlıların qəhrəmancasına vuruşaraq ən yüksək fəxri adlara, orden-medallara layiq görülmələrindən, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həyətlarını itirməsindən, Azərbaycan xalqının bəşəriyyətin dəhşətli bəladan xilası naminə arxa cəbhədəki fədakar əməyindən bəhs etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri digər ölkələrin nümayəndələri ilə tədbir çərçivəsində, eləcə də söhbətlərində Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edilməsi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərilməsi, Azərbaycan Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyi barədə danışmışlar.
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından Azərbaycanla, xüsusilə veteran təşkilatları arasında əlaqələrin ınkişafında yaxından iştiraklarına görə, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu press-mərkəzinin rəhbəri Krasovskaya Natalya Rudolfovnaya və RF Dövlət Dumasının deputatı D.İ.Cavelyevin köməkçisi, Parlamentlərarası dostluq qrupunun mədəni və elm-təhsil proqramları rəhbəri Qolubev Sergey Leonidoviçə RVT-nin yubiley medalları təqdim edilmişdir.