Qəzet redaktorları rüşvət almaq üçün fahişlərdən istifadə edir

Qəzet redaktorları rüşvət almaq üçün fahişlərdən istifadə edir

Rüşvətdən jurnalistlərə verilən zəkat

Rüşvətdən jurnalistlərə verilən zəkat

İki il əvvəl tanışlardan maraqlı söhbət eşitmişdim. Rayon məktəblərinin birinin direktorunun yanına gələn, özünü “Vikinq harayı” qəzetinin müxbiri kimi təqdim edən şəxs xanım direktordan 3000 manat pul tələb edir. Xanım direktor isə nə münasibətlə pul verməli olduğunu soruşur. Gənc və perspektivli jurnalist direktorun külli miqdarda rüşvət aldığını, yetim-yesir jurnalistlərə də rüşvətin zəkatını verməyə borclu olduğunu deyir. Direktor qaydalara əməl etməyib zəkatdan imtina edir. “Zərbəçi jurnalist” onun fotosunu montaj edib, başını lüt müğənni bədəni ilə birləşdirərək şantaj edəcəyi ilə qorxudur. Direktorumuz çoxdan yaşlandığını, onun soyunmağının heç kimə maraqlı olmadığını, buna camaatın inanmayacağını əsas gətirir. Söhbət isə şok yekunla bitir. Gənc “jurnalist” deyir ki, yaşlı və tanınmış direktor el-aləmi inandırana qədər ki, “vallah, şəkildəki mən deyiləm” artıq biabır olacaq, camaatı inandırmaq isə alınmaya da bilər. Cavabın möhtəşəmliyindən qorxan rayon məktəbinin direktor xanımı 15 dəqiqənin içində 3000 manatı tapıb “jurnalist”ə verir.

Jurnalistika fakültəsində öyrənmədiklərimiz

Jurnalistikanın universitetlərdə, jurnalistika fakultəsində öyrədilməyən, məşhur “sahəsi” var. Reket jurnalistikası elə bir professionallaşmış sahədir ki, orada baş çıxarmaq üçün yazı istedadı tələb olunmur. Bu sahəyə illərini vermiş, yaxşı pullar yığıb gününü keçirənlər də var, fəaliyyətini qapalı rejimli həbsxanalarda davam etdirənlər də. Təxminən 5-6 ilə yaxındır ki, MİS rəisləri, mağaza müdirləri, baxça və məktəb direktorlarının reket jurnalist problemi səngiyib.

Reket jurnalistin yem yeri – Xoflu məmur

Aldığı rüşvətin, törətdiyi qanunsuzluqların xofundan çıxa bilməyən, qorxaq vəzifəlilər reket jurnalistlərin kassasına çevrilmişdi. İndi isə durum bir az dəyişib. Müəssisə rəhbərləri hədə-qorxu ilə üstlərinə gələn reket jurnalisti tələyə salır, imkan tapıb polisə zəng edə bilir.

Məmurların, vəzifəli şəxslərin gözləri açıldıqda, gözü çıxmış qardaşından qorxan reket jurnalistlərin də üsulları inkişaf edir. Anonim məktublar, intim video ilə şantaj dövrü geri qayıdır. Bu dəfə daha effektli və kreativ formada. Reket qəzetlərin, saytların redaktorları özlərinə kadr yetişdirir. Kadrların seçimi isə maraqlı qayda ilə həyata keçirilir. Fahişəlik xidməti göstərən məkanlardan tatuajı olmayan, ciddi görkəmə salınmağa uyğun fahişə qızlar seçilir. Həmin qızlara redaktorlar tərəfindən “kurs” keçilir.“Kurs”-da qızlara özlərini jurnalist kimi aparmaq öyrədilir. 1-2 həftənin içində jurnalistə çevrilən fahişə qızlar, hazır yazılarla müəssisə rəhbərlərinin qəbuluna gedir. Yazı isə, müəssisə rəhbərinin rüşvətxorluğu, yeyintiləri haqqında olur. Müəssisə rəhbərinin qəbulu zamanı “jurnalist” xanım əvvəlki peşəsindən istifadə edir. Kabinetdəcə seks təklif edir. Onunla birgə gələn digər “jurnalist” isə “prosesi” lentə köçürür. Beləliklə, müəssisə rəhbəri ömürlük kassa aparatına çevrilir. İntim görüntülər olan foto və video şantaj materialı kimi uzun müddət istifadə olunur.

Formalardan biri isə, bir neçə saatlıq jurnalistə çevrilmiş fahişənin müsahibə və ya hər hansı bir mövzu ilə bağlı müraciət etdiyi müəssisə rəhbərini şərləməsidir. Belə ki, “jurnalist” xanım müəssisəyə daxil olub müdirin otağına keçir. Əlində müdir haqqında “tutarlı fakt” olduğunu deyir. Qarşılığında isə yazının tutarlılığı və həcmi civarında məbləğ tələb edir. Pul tələbi yerinə yetirilməyən fahişə-jurnalist, qışqır-bağıra başlayır. Bir göz qırpımındaca əyin-başını cırır. Şantaj etdiyi şəxsin onu zorlamaq istədiyini deyir. Çıxılmaz vəziyyətə düşən məmur, onu sakitləşdirməyə çalışıb tələb etdiyi məbləği verir. Məsələ bununla yekunlaşmır. Bir həftə sonra fahişə-jurnalist rəhbərliyə təkrar zəng edib deyir ki, ofisdə baş vermiş hadisələrin hamısını kamera lentə alıb. Beləliklə, “alış-veriş” uzandıqca uzanır.

Jurnalist vəsiqəsi əvəzinə Dubaya bilet

Reket jurnalistikasının “çiçəyi burnunda” üsullarından biri də, jurnalist etmək adı ilə gənc qızların şəxsiyyət vəsiqələrinin toplanmasıdır. Şəxsiyyət vəsiqələrini özünü qəzet redaktoru kimi təqdim edən qadın toplayır. Sonra isə qızların bəziləri kreditə zamin durmağa sövq edilir, bəziləri isə gedər-gəlməzə, Dubaya yola salınır. İşə girəcəyi, jurnalist olacağı ümidi ilə, insan ovuna çıxanlara sənədlərini verən gənc qızların həyatı beləcə puç olur.

 Saytlar da reket jurnalistikasına qoşulur. Xəbər qaynağından bol olan bir neçə sayt var ki, məmurların özəl həyatı, övladları və gəlirləri haqda informasiyaları (özləri ehtiyat etdiyi üçün), yeni yaradılan saytlara ötürür. Onlar da öz növbəsində, hədəfdəki məmurla danışıqlar təşkil edir. Danışıqlarda təbii ki, diktofon və ya səs yazan müxtəlif vasitələrdən istifadə edilir. Razılığa gəlmək istəməyən məmur, daha sonra  “razborkanın” səs yazısı ilə şantaj edilir. Ən maraqlısı isə, xəbər ötürən və “işi” təşkil edən saytların arasındakı “bazarlıq”dır. “Əməliyyat”ın ən ağır və təhlükəli hissəsini öz üzərinə götürən şantajçı sayt rəhbərliyinə cüzi məbləğ düşür. Xəbər “satışından” əldə olunan vəsaitin həcmindən asılı olmayaraq, şantajı həyata keçirənlərə cəmi 200 manat “zəkat” verilir...
P.S Fahişəlikdən normal həyata reinteqrasiya olmaq alqışlanan haldır. Fahişəliyi jurnalistikaya deportasiyanın sonu isə, bağlı qapılara doğru irəliləməkdir.

Publika.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az