Qarabağı qaytaracaq ERMƏNİ RƏHBƏR

Qarabağı qaytaracaq ERMƏNİ RƏHBƏR

Münaqişənin müharibəsiz həlli üçün yeni imkan

Ermənistan baş naziri Karen Karapetyan 2018-ci ilin noyabr ayında, yəni Ermənistanda parlament üsul-idarəsinə keçdikdən sonra da ölkəyə rəhbərlik etmək niyyətini açıqlayıb.

 Avstriya İctimai Radiosuna müsahibə verən Karapetyanın dediklərində Qarabağ məsələsi ilə bağlı da maraqlı məqamlar var. Türkiyə və Azərbaycanla münasibətlərdən danışan Karen Karapetyan vurğulayıb ki, "ölkənin qonşu dövlətlərlə problemi olmasa, daha yaxşıdır”.

"Bu o demək deyil ki, əgər şərtlər yerinə yetirilmirsə, biz oturub dənizdə havanın düzəlməsini gözləməliyik… Biz konstruktiv danışıqlara hazırıq”, - deyə Karapetyan  vurğulayıb.

Düzdür, Karen Karapetyan da bütün erməni siyasətçilər kimi bu zaman Ermənistanın maraqlarını qoruyacaqlarını vurğulayıb: "Biz məntiqli şərtlərlə sülh istəyirik. Bu yolda konstruktiv olmağa hazırıq. Bu, nə qədər tez baş verəcək, indidən proqnozlaşdıra bilmərəm. Çünki yalnız bizdən asılı məsələ deyil”.

Azərbaycanlı politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Karen Karapetyanla Qarabağ məsələsində konstruktiv dialoq qurmağı mümkün sayır:

"Karen Karapetyan da, elə müdafiə naziri Viqen Sarkisyan da Azərbaycan və Türkiyə ilə konstruktiv dialoqa gedə bilərlər. Çünki Azərbaycanla bağlı heç bir cinayətləri yoxdur. Karen Karapetyan Rusiyada yetişmiş biznesmendir. "Qazprom”da işləyib, yəqin ki, Azərbaycanın biznes dairələri ilə də yəqin əlaqələri var. İndi hakimiyyətdə olan Serj Sarkisyanla bağlı bunu demək olmur. Koçaryan da, Sarkisyan da öz siyasətlərini türk düşmənçiliyi üstündə qurublar, azərbaycanlılara qarşı hərbi cinayətlərdə iştirak ediblər, rayonlarımızın işğalı, həmçinin 1 milyona yaxın azərbaycanlının qaçqın düşməsinin əsas günahkarları onlardır. Yəni, onlar Azərbaycanla və Türkiyə ilə barışığa getsələr, əhali sual verə bilər ki, barışığı gedəcəkdinizsə, bu, tökülən qanlar nə idi? Yəni, istəsələr də barışa bilməzlər”.

Lakin Tofiq Abbasovun fikrincə, Karen Karapetyanın parlament idarəçiliyində Ermənistanın baş naziri seçilməsi asan olmayacaq: "Serj Sarkisyan Britaniya mətbuatına müsahibəsində Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib. Nə qədər ki, o, Ermənistanda rəsmi dövlət vəzifəsi tutur, Azərbaycan ona qarşı beynəlxalq səviyyədə cinayət işi qaldıra bilmir. Amma diplomatik statusunu itirsə, Azərbaycan  həmin müsahibədən istifadə edərək, onu beynəlxalq məhkəməyə verə bilər. Buna görə, o, hər vasitədən istifadə edərək baş nazir seçilməyə çalışacaq”.

Tofiq Abbasov bu məsələdə son qərarın verilməsinin bir neçə tərəfdən asılı olacağını bildirib: "İlk öncə, yeni baş nazir Rusiyanı qane edən adam olmalıdır. Ermənistanın özündə isə üç tərəf - rəsmi hakimiyyət, kilsə və diaspor razılığa gəlməlidir. Xüsusilə, Amerikadakı erməni diasporunun Ermənistan hakimiyyəti üzərində təsiri böyükdür. Buna görə, 2018-ci ildə nə baş verəcəyini indidən demək çətindir”.

Əslində, Azərbaycan Ermənistanın hansısa konstruktiv addım atacağına heç bir ümid bəsləməməlidir. Rəsmi Bakı istənilən halda, torpaqların müharibə yolu ilə geri qaytarılması variantını əsas həll yolu kimi diqqət altında saxlamalıdır. Münaqişənin müharibə yolu ilə həllinə imkan yaranan kimi Azərbaycan ordusu bir dəqiqə belə gecikməməlidir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az