Qanla yazılmış yazı…İkram Rafiqoğlunun yeni layihəsi – Keçmişlə doğan bu gün

Qanla yazılmış yazı…İkram Rafiqoğlunun yeni layihəsi – Keçmişlə doğan bu gün

 
Hər bir şəxsin taleyini dəyişən və təyin edən keçmişi var. O keçmiş ki, ondan qaçmaq və ya onun şərtlərini dəyişmək olmur. Zamanında boyuna ölçülən öhdəlik bəzilərinin bu gün harda və necə olacağını təyin edir. Bu təyinata və ya tapşırıqlara xəyanət bağışlanmır.  Keçmişindən gələn öhdəliklərin qarşısında əgər DÖVLƏT varsa belə...  

Eldar Əzizovun öhdəliyi…
Və ya İcra başçısının keçmişi və bu günü
1-ci yazı

Bu gündən bir neçə saytda imzamla yeni layihə ilə öxucularımın marağını cəlb etməyə çalışacağam. Ümid edirəm ki, yazılarımda yer alan faktlar və bu layihə haqqında səmimi fikirlərinizi ifadə edəcəksiniz. Yazacağım yazılarda aidiyyatı qurumların da marağını cəlb edəcək kifayət qədər dəlilərin olduğunu diqqətlərinə çatdırmaqda maraqlı tərəf olacağam və inanıram ki, qeyd olunan faktlar araşdırılacaq və qanuni tədbirlər görüləcəkdir. 

Hər bir vətəndaşın cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq Dövləti qarşısında öhdəliyi var. Buna dövlətində vəzifələr tutan məmurlar da daxildir. Lakin həmin öhdəliyi yerinə-yetirmək əvəzinə şəxsi maraqlarını rəhbər tutaraq dövlətinə kəm baxanlar tutduqları məqamdan asılı olmayaraq bu vətənin nankor övladları olmaqla, əməllərinə görə dövlətin sərt üzünü görməli və qanunlarla cəzalarını almalıdırlar. Lakin bəzi vəzifə və ya səlahiyyət sahiblərinin bu dövlətin çörəyini yeyib ona xəyanət etmələri sadəcə cinayət deyil. O zaman DÖVLƏT belələrini övladlıqdan çıxartmalı və onlara layiq olduğu yeri göstərməlidir. Əgər DÖVLƏT istəsə...

Hər bir şəxsin taleyini dəyişən və təyin edən keçmişi var. O keçmiş ki, ondan qaçmaq və ya onun şərtlərini dəyişmək olmur. Zamanında boyuna ölçülən öhdəlik bəzilərinin bu gün harda və necə olacağını təyin edir. Bu təyinata və ya tapşırıqlara xəyanət bağışlanmır.  Keçmişindən gələn öhdəliklərin qarşısında əgər DÖVLƏT varsa belə... 
 
Qanla yazılmış yazı...

Uzun illər öncə bir hərbçi Naxçıvanın məsul vəzifəli şəxsi tərəfindən həbs olunur. Ona atılmış böhtan nəticəsində həbsxana həyatı yaşamalı olur. Həbsinin sifariş olmasına baxmayaraq bir çox işgəncələrə məruz qalan hərbçi bütün mərhumiyyətlərə, təzyiqlərə dözməli olur. Onun həbsini sifariş edən məsul şəxsdən qorxan hüquq –mühafizə orqanların rəhbərləri, ağalarına xoş gəlsin deyə daha ağır ittihamlar irəli sürürlər. Hadisədən 6 ay keçəndən sonra hərbçini Lənkəranda yerləşən həbsxanaya köçürürlər. Orda o baş verənləri Lənkəran qarnizonunun prokuroruna çatdırmaq üçün əlinin bir damarını kəsir və əlindən axan qanla həqiqətləri yazır. Həmin qanla yazılmış məktub çox keçmir ki, Qarnizon prokuroruna çatır və hərbçi azadlığa qovuşur.
Bu yazıya başlığı təsadüfən seçmədim. İnsanlarımızın hüquqlarına biganə qalan bəzi məmurlar həqiqətləri qan bahasına belə boğmağa cəhd edirlər. İllər öncə öz hüquqlarını bərpa etmək üçün qələm tapmayan şəxsin qanı ilə yazdığı məktubdan fərqli, indi icra başçıları əmr və sərəncamları kiminsə qanını batırmaqla  imzalayırlar. Onlar bu dövlətin rəhbərinin tapşırıqlarına hörmətsizlik və xəyanət edirlər. 

Eldar Əzizovun rəsmi keçmişi

DÖVLƏTƏ xəyanət edənlər sırasında bir ad diqqətimi daha çox cəlb edir. Illərdir bu ölkənin şəhər və rayonlarında icra başçısı işləyən birinin sıradan bir məmur olmadığını və bu vətənin torpağına, daşına vətəndaşlıq etmədiyini diqqətinizə çatdırmaq layihəmin ilk işıq üzü görən yazısının məqsədidir. Hazırda Bakı şəhər, Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əziz oğlu Əzizovun keçmişinə və bu gün olan kimliyinə - əsl kimliyinə diqqət edək. İlk öncə rəsmi sənədlərdə bu şəxsin keçdiyi həyat yolu:   

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır.
 
2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, iki övladı var.

Eldar Əzizovun gerçək üzü

Eldar Əzizovu şəxsən tanımıram. Yəni bu şəxslə görüşməmiş və onunla üz-üzə gəlib söhbət belə etməmişəm. Amma, 2003-cü ildə Gəncə şəhər İcra hakimiyyətinin başçısı təyin olunan vaxt mən eyni adlı məkanda "Reallıq” qəzetinin baş redaktoru və "Hürriyyət” qəzetinin xüsusi əməkdaşı kimi fəaliyyət göstərirdim. Həmin təyinatdan qısa müddət keçəndən sonra Eldar Əzizovun Gəncədə qanunsuz tikinti adı ilə obyektləri sökmək qərarı verməsi diqqətimi cəlb etmişdi. Elə bir qərar verilmişdi ki, Gəncədə bir gecədə üç böyük obyekt  (baxmayaraq ki, sənədləri qaydasında idi) söküldü. İcra başçısının yaxınları Gəncədə elə bir fikir formalaşdırmışdılar ki, güya Eldar Əzizov şəhəri gözəlləşdirmək üçün bu addımı atıb və şəhərdə sökülən obyektlərin yerinə vətəndaşların istirahəti üçün parklar tikiləcək. Təbii ki, mən bu kimi fikirlərin gerçək məqsədlərdən uzaq olduğunu yaxşı bilirdim. Bir müddət keçəndən sonra Eldar Əzizovun qəbulunda şəhərin bütün iri və xırda sahibkarlarının növbə gözlədiyinin şahidi oldum. Bununla icra başçısı məqsədinə çatmışdı. Bütün obyekt sahiblərindən və sahibkarlardan tələb etdiyi rüşvəti alandan sonra Eldar Əzizov növbəti gedişini etdi. Belə ki, yanğına həssas olan alkopan materialından hazırlanmış və özü tərəfindən satılan üzlüklərin satışını təşkil etmək üçün bütün obyekt sahibləri onun qəbuluna çağrıldı. Sahibkarların etirazına baxmayaraq Eldar Əzizov tələbindən geri çəkilmədi. Hətta imkan olmayan obyekt sahiblərinə özünə yaxın bankdan kredit götürməsinə şərait yaratdı, obyektlərini girov qoymaqla həmin pulları rüşvət kimi qəbul etdi. Bu qərardan sonra Gəncənin bütün mağaza və digər obyektlərinin üzlükləri dəyişdirildi və Eldar Əzizovun kürəkəninin satışını təşkil etdiyi alkopan materialı ilə üzlüklər vuruldu. 

Məhkəmədə məğlub olan şərəf

Bütün bu məsələlər, vətəndaşların haqsız yerə qanunsuz tələblərlə üz-üzə qoyulmasına göz yummadım. "Reallıq” qəzetində eləcədə digər mətbu orqanlarda Eldar Əzizovun özbaşınalığından, vəzifə səlahiyyətlərini aşaraq dövlətin qanunlarına sayğısızlığından, rüşvətxor əməllərindən geniş və silsilə yazılar dərc etdim. Həmin yazılardan sonra Eldar Əzizovun tapşırığı ilə Gəncənin polis idarəsinin rəisi Qərib Həsənov ( "Allah rəhmət eləsin” deməyə dilim gəlmir.İ.R) mənim həbsimə qərar verdilər. Maraqlıdır ki, mən Gəncədə 4 polis əməkdaşını döyməkdə ittiham olundum. Lakin onların bu həbs qərarı cəmi 4 gün çəkdi. Xatırladım ki, həbs olunduğum dövrdə mənəvi sarsıntılar keçirməyim üçün bir sıra qanunsuz qaydalara və işgəncələrə əl atmışdılar. Tək adamlıq kameraya su buraxaraq məni su icində günlərimi keçirməyimi istəyənlər və məni təzyiqlərlə üz-üzə qoyanlar yanlış yolu seçdiklərini düşünmürdülər. Bu əməllər mənim nifrətimin artması ilə yanaşı mövqeyimdə daha möhkəm dayanmağıma xidmət edirdi. Bir dəfə polis rəisi Qərib Həsənovun yanıma gələcəyini və mənimlə söhbət etmək istədiyini söylədilər. Mən nifrətimi boğa bilməyib polis rəisinin ünvanına təhqiramiz ifadələr işlətdim. Dediklərim rəisin qulağına çatdığı üçün görüş təxirə salındı və daha sonra qismət olmadı.
Apelyasiya şikayətimdən sonra məhkəmənin qərarı ilə azad olundum. Həmin üzümə duran və mənə böhtan atan 4 polis əməkdaşının Eldar Əzizov üçün nə qədər əhəmiyyət daşıdıqlarını bilmədim. Amma əmin idim ki, onlar Eldar Əzizovun şərəfini təmsil edirdilər və o şərəfi məhkəmə salonlarında qoruya bilmədilər.

4 günlük həbsdən sonra baş verən üzləşmə

Bu həbsdən sonra Eldar Əzizovun fəaliyyəti ilə bağlı geniş araşdırmalar apardım. Həmin araşdırmalarım zamanı məlum oldu ki, Eldar Əziz oğlu Əzizov "Sadval” terror qruplaşmasının öndə gedən simalarından biridir. Hətta bu şəxsin Gəncədə tədbirlər zamanı dəvət etdiyi müsiqi qruplarının da "Sadval” təşkilatının nümayəndələri olduğu üzə çıxmışdı. Əzizovun Mudafiə nazirliyinin baş qərargah rəisi Nəciməddin Sadıkovla yaxın dostluq münasibətləri də təsadüfi deyildi. Gəncədə tez-tez "Sadval”çıların görünməsi və yüksək səviyyədə qarşılanması icra başçısının üzv olduğu təşkilatına sadiqliyindən irəli gəlirdi. Əslində gəncəlilərə nifrətini gizlətməyən Eldar Əzizovun şəhərin tarixinə qara hərflərlə yazdığı illəri sadə vətəndaşlarla yanaşı tarix də unutmaz. Dövlətinə nifrətini açıq ifadə etdiyi zaman belə bu şəxsdən Gəncədə böyük narazı kütlə formalaşmışdı. Onun icra başçısı olduğu illərdə Gəncədə müxtəlif dövlət qurumlarına çoxsaylı şikayətlər göndərilirdi. Lakin bu şəxsin "dostları” sayəsində həmin şikayətlər lazımı orqanlara çatdırılmır və vətəndaşlar aylarla məktublarına cavab gözləyirdilər...
      
Ardı var

İkram Rafiqoğlu


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az