“Qarabağı itirə bilərsiz” -Kremldən İrəvana mesaj, medalın başqa üzü
Sərkisyan cəbhə bölgəsindəki gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər.
Bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Ekspert bildirib ki, cəbhədə vəziyyətin yenidən gərginləşməsi Aprel hadisələrinin təkrarlanması ehtimalını artırır:
"Məntiqlə Ermənistan müharibədə maraqlı olmamalıdır. Erməni gənclərin Dağlıq Qarabağda öldürülməsi həm demoqrafik vəziyyəti ağırlaşdırır, həm də cəmiyyətin hakimiyyətə qarşı etirazını gücləndirir. Erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geri çəkilə bilərlər. Bu dəfə müharibənin uzanma ehtimalı da yüksəkdir. Buna baxmayaraq, Sərkisyan cəbhədəki gərginliyi süni surətdə artırmaqda maraqlı görünür. Ermənistanda iqtisadi və sosial vəziyyət ağırlaşır, yeni baş nazir Karen Karapetyanın imkanları məhduddur. İslahatlar isə nəticə vermir. Çünki bunun üçün resurslar yoxdur, əksinə, ölkənin borcları getdikcə artır və bu borclar üzrə faizlər ödənməlidir. Digər tərəfdən, Karapetyanın Sərkisyana yaxın fiqurları hökumətdən uzaqlaşdırması prezidentin xoşuna gəlmir”.
Politoloqun sözlərinə görə, Sərkisyan cəbhədə süni gərginlik yaratmaqla, yeni müharibənin başlamayacağına Rusiyaya görə arxayındır:
"Sərkisyan bir tərəfdən Rusiyanın təyin etdiyi baş nazirlə gizli mübarizə aparmalı, digər tərəfdən parlament seçkisi öncəsi hakimiyyəti itirməmək yolları haqqında düşünməlidir. Ona görə də belə vəziyyətdə o, cəbhədə gərginliyi bir qədər artırmaqla erməni cəmiyyətini Azərbaycanın simasında "ümumi düşmən” ətrafında birləşdirmək istəyir. Sərkisyan arxayındır ki, cəbhədə süni gərginlik yaratmaqla müharibə başlamayacaq, çünki Rusiya yenidən işə qarışaraq genişmiqyaslı müharibəyə imkan verməyəcək. Toqquşmaların qısa müddətdə baş verməsi halında isə Sərkisyan təmas xəttində itirdiyi yüksəklikləri geri qaytarmağa çalışacaq. Bu, yenidən Sərkisyanın reytinqinin yüksəlməsinə xidmət edər. Ancaq medalın başqa üzü də var”.
Siyasi şərhçi budəfəki müharibənin daha çox çəkə biləcəyi qənaətindədir:
"Rusiya hərbi toqquşmaları durdurmaq üçün yenidən diplomatik müdaxilə etsə belə, Azərbaycan cəmiyyətin prosesi məntiqi sonluğa çatdırmasının təsiri altında olacaq. Ermənistan ordusu təmas xəttində atəşkəsi pozmadığı günlərdə də təzyiq altındadır. Çünki Ermənistanın ordu rəhbərliyi Azərbaycan ordusunun strateji yüksəkliklərdən hücuma keçə biləcəyindən daima ehtiyat edir. Təsadüfi deyil ki, yeni müdafiə naziri Vigen Sərkisyan noyabrın 1-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Onun birinci məqsədi odur ki, atəşkəsi Ermənistan deyil, guya Azərbaycan pozduğunu desin. İkincisi, İrəvan Kaspşik vasitəsilə rəsmi Bakının nəbzini yoxlamaq, bu yolla da həmin görüşdə veriləcək mesajları özü üçün aydınlaşdırmaq istəyir”.
Politoloq onu da qeyd edib ki, əvvəlki tək status-kvonu uzatmaq getdikcə İrəvan üçün çətinləşir:
"Ermənistan hakimiyyəti üzərində böyük dövlətlərin təzyiqini hiss etməsə belə, Azərbaycanın silahlanmasından, Bakının dostları ilə hərbi ittifaqlarını gücləndirməsindən, hətta Azərbaycan hakimiyyətinin Rusiyanı öz tərəfinə çəkə biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin "Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Qərb institutları Ermənistanda fəaliyyətlərini dayandırmasalar və yerli QHT-lərin Qərbdən maliyyələşmələrinin qarşısı alınmasa, İrəvan Dağlıq Qarabağı itirə bilər.
Əslində, bu sözlər rəsmi İrəvana ultimatumdur və Ermənistan hakimiyyəti bunu Kremlin mesajı kimi də qəbul edə bilər. Əlbəttə, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək istəmir, ancaq Moskva münaqişənin varlığından Ermənistan hakimiyyətini daima qorxu altında saxlamaq üçün istifadə edir. Yəni Kreml İrəvana nümayəndələri vasitəsilə demək istəyir ki, mənim bütün əmrlərimi yerinə yetirməsən, Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm”.
E.Şahinoğlu bildirib ki, Ermənistan Azərbaycanla üz-üzə qalacağı təqdirdə Dağlıq Qarabağ üzərindəki nəzarətin itirilə biləcəyindən də qorxur:
"Məhz buna görədir ki, son günlər Ermənistanda siyasətçilər və ekspertlər arasında "Dağlıq Qarabağın "müstəqil dövlət kimi” qalması yaxşıdır, yoxsa Ermənistana biləşdirilməsi” mövzusu ətrafında geniş diskussiya gedir. Yəni Ermənistanda ən azı anlayırlar ki, Dağlıq Qarabağın "müstəqil dövlət” kimi varlığı uzun çəkməyə bilər”.
Miq.az