"Qərb hər an "rəngli inqilab" ssenarisini gündəmə gətirə bilərdi, ona görə də..."
Cəmisi bir ay əvvəl CHP iddia edirdi ki, Ərdoğan iqtidarı 2019-cu ildə deyil, seçkiləri 1 il önə çəkmək istəyir. Onda AKP az qala and içirdi ki, seçimlər tam vaxtında olacaq və buna görə hətta CHP-ni təhqir də edirdilər. İndi AKP - nin müttəfiqi olan MHP lideri Dövlət Baxçalı prezident və parlament seçkiləri üçün 28 avqustu təklif elədi, Ərdoğansa bu gün 24 iyunda seçkilərin olacağını rəsmən bəyan etdi.
Nə baş verir Türkiyədə? Seçimlərin 1 il önə çəkilməsinin arxasında dayanan məna, niyyət, məqsəd, yaxud ehtiyat tədbiri nədir?
Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında seçkilərin bir il qabağa çəkilməsinin səbəblərinə aydınlıq gətirməyə çalışıb:
"Siyasətdə yalnız dəlilər və ölülər öz fikirlərini dəyişəmirlər. Seçkilərin gələn il keçiriləcəyi qanunla müəyyən olunmuşdu. Türkiyə Cümhuriyyətinin Ana Yasasına görə prezident seçkiləri qabağa çəkə bilər. R.T.Ərdoğan da bundan yararlandı. CHP-nin bu təklifi dilə gətirməsi məncə gizli razılaşmanın məhsuludur. Hal-hazırda görüntü üçün müxalifət statusunda K.Qılıcdaroğlu çıxış edir. Ərdoğan bir güllə ilə iki dovşan vurur: həm seşkilərin vaxtının qabağa çəkilməsi fikrini vaxtından əvvəl cəmiyyətə çatdırmaqla, onları seçki prosesinə hazırlayır, həm də CHP-ni müxalifət partiyası kimi Qərbə və cəmiyyətə təqdim edir. Seçkinin bir il qabağa çəkilməsi isə həm Türkiyə daxilində gedən siyasi proseslərlə, həm də Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır. R,Ərdoğan bu qərarı ABŞ, Fransa və İngiltərənin Suriyanı bombalamasından sonra elan etdi. O gördü ki, Rusiya hələ də öz hərbi susqunluğunu qoruyur, bu isə bölgədə hər an hərbi qarşıdurmanın ola biləcəyinə işarədir. Bu məsələnin yaxın iki ay ərzində baş vermə ehtimalı az olduğu üçün iyun ayının 24-ü seçildi. İkincisi, Türkiyə daxilində çox ciddi qarşıdurma formalaşdırılır. Ölkənin qarışması Qərbin maraqlarına uyğundur. Hər an "rəngli inqilab" ssenarisi gündəmə gətirilə bilər. Üçüncüsü, Suriyalı qaçqınlarla yerli əhali arasında məişət münaqişələri tədricən siyasiləşməyə başlayır, bu isə AKP-ni çox narahat edir. Nəzərə alsaq ki, fövqəladə vəziyyət hələ də davam edir, onda çox məsələlər aydınlaşır. 2016-cə ilin iyul hadsələri göstərdi ki, Suriyalı qaçqınlar AKP-nin "vüran əli"dir. Eyni zamanda mədəniyyət səviyyələrindəki fərq getdikcə daha çox özünü göstərir ki, bu da qaçqınlarla yerli əhali arasında münasibətləti getdikcə daha da kəskinləşdirir. Əgər seçki gələn il keşirilsəydi, AKP hər iki seçkidə çox ciddi problemlərlə üzləşə bilərdi. Dördüncüsü, hal-hazırda R.T.Ərdoğanın reytinqi eniş mərhələsinə qədəm qoyduğuna görə, indiki mövqeyindən yararlanmaq istəyir, çünki bir ildən sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir".
Miq.Az