“Qəlbimin sevgi açarını qoymuşam banka, müddətsiz..."

“Qəlbimin sevgi açarını qoymuşam banka, müddətsiz..."

Naibə Allahverdiyeva: “Məhəbbət də bəzi insanlar kimi qəddarlaşıb”

 Biz onu televiziya ekranlarında oynadığı rolda səsləndirdiyi “Tomka maçi”, “Atanşik” sözləri ilə tanıdıq. Naibə Allahverdiyeva tanınmaqla bərabər, həm də tamaşaçıların sevimli aktirisasına çevrilməyi bacardı. Vətəninfo.az-ın budəfəki qonağı Naibə Allahverdiyevadır.

- Naibə Allahverdiyeva bu gün Azərbaycanın teatr səhnələrində qoyulan tamaşalardan razıdırmı?

- Deyərdim ki, torpağımız istedadlar yurdudur. Gözəl aktyorlar yetişdirir. Amma nədənsə rejissorlar baxımından qıtlıq var. Bu da teatrlarımızda qoyulan tamaşalarda öz əksini göstərir. Amma bu o demək deyil ki, teatrlarımızda qoyulan tamaşaların hamısı pisdi. Son illər də keyfiyyətli tamaşaların sayı artır. Bu da tamaşaçıların teatra üz tutması üçün mühüm amildi.

- Niyə bizdə rejissor qıtlığıdı və sizcə bunun bir səbəbi varmı?

- Yəqin ki, vaxtilə görkəmli rejissorlarımız özlərindən sonra kadrlar yetişdirməyiblər.

- Naibə Allahverdiyeva bu gün nələrlə məşğuldu?Oynadığınız bir əsər varmı?

- Xeyr, hələ ki heç bir tamaşada oynamıram. Bilirsiniz də bizim sənət əsl sənətdi. Mən də boş otura bilmirəm və mahnı yazdırıram, el şənliklərinə gedirəm. Bu mənə həm maddi cəhətdən, həm də mənəvi cəhətdən kömək edir. Məni sevən insanların gözəl sözlərini eşidirəm.

- Bu gün televiziyalarda müxtəlif seriallar çəkilir və bu serialların heç birində sizi görmürük. Bunun bir səbəbi varmı?

- Elə ona görə də seriallara baxan yoxdu. Çünki mən yoxam ( gülür).

- Dediniz mahnı yazdırırsınız və toylarda, el şənliklərində oxuyursunuz. Demək olarmı ki, Naibə Allahverdiyeva da müğənniliyə üz tutub?

- Bəs neynəməliyəm? Mən aktrisayam, bozbaş bişirən deyiləm. Müğənnilik sənəti bizim sənətlə bağlıdır. Deyilənə görə, şirin səsim var. Hər kəs bəyənir. Mən universal aktrisayam. Bizim sənətin dili ilə desək, mən də “qurdumu” belə öldürürəm. Başqa ölkələrdə məşhur, sevilən aktrisalardan lazımınca istifadə edirlər, onlar üçün ssenarilər yazılır, tamaşalar qoyulur. Bizdə isə əksinə, səni ruhən öldürməyə, unutdurmağa çalışırlar. Əvvəllər də belə olub. O qədər istedadlı aktrisaları, loru dildə desək, dəli eləyiblər. Amma məni heç kəs sındıra bilməz. Mənə Tanrı hərtərəfli istedad verib. Burdan boğullar, o tərəfdən peyda oluram (gülür).

- Bu gün bəziləri toy qiymətlərini elə şişirdib təqdim edirlər ki, bu qiymətləri görəndə dəhşətə gəlirsən. Naibə xanım toylarda oxuyub “qurdunu” öldürərək nə qədər qazanır?

- Bu sirdi. Allah bərəkət versin.

- Şəxsi həyatınızda necə, işlər yolundadırmı?


-Nə mənada?

- Hər mənada, sevgi, məhəbbət...


- Of, mənim qəlbimin qapıları sevgi üzünə bağlıdır.

- Niyə bağlamısınız qəlbinizdəki məhəbbət baxçasına gedən qapıları? Yəni o qapıları açmağa cürət edən biriləri yoxdurmu?


- Məni ilgiləndirən qızımın təhsilidi. 11-ci sinifdə oxuyur. Bu il sənədlərini ali məktəbə verəcək. Çox həyəcanlıyam. Çünki onu böyüdənəcən çox əziyyətlər çəkmişəm. Gələcəkdə onu ali savadlı, vətənə faydalı bir səxs kimi görmək istəyirəm. Allah bütün anaların arzusuna çatdırsın mənimlə bahəm. Onda mən özümü xoşbəxt hiss edəcəm. Onu da deyim qızım çox vətənpərvər bir qızdı. O ki qaldı sevgiyə, məhəbbətə, məhəbbət mənə ancaq acılar yaşadıb. Ona görə o qapıları bağlamışam, açarı isə qoymuşam banka, müddətsiz. Məhəbbət də bəzi insanlar kimi qəddarlaşıb.

- Naibə Allahverdiyeva deyiləndə "Tomka maçı" yada düşür. Siz özünüz sənətdə Naibə Allahverdiyevanı hansı obrazla yada salırsınız?


- Düzdür, bu rol məni sevdirib. Amma bir aktrisa kimi Nicat Kazımovun quruluşunda Haqverdiyevin “Pəri Çadu” tamaşasıında Şamama Cadu, Tamara Vəliyevanın “Ağ göyərçin” əsərində Ana obrazları mənim yaradıcılığımda xüsusi yer tutur. O tamaşaya baxan insanlar mənim bir aktrisa kimi hansı gücə malik olduğumu söyləyiblər.

- Son olaraq qızınızla aranız necədi? Tələbkar, ciddi ana-qız münasibətləri, yoxsa qızı ilə rəfiqə-dost bir ana?


- Bilirsiniz, texnikanın belə inkişaf etdiyi dövrdə tək başına uşaq böyütmək çox çətindi. Mən sadaladığınız bütün yollara əl atıram ki, qızım istədiyim kimi böyüsün. Bəlkə də öz şəxsi həyatımı yenidən qurmamağımın səbəblərindən biri də budur. Mənim evim bir qalaya bənzəyir. Çalışıram onu çox şeydən uzaq tutum. Bilirsiz də, bəzən tanınmış adamlara zərbə vurmaq üçün onların övladlarından istifadə edirlər.

- Qızınız da bu fədakarlığınızı dəyərləndirirmi?


- O hələ uşaqdı. Həyatın bərkinə-boşuna düşməyib. Mən ona çətinliklər yaşatmamışam, atasızlığı ona hiss etdirməmişəm, özüm paltarsız qalmışam, amma ona təhsili üçün ən bahalı müəllimlər tutmuşam ki, təki o xoşbəxt olsun. O bunu dəyərləndirsə də, dəyərləndirməsə də.

İnci



Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az